Vüsalə Hüseynli
İctimai nəqliyyatdan mütəmadi istidafə edən bir şəxs kimi deyə bilərəm ki, birinci Avropa Oyunları zamanı paytaxta gətirilən avtobuslara görə razı qalan paytaxt sakinlərindən biri də mən oldum. Çoxdandır ki, ictimai nəqliyyatdan istifadə edənlər sürücü əyləci işə salan zaman dəmirlərin bir-birinə uzun müddət sürtünməsinin səsinə, kirli avtobus şüşələrindən küçələrin görünməməyinə bir növ öyrəşmişdilər.
Uzun sözün qısası, yeni avtobuslar gəldi və “Bakubus” MMC digər ölkələrin əhalisi kimi bizim də özümüzü sivil vətəndaş hiss etməmiz üçün avtobuslara gediş haqqının kartla ödənməsinə qərar verdi. Artıq əksər avtobuslarda əhali kartlardan istifadə edirlər.
Elə bilməyin ki, bu gün sizə avtobusları tərif etmək fikrindəyəm. Təbii ki, yox.
İki gün bundan öncə təzə avtobuslarımızın biri ilə evə gəlirdim. Avtobusda həmişə olduğu kimi yenə də sıxlıq idi. 10-15 dəqiqə keçməmişdi ki, hamı salonun arxa hissəsindən gələn səs-küyə boylandı. 60-65 yaşlı bir xanımla 40-45 yaşlarında bir kişi dayanmadan mübahisə edirdilər. Mübahisənin səbədi isə kimin-kimin üstünə yıxılması idi.
Mübahisə iştirakçısı olan qadın qarşısındakını tərbiyəsizlikdə təqsirləndirirdi. Həmin kişi isə qadına: “...bilsəydim səninkimilərinə görə gedib döyüşməz və sağlamlığımdan olmazdım” deyirdi. Deyişmənin pik məqamında qadının ona “mədəniyyətlı olsaydın” deməsi mübahisə tərəfini daha da cuşa gətirdi. Kişi dayanmadan “mədəniyyətli sənsən, yaxınlarındı” deyirdi. Aydın olurdu ki, o, qadının ona mədəniyyətli deməsini “mədəniyyətsiz” kimi anlamışdı və bu səbəbdən harda olduğunu unudaraq bərkdən-bərkdən ictimai əxlaqa sığmayan ifadələr işlədirdi. Təbii ki, qadın da oğlanın hədyanlarına ondan geri qalmadan geninə-boluna cavab verirdi.
Həmin an rəhmətlik Sabirin şerini xatırladım. Və bir daha anladım ki, gec-tez biz də çevrilib özümüzə baxmalıylq.
Doğrudur, bu gün Azərbaycan inkişaf edir, böyüyür, tanınır. Ölkəmiz gücləndikcə onun vətəndaşının dünyada hörmətlə qəbul edilməsi də bir növ qayda-qanuna çevrilir. Ancaq onu da etiraf etməliyik ki, bu uğurların qarşılığında biz də vətəndaşlıq borcumuzu yerinə yetirməyi bacarmalıyıq.
Ugurlarımızın daha çox, yüksəlişimizin daha rəngarəng, daimi olması üçün hər addıma qara yox, başqa rənglərlə də baxmağı bacarmalıyıq. Özümüzün mədəni inkişafımızı təmin etməliyik. Əgər bunu bacarmırıqsa, nə dünyada Şərqdə mədəniyyət beşiyi olmamız, ilk Avropa oyunlarına ev sahibliyi etməmiz, düzələn yollarımız, nə inkişaf edən ölkəmiz, nə də kartla işləyən avtobuslarımız bunu gizlədə bilməyəcək. Özümüz özümüzün çatımamalıqlarımızı aradan qaldırmalıyıq ki, sabah kimsə bizə bu qsurumuzu xatırlatmasın. Əgər saglam tənqiddən nəticə çıxarmağı bacarmırıqsa, onda başqalarına niyə əmma tuturuq ki...
Ən azı harda olmağımızı və kimə nə deməyimizi redaktə etməyi bacarmalıyıq. Bu millətin, bu dövlətin adına layiq olmaq üçün. Ən sonda vətəndaşlıq borcumuzu yerinə yetirmək üçün ...