25 Dekabr 2015 10:52
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Başlığa çıxardığım ifadə filmin adıdı, lütfən başqa hadisəylə assosiasiya qurmayın beyninizdə, amanın günüdü. Film elə belə adlanır - “Oğlan evi - azərbaycansayağı qarət”).

Nə olan işdirsə, bu filmə iki həftədi getmək istəyirəm, alınmır. Səbəbi söyləsəm, inanmayacaqsınız. Bəli, bilet tapa bilmirəm. Bəli, Bakıda. Bəli, Bakıda bizim filmə baxmaq üçün bilet tapa bilmirəm. Hər şənbə-bazar anşlaq, kassalar bir-iki seans sonraya işləyir, bu da tamaşaçıya sərf eləmir, təbii. Bilet alandan sonra 4-5 saat gözləmək var axı..

***

Nənəmin köhnə alqışını xatırlayıram, hər zaman üçün aktualdı - “səni görüm neyləyim, necə eləyim deməyəsən”. Ən gözəl alqış elə budu, məncə. “Neyləyim, necə eləyim” demirsənsə, demək, hər şey qaydasındadı, işin də, evin də, səhhətin də.. Amma bəzən əksinə olur, hər kəsdə olur, yəqin. İnsanın həyatında elə qara zolaqlar olur ki, həmin alqışın az qala180 dərəcə geri döndüyünə əmin olursan. Başa düşülməsi xeyli müşkül. Vay səni, nənə...

***

İmkanlı bir iş adamı olan dostumuzun başına bir iş gəlib, burada yox, uzaq Çində. Tumgöz çinlilər nə fırıldaq ediblərsə, adam bir gecədə 500 min manat “itirib”. Amma vecinə də almır, optimistdi, ya da özünü elə göstərir. “Aclıq olsun, kef olsun,- deyir, - canınızı qoruyun”. Adamın dediyi ağlıma batır. 500 min o itirib, vecinə almır, mənə nə? Xırda bir problemi niyə dərd eləyək ki? Bəs kef edib neyləyək? Bir müddətdi pəhriz saxladığımdan orta statistik azərbaycanlının kef adı altında restoran ziyarəti mənlik deyil. Sualın doğru cavabı dərhal gəlir - gedək “Oğlan evi”nə. Öz filmimizdi, komediyadı. Bu gün də zal boş olar, yəqin, həftə sonu deyil axı, iş günüdü. Bir də hər böhrandan çıxmağın əsas yolu gülüşdü. Niyə gülməyək? Əgər güldürə bilərlərsə?

***

Kinonun, bəlkə də, ən çətin janrıdı komediya. Çünki başqa janrlar kimi yalnız riyazi hesablamalar əsasında qurulmaz. Orijinal süjet xəttilə yanaşı, improvizələr, situativ məqamlar, çevik düşüncə tərzi, maraqlı dialoq və spesifik yumordu filmi komediyaya çevirən. Çox zaman bu yumor yalnız bəlli auditoriyanın, yəni eyni mədəniyyət daşıyıcılarının anladığı və qəbul etdiyi yumor olur. Baxın elə türk seyrçisinə. Əminəm ki, Cem Yılmazla Rəcəb İvedikin güldürə bildiyi insan toplumu tamamilə bir-birindən fərqlidi - intellekt səviyyəsinə, dünyagörüşünə görə. Bax, “Oğlan evi”ndəki yumor da məhz bizim mühitin yumorudu, alışıb sevdiyimizdi - lap Bakı folkloru kimi cana yaxın, ilk hərfindən anlaşılan və qəhqəhəylə güldürən.

***

Bizim milli komediyamıza bu qədər güləcəyimi desəydilər, inanmazdım. Gülüş kateqoriyasına aid etdiyim plankalar çox yüksək. Qınamayın, sovet kinosunun təsirilə inkişaf edib bizim nəsil. Və bu gün ekranda Raykini, Nikulini axtarmasaq da, ən azı Xazanova, Filippova, Faradaya tən aktyor işi görmək istəyir altşüurumuz. Qaydayın, Ryazanovun dəst-xəttinə alışmış adamlardan nə gözləyəsən?

***

“Oğlan evi”ni danışmayacağam, özünüz gedib baxarsınız. Amma və lakin deyəcəklərim də yox deyil. Filmin süjet xəttində qətiyyən nə mövzudan sapma görcəksiz, nə tempdən düşmə. Rejissor yorumunun orijinallığıyla yanaşı, az qala ayrı-ayrı kadrlar da səninlə “danışır” və səni güldürür. Qarət epizoduyla başlayan filmin elə qarətlə də bitəcəyini Çexovun silah haqda məşhur fikrinə əsasən təxmin etmək mümkün olsa belə, hadisələrin inkişafı tam novellavaridir. Və qətiyyən xaotik deyil.

“Oğlan evi” çağdaş Azərbaycan komediyası haqda fikirlərimi yerli-dibli dəyişir. İndiyəcən təsadüfən izlədiyim xırda reprizlər ucbatından bu janrın bizdə tamamən öldüyü qənaətindəydim - şit zarafatlar, bayağı hırıltı, qadın paltarı geyinməklə gülüş yaratmaq cəhdi, ucuz plagiatların milli zəminə uğursuz adaptasiyası, yalnız söyüşə və ədəbsizliyə hesablanan priyomlar. Bu dəfə belə deyil. “Oğlan evi”nin canında, cövhərində bizim köhnə sovet komediyalarından nəsə var, amma görünən yox, duyulan müstəvidədi. Bəzən hətta ayrı-ayrı kadr sıralaması assosiativ olaraq o məşhur filmləri xatırladır: üç anti-qəhrəman, toy ənənəsi və s. Amma və lakin ekran tam bizim öz aynamızdı - görünən öz cəmiyyətimizdi, əskildib artırmadan - problemləri, düşüncəsi, danışığı, plastikası, temporitmi, işlətdiyi slenqlər etibarilə də bizimkidi və son dərəcə təbiidi. Hərçənd film xırda-para qüsurlardan da xali deyil. Xüsusən razvyazkada atanın üzr istəməsi epizodu absurd təsir bağışlayır, sonluğun bir balaca “redaktə”yə ehtiyacı olduğuna əmin olursan. Bütövlükdə is film alınıb, yaxşı alınıb.

Rejissor İlham Qasımov, ssenari müəllifləri DJ Fateh və Tural Sevdimalının ortaya qoyduqları ekran əsəri çox maraqlı aktyor oyunu ilə fərqlənir - Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyev, afərin sizə! “Oğlan evi” müstəqillik dönəmində yaranan tək-tük filmlərimizdəndir ki, rahatca, çəkinmədən, ürəklə hər birinizə deyə bilərəm - gedin baxın, ləzzət eləyəcək. Xüsusən də aranızda kimsə nənəmin alqışının ziddinə olaraq “neyləyim, necə eləyim” sualıyla təkbətək qalıbsa, bilin ki, ürəkdən qəhqəhə çəkib gülməyin faydası olacaq. Ən azı hər xırda problemin bir gün sona yetəcəyinə inanacaq və əmin olacaqsınız ki, onlar - filmi araya-ərsəyə gətirənlər sizi güldürəbilənlərdəndirlər.


Müəllif: Afaq Vasifqızı