20 Oktyabr 2015 11:50
3 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir mömin babayam, Quran görməmiş... (Səməd Vurğun)

Bioqrafiyaları heç vaxt tam yazıb qurtarmaq olmur. Onda da böyük şəxsiyyətlərin bioqrafiyası ola...
Yaxınlarda Səməd Vurğunla bağlı maraqlı fakta rast gəldim. Bildiyim qədəriylə, həmin fakt şairin tərcümeyi-halında qeyd edilməyib. Hər halda, mən bu haqda nə oxumuşam, nə eşitmişəm. Deyilənə görə, şairin adını Şamaxıda Şeyx Əyyub Baba kimi tanınmış nüfuzlu bir təriqət şeyxinin nəslindən olan Hacı Həmidpaşa Baba (Hacı Şıx kimi də tanınıb) qoyub.

Şamaxıdan təxminən 25 kilometr cənubda, Acıdərədə türbəsi olan Şeyx Əyyub 18-ci əsrdə yaşayıb. Bəziləri onun 1730-cu ildə, bəziləri daha bəridə, 1740-ci illərin ortalarında anadan olduğunu söyləyirlər. Vəfat tarixi də dəqiq deyil, doğulduğu əsrin sonunda və ya 19-cu əsrin əvvəllərində dünyadan köçdüyü bildirilir. Təriqət qurduğu, nüfuzlu bir təsəvvüf şeyxi olduğu, bölgənin mənəvi-dini həyatına ciddi təsir göstərdiyi isə dəqiqdi, danılmazdı.

Məlum olduğu kimi, təsəvvüfdə iki yolla şeyx mərtəbəsinə yüksəlirlər - nüfuzlu sufi ustada mürid olmaqla, bir də dünyadan köçmüş vəlilərlə, övliyalarla yuxuda və ya öz daxili halında rabitəyə girmək hesabına. Sonuncu yolun piri Veysəl Qaranıdi. “Üveysi” sözü də “Veysəl”dən törəmədi.

Şeyx Əyyub üveysi şeyxdi. Babadağda yatan övliyadan ilhamlanıb.

Səməd Vurğuna ad verən təriqət şeyxi Hacı Həmidpaşa Şeyx Eyyubun nəticəsidi. Bu silsilə ona qədər ata-oğul xəttiylə belə gəlir: Şeyx Əyyub, Şeyx Məhəmməd, Şeyx Əhmədpaşa və Hacı Həmidpaşa.
Paşa Yaqubun “Şıx Eyyub Baba” kitabında Həmidpaşa Babayla Səməd Vurğunun atası Yusif ağa Vəkilovun yaxın dost olduğu bildirilir.

1906-cı ildə Hacı Həmidpaşa Qazaxa qonaq gedəndə Yusif ağa üç gün əvvəl oğlunun dünyaya gəldiyini söyləyir: “1906-cı ilin martında övliya Qazaxa qonaq gedəndə dostu Yusif deyir yaxşı gəlmisən, üç gündür oğlum olub, arzulayırdım ki, gəlib adını sən qoyasan. Hacı deyir, üç ay bundan qabaq mənim oğlum olmuşdu, adını Səmid qoydum, bu uşağın da adını Səməd qoyuram”.

Hacı Həmidpaşanı Qazaxa bir neçə amil bağlaya bilər. Birincisi, həmin dövrdə Qazax bölgəsində sufi praktikası, daha doğrusu, nəqşibəndilik geniş yayılmışdı. Təriqətin tanınmış siması Hacı Mahmud Əfəndi (1835-1891) və onun müridləriylə Şeyx Eyyub ocağından çıxmış bir hacının, şeyxin tanış olma ehtimalı ciddiyə alınmalıdı.

Qazaxa gedib-gələn şeyxinsə Yusif ağayla dostlaşması da tamam təbii hesab olunmalıdı.
İkincisi, o dövrdə ermənilərin həm Bakı-Şirvan, həm də Qazax bölgəsində müsəlman türklərə qarşı hücumları da bu münasibətlərə bünövrə qoya bilər. Həm Hacı Mahmud Əfəndinin müridlərinin, həm də Əyyubi şeyxlərinin ermənilərə qarşı mübarizə apardığı bildirilir.

Nəhayət, Vəkilovlar nəslinin sufi ocaqlarına məhrəm münasibəti də sirr deyil. Nəslə yaxın şəxslərin sözlərinə görə, Vəkilovlardan nəqşibəndi təriqətinə qızğın meyl göstərənlər olub.

Səməd Vurğunun da mənsub olduğu Vəkilovlar (Vəkiloğulları) böyük nəsildi. Nəslin qolları tarixən İrəvanda, Borçalıda, Naxçıvanda və Qazaxda məskunlaşıb. Bu ocaqdan xeyli tanınmış şəxs çıxıb.
Bu qeydlərlə bağlı Səməd Vurğunun şeirlərinə yenidən göz gəzdirdim.

Azərbaycanın müxtəlif bölgələrinə şeirlər həsr eləyib. “Yenə səni gördüm Dilcan dərəsi...” deyə dibsiz bir ah çəkib. “Vüsalın hər kəsə səadət, Şuşa” yazıb. Canım sizə desin, “Şəki” adlı bir şeirini gördüm... Şamaxı, Şirvan adları çıxmadı. Səməd Vurğunun 50-ci illərdə Şamaxının Göylər kəndinə (bizim kəndə) qonaq gəldiyinisə mərhum professor Nurqələm Nuriyevdən özüm eşitmişəm.

...Onun hətta kommunist şeirlərindən də dərviş xirqəsinin ətri gəlirdi.


Müəllif: Qurban Yaquboğlu