27 Oktyabr 2015 17:40
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüsalə Hüseynli

Rəsmi Vaşinqtonun “insan hüquqları” nəğməsi...

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bir qrup rusiyalı jurnalistlə görüşündə Qərb ölkələrinin Azərbaycana təzyiqindən danışıb. Məclis sədri bildirib ki, Rusiya yeganə ölkədir ki, Azərbaycan onunla dövlət sərhədlərinin delimitasiya prosesini tamamilə başa çatdırıb. O.Əsədov onu da vurğulayıb ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qalır:

“Azərbaycan öz siyasətini müstəqil şəkildə yürütmək niyyətindədir. Bizə qarşı təzyiqin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bizim Prezident müstəqil siyasət aparmaq istəyir. Bu isə çoxlarının xoşuna gəlmir və bizə qarşı hücumların mahiyyəti də məhz bundan ibarətdir”.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığa dair 200-dən artıq saziş imzalanıb və iki ölkə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, uğurla hərbi əməkdaşlığı inkişaf etdirir.

Spiker onu da bildirib ki, bu gün Azərbaycanda 300-dən çox məktəb rus dilində tədris aparır və rus dili bütün ali təhsil müəssisələrdə keçirilir. Yüksək iqtisadi münasibətlərdən də söz açan Milli Məclisin sədri Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard ABŞ dolları təşkil etdiyini və Azərbaycanda 300-ü Rusiya kapitalına malik olan 500 şirkətin fəaliyyət göstərdiyini də söyləyib.

Beləliklə, ABŞ-ın rəsmi Bakıya qarşı yerli-yersiz iradlarının səbəbləri nəhayət ki, ölkə rəsmisi tərəfindən dilə gətirildi.

Bununla da, “xor kopellası”nın başında dayanaraq dirijor çubuğunu o tərəf-bu tərəfə yelləyən rəsmi Vaşinqtonun Azərbaycana qarşı iradlarının, “insan hüquqları pozulur” deməsinin əsl səbəbi bəlli oldu. Bu ölkənin dərdinin heç də demokratiya deyil, Rusiya olduğu anlaşıldı.

Bu yerdə sual yaranır ki, Birləşmiş Ştatlar, bizdən nə istəyirsiniz, bizimlə nəyi bölüşə bilmirsiniz? Azərbaycana edilən yerli-yersiz iradların, təzyiqlərin arxasında nə dayanır?

Kim nə deyir desin, ancaq siz heç kimi inandıra bilməzsiniz ki, bu iradların arxasında demokratiya havası, Azərbaycan insanının halına yanmaq dayanır. Əgər rəsmi Vaşinqton bəşər övladının halına yanmış olsaydı, o zaman nə Küveyt, nə İraq, nə Əfqanıstan, nə Suriyada baş verənlərin heç biri olmazdı. Nəhayət, “İŞİD şou”sunu, ümumiyyətlə, dünyanın başına bəla halqası kimi dolamazdılar. Deməli, rəsmi Vaşinqtonun dərdi heç də demokratik dəyərlər və insanların dərdini çəkmək deyil.

O zaman nədir? Doğrudur, Amerika dərdlərinin nə olduğunu dolayısı ilə ucundan bir az da olsa, zaman-zaman dilə gətirib. Buna cavab olaraq Azərbaycan da dolayısı ilə ABŞ-a onu heç kimlə səhv salmamaq barədə az da olsa, anladıb. Ancaq görünən budur ki, rəsmi Vaşinqton Bakının anlatdığını ya anlamır, ya da anlamaq istəmir.

Bu zaman yaranan suallardan biri də Amerikanın nəyi anlamaqdan imtina etməsidir. Dünyada gedən proseslərə nəzər salsaq, bunun da cavabını tapmaq çətin deyil. Əlbəttə, yaxşı olardı ki, ABŞ apardığı özünəməxsus siyasi oyunun konturları barədə birbaşa açıqlama verəydi. Ancaq rəsmi Vaşinqton bu oyunun detallarını bağlı saxladığından, baş verən proseslərin fonunda ABŞ-ın istəyini araşdırmağa çalışacağıq.

Parlamentin sədri Oqtay Əsədovun açıqlaması prosesin bir tərəfini tam şəkildə açmış oldu. Yəni, ABŞ-ın rəsmi Bakıya təzyiqinin, iradının, bəyanatının adına nə deyirsək deyək, arxasında ABŞ-Rusiya münasibəıtlərində Azərbaycanın heç kimin yox, öz yanında dayanması faktı yer alır.

Daha dəqiq qeyd etsək, rəsmi Vaşinqnton özünün “xor kopellası”nın üzvləri kimi Azərbaycanın da Rusiyaya qarşı sanksiya tətbiq edəcəyini gözləyirdi. Ancaq bu gözlənti baş tutmadı və reallaşması da inandırıcı deyildi.

Çünki digər dövlətlər kimi Rusiya ilə də Azərbaycanı tarixi köklər birləşdirir. O ikinici məsələdir ki, bu tarixə baxış zamanı biz yaxşı və ya pis hadisələri xatırlayırıq. Əsas odur ki, ABŞ-ın Rusiya ilə bir-birlərinə güc göstərmə səhnəsində rəsmi Bakı kimsənin yanında yer almaq niyyətində deyildi və belə də oldu. Amerika anlamalı idi ki, Azərbaycan Rusiya ilə münasibətlərini tarıma çəkərək heç bir halda düşmən ola bilməz və belə bir niyyəti də yox idi.

Rəsmi Vaşinqtonun isə Azərbaycanın bu addımına reaksiyası özünü çox gözlətmədi. Əslində, ABŞ Azərbaycanın hansı addımlarına görə, rəsmi Bakiya qəzəb nümayiş etdirməsi maraqlıdır. Çünki rəsmi Vaşinqtondan fərqli olaraq Azərbaycan Rusiyaya dollarlar deyil, ərzaq məhsulları ixrac edir. Hansı ki, ABŞ qondarma respublikaların çoxuna bu addımı ərzaq yox, pul ekvivalenti şəklində reallaşdırır. Həm də təmənnasız.

Deməli, bu məsələdə Amerika rəsmi Bakıya irad tuta bilməz. O zaman “azadlıq carçısı”nın bizə iradı nəyə soykənir? Amerikanın Azərbaycana um-küs etməsinin yeri varmı? Təbii ki, yox.

ABŞ-ın boş vədlərinə inanaraq, Rusiyanı qarşısına alan Gürcüstanın, Ukraynanın vəziyyətinin necə olduğunu hamımız bilirik. Amerika bunları fitnə-fəsadla doldursa da, məsələnin pik həddində rəsmi Vaşinqton meydanda görünmədi. Arada əzilən də, döyülən də ölkə vətəndaşları oldu.

Elə çox uzağa getməyək. İranla Birləşmiş Ştatların arasında uzun müddətdən bəri davam edən soyuq münasibətlərə nəzər salaq. Rəsmi Vaşinqton özünə yaxın olanların demək olar ki, əksəriyyətini rəsmi Tehranla üz-göz etdi . O zaman da ABŞ rəsmi Bakıya İranla bağlı təzyiqlərə başlamışdı. Çünki Azərbaycan Vaşinqtona öz ərazisindən rəsmi Tehrana qarşı istifadə etməyə icazə verməmişdi. Necə ki, İranın da Azərbaycanın ABŞ-la münasibətlərini dayandırması təklifinə rəsmi Bakı özünəməxsus sərt cavab vermişdi.

İndi də Moskva ilə münasibətlərdə Amerika eyni tərzli siyasət nümayiş etdirir. Bu siyasətin əvəzsiz şüarı isə illər ötsə də, dəyişilməz qalır “insan hüquqları pozulur”....

Ancaq Amerika bir nüansı unudur ki, Azərbaycan istər İranla olan məsələdə, istər Rusiya ilə olan münasibətlərdə sabit qalır və balanslı siyasətini yürüdür.

Bu gün Azərbaycan aralarında uzun müddətdir münaqişə olan İsrailin də, Fələstinin də hüquqlarına hörmətlə yanaşır. Eyni zamanda ABŞ-ın gündəmə gətirdiyi Ukrayna problemində rəsmi Kiyevin ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib.

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara isə ona görə dəstək vermir ki, ABŞ Krıma göstərdiyi həssaslığı Dağlıq Qarabağa qarşı nümayiş etdirmir. Əgər rəsmi Vaşinqton ölkələr, onların problemləri arasında fərq qoyursa, biz niyə, kiminsə sifarişi ilə başqa birisinə qarşı müharibə elan etməliyik?

Bu gün ABŞ Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuzluqları bilə-bilə qondarma respublikaya maliyyə yardımı göstərməkdə davam edir. Qondarma quruma dəstək verənlərin o vaxt dədə-baba yurdlarından məcburi qovulan insanların hüquqlarını qorumaq ağıllarının ucundan belə keçmir. Ancaq Xədicə İsmayılı, Leyla Yunusu qorumaq heç yadlarından çıxmır. Demək, ABŞ Azərbaycandan heç də demokratik dəyərlərə riayət etməyi deyil, məhz özünün istədiklərini reallaşdırmağı tələb edir. Konkret desək, istədiyi nədirsə ona ad qoymağı bacarır və tələb edir. Əgər Azərbaycan bunu verməkdən imtina edirsə, o zaman Dövlət Departamenti bəyanatı bəyanat arxasınca düzür.

Qısacası, Azərbaycan bu gün həm Rusiya, həm də ABŞ-la dostluq, əməkdaşlıq münasibətlərini davam etdirir. Hər bir ölkənin suverenliyinə hörmətlə yanaşır və bu hörməti də özünə qarşı tələb edir. Bu tələb hamıya qarşı olduğu kimi, rəsmi Vaşinqtona da aiddir. Sən mənə necə yanaşırsansa, mən də sənə o cür dəyər verirəm.

Rəsmi Bakı bu gün antiterror koalisiyasında, Əfqanıstanda iştirak edən sülh məramlılarda da ABŞ-ın yanındadır və yüksək səviyyədə əməkdaşlıq edir. ABŞ isə bunun əvəzində özünə lazım olan vaxtlarda 1-2 dəfə buna bənzər addım nümayış etdirib. Deməli, hələ ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına daha çox töhfəni rəsmi Bakı verib, nəinki Vaşinqton. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq da“.


Müəllif: Vüsalə Hüseynli