18 İyul 2017 08:57
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir filmlərimizdə, teleseriallarda səs və dublyaj problemlərinin mövcudluğu heç kəsə sirr deyil. Düzdür, əksər tamaşaçını filmin, serialın bu hissəsi maraqlandırmasa da, problemləri hiss edib başa düşən izləyicilər də az deyil.

Məsələn, filmlərimizdə 2 aktyorun küçədə dialoqa girdiyi zaman kənar səslərin obrazların danışığını üstələdiyini sezməmək mümkün deyil. Yaxud da hər hansı bir filmin dublyajdan sonrakı yayımı zamanı aktyorun reaksiyası, mimikası ilə eşitdiyimiz səsin emosiyası uyğun gəlmir. Teleqraf.com bu problemlə bağlı elə bu sahənin adamlarını danışdırıb.

Yapımcı, prodüser İslam Əhmədov:

Əslində dublyaj təbiliyi maksimum çatdıra bilmir və qanuna qalsa, beynəlxalq praktika onu tələb edir ki, səs yerində yazılsın. Sadəcə Azərbaycanda professional səs rejissorları az və ciddi səs avadanlığı problemi olduğuna görə bərbad vəziyyət yaranır.

Biz də xaricdə və burda çəkdiyimiz filmlərdə məcburən dublyaja müraciət edirik. Çünki təəssüf ki, səs rejissorlarımız işinin öhdəsindən lazımınca gələ bilmir. Əslində isə düzgün məkan seçimi olanda, qaydalara normal riayət ediləndə yerində yazılan səs daha keyfiyyət olur, nəinki dublyaj olunmuş səs! Həmçinin aktyor çəkiliş məkanında oynayan zaman verdiyi emosiyanı, dublyaj zamanı verməyə də bilər. Amma daha vacib problem bizim yeni seriallarda, filmlərdə ümumiyyətlə, səs rejisorluğu anlayışının olmamasıdır. Biz çəkilişlər zamanı çox əziyyət çəkirik. Bumu (uzun tutacaqı olan və zürafə boynunu xatırladan xüsusi mikrofon) qaldırıb tutmaqla və ya petliçka-mikrofonu aktyorun yaxasına taxmaqla deyil. Xüsusi səsyazma metodları var.

Professional işə qaldıqda, məsələn, xaricdə tutaq ki, küçədə əgər iki nəfərin dialoqu çəkiləcəksə, o zonanın yollarını bağlayırlar. Hətta fonda lazım olan maşın şütümə səslərini, siqnal səslərini də özləri bilərəkdən yaradırlar. Bizdə isə yolla gedən zaman baxıb görürsən ki, sən demə burda çəkiliş gedirmiş. Bir var çəkiliş meydanında səsi yazan, səslə işləyən adamlar, bir də var ki, sonradan bu yazılma səsləri emal edən səs rejissorları. Bunlar çox vaxt fərqli- fərqli adamlar olur və əfsuslar olsun ki, bu işlə məşğul olan professionallar barmaqla sayılacaq qədər azdır. Əsas problem də elə bundan ibarətdir. Təəssüf ki, bu gün telefilmlərdə də, seriallarda da səs bərbad vəziyyətdədir. Amma başqa çarə də yoxdur. Çünki normal dublyaj studiyaları yox səviyyəsindədir. Bir də ki, film istehsalçılarının məqsədi hər şeyi korlayır. Onlar elə istəyirlər ki, film çəkib pul qazansınlar. Nəticədə keyfiyyət qalır bir kənarda. Belə deyək, “yola ver getsin” söhbəti olur. Heç kim “Oskar” istəmir, sadəcə ortaya normal iş qoymaq lazımdır. Mən bu problemi vəsait və maliyyə zəifliyi ilə də bağlayıram. Bir də görürsən ki, bizim özümüzə də səslə bağlı müraciət edirlər və deyirlər ki, cəmi min manat pulumuz var. Görün, neynirsiz...

Rejissor, aktyor və ssenari müəllifi Elməddin Alıyev:

Müasir dövrdə dublyaj sistemi bir az arxaikləşib. Səs elə yerindəcə yazılır, belə də olmalıdır. Biz də filmlərdə səsi yerində yazırıq. Əgər bir problem çıxarsa, o zaman dublyajda həmin hissəyə düzəliş edirik. Yerli serialları izləmədiyim üçün dəqiq bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, bizdə seriallara ayrılan büdcələrə baxsaq, onlardan yüksək keyfiyyət tələb etməyin düzgün olmadığını anlayarıq.

Əməkdar artist Rasim Cəfər:

Son dövrlər bu tip problemlər xeyli azalıb. İndiki filmlərin, serialların çəkilişində biz səsi iki xətlə yazırıq. Birincisi əsas mikrofon- aktyorun səsi, ikincisi isə bum- yəni fon səsləri. Müasir texnikanın köməyilə bu ikinci xətlə yazılan səsi asanlıqla idarə etmək, lazım gələrsə, yığışdırmaq, azaldıb- çoxaltmaq da olur. Sadəcə normal texnika olsa, bunlar asanlıqla başa gələr.

Ssenari müəllifi, rejissor və kino mütəxəssisi Kamran Qasımov:

Əgər hər hansı bir xarici film Azərbaycanda dublyaj olunursa, əvvəlcə lisenziyası alınır. Bu lisenziyanın tələbinə uyğun onun bütün səsləri, dialoqları, interşumları necə getməlidirsə, əvvəlcədən təsdiq olunur. Amma biz bilirik ki, televiziyalarda vaxt azdır. Onlar vaxtında efiri doldurmalıdırlar. Buna görə də bir az keyfiyyətsiz dublyajla yayımlanan filmlər çox olur. Dünyada bu problemin qarşısı isə subtitrlərlə alınır. Səs olduğu kimi eşidilir, səs rejissoru da subtitrlərin köməyilə öz hüquqlarını qorumuş olur. Dublyajın onu bərbad hala salmasına icazə vermir. Teleseriallar isə daha çox, ssenari, aktyor oyunu və montaj üzərində qurulur. Tamaşaçı onları izləyir deyə bu problemlər yeyilir. Bu problem isə dublyaj yox, səs problemidir. Amma bu problem də başadüşüləndir və tamaşaçı üçün bu problem elə də vacib deyil. İstənilən halda, problemsiz və peşəkar tərzdə film, serial təqdim etmək lazımdır.

Azərbaycan SSRİ xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev:

Bu gün serialların da, filmlərin də dublyajı, səsləri bərbad vəziyyətdədir. Aktyorların səsi elə bil quyudan gəlir. Yəqin ki, bu da texnika ilə bağlı məsələdir. Amma yaxşı bilirik ki, səs rejissorları, səs operatorları yaxşı işləmir. Çünki onlar mütəxəssis deyil. Azərbaycanda hələ belə mütəxəssislər yetişməyib. Bunlar harada bu sənətə yiyələnirlər? Harada dərs keçirlər? Harada savad alırlar ki, gəlib filmlərdə, seriallarda səs rejissoru olurlar? Bizdə heç elə bir universitet də yoxdur axı, səs rejissorlarını öyrətsinlər. Bu günkü səs rejissorları işi özləri öyrənirlər. Ona görə də hər şey bu cür qeyri-peşəkar səviyyədədir.

Adicə onu deyim ki, mikrofonu sağ tərəfə taxırlar, danışan sol tərəfə danışır. Çünki bugünkü səs rejissorları hamısı toy məclislərindən gəlib televiziyalarda, filmlərdə işləyirlər. Toy demişkən, heç toy məclislərində də normal səs verən rejissorlar yoxdur. Səsi o qədər yüksəkdən verirlər ki, zalda oturmaq olmur.


Müəllif: Könül Əlibəyli