Sevimli sənətkarımızın hüquq təhsili söhbətini nəzərdə tuturam. Kim ki inanmır, inanın, çox böyük səhv eləyir. Hələ mən korifey ifaçıya söz atanları, him-cim edib xısın-xısın eyham vuranları demirəm.
Belələrindən danışmağa da dəyməz. Heç siz də danışmayın. İnanmağımıza əsas varmı - soruşacaqsınız. Mən danışım, siz agah olun.
***
Bir-iki ilin sözüdü. Türkiyədəki məşhur dövlət universitetlərinin birindəyəm. Bir dostumuzu gözləyirik. Universitetin kampusu o qədər gözəl ki, adam heç binalara daxil olmaq istəmir. Bir ayrıca tikili də var ki, bizi mütləq cəlb edir - kitabxana. Bura tələbə üçün mühüm məkandı - evi-eşiyidi, isti bucağıdı, rahatlıq tapdığı, gününü keçirdiyi yerdi. İçəridəki hər şey kurallara tam uyğun - tam səssiz və tam sükunətdə. Bir kitab götürüb vərəqləyirəm. Bu zaman kiminsə telefonuna zəng gəlir. Durmadan, ara vermədən.
Narahat-narahat boylanan tək elə mənəm deyəsən. Telefonun sahibi - 70 yaşlarında bir kişi. Çantasını açınca, gözlüyünü dəyişincə, aram-aram telefonu axtarınca, gözünə yaxınlaşdırıb yazısını oxuyunca, nəhayət, düyməni basıb zəngə cavab verincə xeyli keçir, ara verməyən zəng hamını dəng etsə də, hər kəsin reaksiyası sıfırın altında. Sonradan öyrənirəm ki, bu qoca müsafir-filan deyil, başqa tələbələr kimi universitetdə təhsil alan biridi. Demə gənclik illərində - bir 50 il qabaq adam bu ali məktəbdə oxuyurmuş. Özündən kiçik qardaşları da təhsil alsın deyə atasız oğlan gecələr işləyir, o üzdən dərslərini çatdıra bilmir, bir kəsir, üç kəsir, beş kəsir - adamı universitetdən qovurlar, oxumaq arzusu daşa dəyir. İki il əvvəlsə Türkiyədə ali məktəblərə qəbul məsələsinə baxan qurum qərar verir ki, konkret illər ərzində universitetdən qovulan insanlara imtahansız-filansız geri dönüb təhsillərini davam etdirmək icazəsi verilsin. Qoca bu məsələdən xəbər tutan kimi dərhal geri dönməyə qərar verir. Zatən pensiyadadı, uşaqları yerbəyer, özününsə işi yox, gücü yox. Vaxt keçirməyə yer axtarır. Gənclik arzusunu niyə davam etdirməsin ki? Gəlir və oxuyur. Həyatına məna qatır. Dedilər - qoca çox intizamlı bir tələbə, dərslərə həvəslə qatılır, bütün günü oxuyub hazırlşır, bircə problemi var ki, mobil telefonun səsini almağı bacarmır. Nəvəsi yaşında həmkarları üçün yaratdığı yeganə narahatlıq bax bu. Hərçənd gənclər buna da alışıblar. Bu yaşlı adamın elm sevgisi qarşısında xırda nüanslara fikir verən kim?
***
“Biz qocaların halı fənadı... Bizi incidən o yetim payı pensiyamızın cüzi məbləği də deyil. Bizim bir dərdimiz var - biz böyük keçmişimizi tərk edib çox kiçik bugünümüzə sığınmaq məcburiyyətində qalmış insanlarıq. İndi bizi nə muzeylərə dəvət edirlər, nə məktəblərə. Biz artıq heç kəsə lazım deyilik. Biz artıq yoxuq, amma ... amma hələ də varıq, hələ də sağ-salamat yaşayırıq. Zamanımızı ötüb keçmişik, amma ölməmişik”. Bir neçə nəfərin adından yazılan bu məktubu konkret imzalayan da var - ikinci dünya müharibəsinin iştirakçısı Svetlana Alekseyeviç. Bu, sovet dönəmində daim üzdə-gözdə olan, tədbirlərə hörmətlə dəvət olunan, alqışlarla yola salınan, şöhrətin dadını bilən və günün birində - alışdığı vərdişlər təkrarlanmayınca gərəksizliyini hiss edən medallı-ordenli müharibə veteranlarının faciəsi. Şöhrətə alışıqlıq da bir şey deyil. Bugün var, sabahsa yox olunca zəif insanların həyatını məhv edən bir nəsnə - şan-şöhrət. Var olunca ona alışmamaq lazım. Sonda Svetlana Alekseyeviç kimi başını itirməmək üçün.
***
Novosibirsk universitetinə gedən yaşlılarınsa dərdi şan-şörət deyil. Əslində qoca deyil onlar - yaşları 60+ olar, xəbər alan olanda da “biz xoşbəxtlik yaşındayıq” deyirlər. Novosibirsk dövlət texniki universitetində yaradılan xalq fakültəsində oxuyanlar məhz pensiyaçılardı. 2002-ci ildə açılan fakültədə tədris olunan ilk fənn gerontologiyadır - insanın qocalmasının bioloji, sosial və psixoloji cəhətlərini öyrənən bir elm. Gerontologiya ilə tanış olanlar tezislə yanaşı antitezisi də öyrənir, yəni qocalmaqla mübarizə aparmağın elmi yollarını da mənimsəyirlər. Xalq fakültəsində psixologiya, pensiya təminatı, ekologiya, kompüter bilgiləri, mənzil-kommunal təsərrüfatındakı islahatlar kimi fənnlər də tədris olunur. Qoca tələbələrə bağçılıq, sağlam həyat tərzi, hüququn əsasları da tədris olunur. Dərs bölgüsü adi təhsil ocaqlarındakı kimidir - mühazirə, seminar, imtahanlar və tətillər. Bircə fərq var ki, burada tədris pulsuzdu. Məqsəd yaşlı insanlara bilgi və məşğuliyyət verməklə yanaşı həm də onları xoşbəxt etməkdi, mümkün qədər xoşbəxt etmək..
***
Bax, belə. Xalq artisti İlhamə Quliyeva deyəndə ki oxuyur, heç təəccüblənib eləməyin. Yalan söyləməyəcək axı. Həm də ki, dünyada belə bir praktika var. Ərz elədim, konkret agah oldunuz. Və nəhayət, rusun yaşlı vətəndaşı o universitetdə oxuyursa, bizim sənətkarımız niyə oxumasın?