24 Avqust 2015 12:42
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Qurana and olsun, elə bir dövri-zəmanədə yaşayırıq ki, yeni heç bir şeyə rast gəlmək mümkün deyil. Hər şey köhnələrə istinaddı, hər şey başqa bir biçimdə əvvəlkinin təkrarıdı. Sevgilər təkrar, ayrılıqlar təkrar, iş yerləri təkrar, universitetlər təkrar, kitablar təkrar... Ən xırda məişət məsələlərindən tutmuş incəsənətə qədər təkrar, təkrar, təkrar... Elə bil dünyanının sonudu, düşünməyə bir şey qalmayıb, elə bil insanlar kəşflərini, ixtiralarını tamamlayıb yorulub, oturub dünyanın dağılmağını gözləyir.

İnsanlar öz taleyini deyil, eşitdikləri, oxuduqları və gördükləri taleyi yaşayırlar deyə getdikləri yolu da özləri cızırlar. Artıq alın yazısı da təkrar. Bu, daha çox nadan adamlara xasdı, təbii. Məsələn, nə qədər qadın tanıyıram, özünü serial qəhrəmanlarına bənzətməyə çalışır. Ən çox da, türklərin hər gün çəkdiyi mənasız və məzmunsuz, təkrar sevgi seriallarına.

Yadıma gəlir, bir ara Braziliya seriallarının baş alıb getdiyi vaxt belə şeylərə az-az rast gəlmək olurdu. Mənə elə gəlir, nə qədər baxılırdısa da, bir çox səhnələrinə görə ordakı qızlara bənzəmək arzusu heç kimin ağlının ucundan belə keçmirdi. Amma indi vəziyyət başqadı. Özü də bambaşqa. Türklərdi də, özümüzünküdü deyib girişirlər işə. Serial təkrar, veriliş təkrar, layihələr təkrar... Uşaq düşür hardansa əzilir, ananın vecinə deyil, qazanda yemək yanır, arvadın vecinə deyil, qadın işdən yorğun gələn kişini qarşılamaq istəmir, filmlərdəki kişini daha çox sevir nəinki, ərini. Bu da təkrar.

Hələ bunun sonrakı təsiri var. Bu kimi məsələlər nadan beynin şüur altına təsir edir və başlayır deyingənlik, şikayət, dava, söz-söhbət, ayrılıq... Ay bala, sən İstanbul qızı deyilsən, seriala baxıb özün üçün arzular, xəyallar qurmaqla həyat yaşamaq mümkün deyil. Dur, dur, ərinə çörək ver, yemək bişir, qab-qaşığı yu... Toydan sonra bir aylıq xaricə bal ayına getmək istəyirsən? Baxdığın serialda baş roldakı qızın bacısının telefonundan niyə səndə yoxdu? Dəhşətdi. Belə mənasız arzumu olar?

Yadıma düşmüşkən, bir ayrılıq səhnəsi gözlərimin önündən getmir. Deməli, bir gəlin tanıyıram. Bu kimi vecsiz məsələlərə görə ərindən ayrılmaq üzrəydi. Təkərli bir çantası var. Baldızı deyir, otağına girdim ki, paltarları asılqan qarışıq basıb çantaya. Stollara bir təpik, ev-eşiyi qatıb bir-birinə. Axırda qapının ağzından süzüldü yerə, başlayıb ağlamağa. Lap durub gedənə yaxın qışqıra-qışqıra termonun qabağındakı əşyaları qoluyla sıyırıb töküb yerə. Qab-qacaqları sındırdı, evin hər yeri şüşə olmubmuş. Sözüm onda deyil, məsələ gəlinin evdən çıxıb getmə səbəbindədi. Niyə ərim dar şalvar geyinməyi qadağan eləyib? Özü də hamiləymiş, qarnındakına deyirmiş ki, dədən ölsün, yetim böyüdüm səni. Bütün bu problemlərin səbəbi təkcə seriallar deyil, təbii. Avamlıqdı, savadsızlıqdı. Və bütün bunlar inkişafın, mədəniyyətin, tərəqqinin qarşısını kobudluqla alır. Nəticədə cəmiyyətimizdə yelbeyin analar yetişir, nadan qadınlar çoxalır. Daş sənin başına, ərin deyir, dar şalvar geyinmə, geyinmə də... Ərin ki demir, kitab oxuma, ay səviyyəsiz!

Bütün problemlərin kökü elə məişətdən başlayır. Evdən, ailədən. Yazıçı üçün də, rəssam üçün də, alim üçün də, tələbə üçün də, uşaq üçün də... Adət-ənənələrlə köhnəliyi, cahilliyi qarışdırmaq çox ağır məsələdi və pis də nəticələri olur. Mədəniyyəti məhv edir. Hər şeydə ruh olmalıdı, evdə, ailədə, işdə... Ruh olmasa, olmur. Yəni bir yolunu tapıb xoşbəxt olmaq, rahat yaşamaq mümkündü. Hətta hər şey təkrar olsa belə. Sevgilər təkrar, ayrılıqlar təkrar, iş yerləri təkrar, universitetlər təkrar, kitablar təkrar...


Müəllif: Kəramət Böyükçöl