Səhnədə sərnişinsiz köhnə "PAZ" avtobusu dayanıb. Gözləyəni yoxdu. Avtobus özü gözləyir...
Tamaşa başlayana yaxın maşın "xoda düşəcək", aram-aram gurultusunu eşitdirəcək, faralarını yandırıb-söndürüb salona göz-qaş eləyəcək, mərəkə başlayana qədər - bu da az vaxt aparmır - mühərrikin dığıltısı kəsməyəcək.
Səhnəyə baxan tamaşaçı isə artıq konsentrasiya olunduğu işarənin, atributun, simvolikanın mənasını qanmağa, çözməyə çalışacaq - intizar, gözlənti, yerində donmuş hərəkət rəmzi... Nə deməkdi BU, nə deməkdi "PAZ" - dırnaqlı, ya dırnaqsız?
Akademik Milli Dram Teatrın yeni tamaşası - "Dantenin yubileyi" haqda geniş resenziyayla çıxış eləmək cəsarətində deyiləm... Lənət şeytana, "cəsarət" sözünü yenə işlətmək var planımda. Beş-altı abzasla kifayətlənəcəm.
Tamaşanın ortasında qəfil mənə elə gəldi ki, rejissor talesiz aktyoru - Feyzulla Kəbirlinskini xalq yazıçısı Anarın eyniadlı povestindən səhnəyə dartıb gətirməklə "Azdrama"nın inzibati və bədii rəhbərliyini bu qayım-qədim sənət müəssisəsinin mövcud durumunu rəmzləşdirməyə razı salıb, ola da bilsin, cəmi teatr aləminin gerçək hali-qəziyyəsini səhnəyə çıxarmaq cəsarətində tək-təkbaşına bulunub - heç kəs görməyib...
Amma kuliminasiya nöqtəsini gözləmək lazımıdı - Rusiyadan gəlmiş sankt-perterburqlu rejissorun toxmağı göyə qaldırıb vuracağı nöqtə hara olacaqdı?.. Gözləmək gərəyidi, gözlədik.
Bir tamaşaçı kimi şəxsən mənim yozumum və təəssüratım budu: kuliminasiya epizodu Kəbirlinskinin oğlu (oğulluğu) Eldarla dostu Aydının - iki gənc rejissorun, iki sərxoşun alkoqollu-senzurasız söhbətiydi. Aydınlanma Eldarla Aydının dialoqunda yarandı! "Hər şey yaxşı olacaq ey... Amma gec... Onda da biz qocalacağıq..."
Sonda oyunçular-obrazlar axıb gedən zamanın timsalında bütün hadisələrin baş verdiyi dəyişən məkan kimi seçilmiş avtobusa doluşacaqdılar, avtobus hərəkət edəcəkdimi, ya yox - bilinməyəcəkdi.
Amma bir ümid oxu tamaşaçının nəzərini irəliyə çəkəcəkdi; deyəsən, hərəkət başlayacaq, axı... Deyəsən...
Arvadı qoltuğuna vurub Dantenin yubileyi mərasiminə xoşbəxt olmağa gedən Kəbirlinskinin metroya düşmək məcburiyyəti günümüzün ictimai nəqliyyatı assosiasiya edən tıxac və gərginlik fonunda yeni mesaj kimi görünəcəkdi.
Xoşbəxt olmağa bu dəfə hara gedirsən, a kişi? Metroya?.. Başqa alternativ yoxdumu?
Bu tamaşada CƏSARƏTİN dozasını bir az da artırmaq olardı, heç şübhəsiz, olardı. Daha cəsarətli mesajlar üçün yetərli epizodlar, improvizə imkanları vardı. Təkcə elə Kəbirlinskinin Tülküdən Çaqqala çevrilməsi səhnəsində nə oyunlar çıxarmaq olardı! Dialoq vardı - oyun, anlatma, həngamə yox.
Sonda: tamaşanın rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərovdu.