3 Oktyabr 2014 18:20
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxtın Nizami rayonundakı 229 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyova həsr edilmiş "Azərbaycanlı Yura" sənədli filminin təqdimatı keçirilib.

Teleqraf.com nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, "Yaddaş" sənədli filmlər studiyasında istehsal olunan ekran əsəri Milli Qəhrəmanın anım günündə adını daşıdığı orta məktəbin kollektivinə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirib ki, bu günə qədər "Salnamə" və "Yaddaş" studiyalarında dövlət sifarişi ilə Milli qəhrəmanlara həsr edilmiş filmlər Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar və Xaçmaz rayonlarında ictimaiyyətə təqdim edilib.

"Azərbaycanlı Yura" filminin ilk nümayişi isə 20 iyun 2014-cü il tarixində Milli qəhrəmanın doğulduğu Göyçay rayonunda keçirilib. Ekran əsərinin rejissoru Asif Abramov, ssenari müəllifi Rəfiqə Məsuddur.
Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri də iştirak ediblər.

Qeyd edək ki, Y.Kovalyov 1991-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 5 iyun 1992-ci ildə şəhidə Milli Qəhrəman adı verilib.


Müəllif: