Adam öldürmək istəmirəm, heç sən də istəmirsən, bilirəm. Amma bir hadisəyə sərbəst münasibət bildirdiyinə görə döyə-döyə öldürülən o gəncin ölümündə, heç şübhəsiz, mən də günahkaram, elə sən də.
***
Bakıda Avropa oyunları keçirilən günlərdi. İdman ustalarımız medal dalınca medal qazanır. Hər dəfə bayrağımız ucalanda, himnimiz səslənəndə o gözəl qələbə hissini sevə-sevə yaşayırıq. Uğurumuza dünya da şahidlik edir deyə qalibiyyətin dadı birə beş artır. Qürur, iftixar, fərəh o qədərdi ki, sevincindən qanadlanıb uçmaq istəyirsən. Millətin düşünən qismi küll halında eyforiyadadı, obıvateli isə başqa məsələ maraqlandırır - kim nə qədər pul qazanacaq. İdmançıların mükafatlandırılması barədə prezident sərəncamı dərc olunan qəzet parçasını səliqəylə büküb saxlayan bir idman müəllimini şəxsən görmüşəm. İdman bayramının sonuna kimi adam hər idmançının, hər məşqçinin nə qədər pul alacağını hesablayıb cədvəlfason bir şey də düzəltmişdi. Oyunlardan sonra da yeri düşdü, düşmədi həmin cədvəli ətrafındakılara göstərib moizə oxumağı sanki iş-peşə eləmişdi özünə.
***
Bizdən əvvəlki nəslin oğlanları kosmonavt olmaq istəyirdilər. Sovet dövrünün təbliğatı beləydi. Xam xəyallar üzərində qurulan bir dövlət kosmonavtikadakı uğurlu eksperimentlərinə görə özünü dünya birincisi kimi təqdim edirdi. Kosmonavt - yəni yeni dünyalar kəşf edən birisi. Bir işin pioneri olmaq, təbii ki, maraqlıydı. Amma tək maraqmı? Həm şöhrət, həm də ümumun sevgisi, ad-san, başqalarından fərqlənmək, seçilmək istəyi. Səbəblər sırasının adı çəkilməyən bir alt qatı da vardı ki, bu da yüzə-yüz maddi imkan, var-dövlət, sərvət həvəsindən ibarət idi. Bu haqda, sözsüz ki, danışmazdılar, amma işin əsli həm də bu idi.
***
Bizim vaxtımızda prioritetlər dəyişdi. Hamı hüquqşünas, polis olmaq istədi. Kimlərsə övladının asan yolla çox pul qazanmasını arzuladı. Hüquq fakültəsinə verilən rüşvətin məbləği qalxdı kəllə-çarxa. Rüşvət verənlər də, təbii, elə rüşvətxorlar, haram pul qazananlar idi. Maaşa baxan adamda artıq pul nə gəzirdi ki, rüşvət də versin. Rüşvətxor ata bir başqasına rüşvət verirdi ki, oğlu da özü kimi rüşvət almaq səlahiyyəti qazansın. İndi belə şey yoxdu. Bu gün yenə prioritetlər dəyişib və hamı övladını idmançı görmək istəyir. Kitab oxuma, elm öyrənmə, idman elə, əzələni gücləndir. Güc olan yerdə ağıla ehtiyac olmaz.
***
Sofoklun “Çar Edip”i var, eradan əvvəl yazılan faciələrdən biridir. Edip kompleksi haqqında hər birimiz xəbərdarıq, bu heç. Bu, faciənin əsas qayəsi sayılmaz. “Çar Edip” tale və azadlıq haqqındadı. Nəticəyə görə, azad insan o kəs deyil ki, hər istədiyini eləyə bilsin. Azad insan o kəsdi ki, hətta bilmədən, istəmədən, tam xəbərsiz halda etdiyi əmələ görə belə məsuliyyət daşıdığını dərk etmiş olsun. Edip atasını öldürür - amma bilmir ki, atasıdı. Edip anasıyla evlənir - bunu da bilmədən edir. Uzun illər sonra sirrin üstü açılır. Ağıllı və zəkalı qəhrəman Edipə deyirlər ki, bəs ey dili-qafil, o vaxt öldürdüyün adam atan imiş, uzun illər bir yastığa baş qoyduğun qadın isə səni doğan anan imiş, xəbərin olmayıb. Edip özü özünü cəzalandırır - öz gözünü çıxarır Edip. Böyük bir qəhrəman kor kimi şəhəri tərk edib səfil sərgərdana çevrilir.
***
Mən mərhum Rasim İsmayılov kimi öldürülmək istəmirəm. Mən istəmirəm ki, taleyim qoluzorlu insanlardan asılı olsun. Bunu sən də istəmirsən, əziz oxucum, bilirəm. Ona görə deyirəm - hər kəs özünü, öz ətrafını tərbiyəyə, təhsilə, zəkaya, biliyə çağırsın. Övladınızı idmançı görmək istəyirsiniz, olsun, amma kitaba sevgini də aşılayın, təhsil, tərbiyə səviyyəsinə diqqət edin, adam kimi bir adam böyüdün, başı dolu olsun, qolu zorlu yox. Əzələ gücünün təqdir olunduğu zamanlardan bizi axı minilliklər ayırır. Beyin qırışlarımızı artıraq. Ki, qatil olmaq şansımız olmasın. Heç olmasın. Heç.