11 May 2022 09:32
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Hikmət Rəhimovun rejissor debütu olan “Çılpaq” tammetrajlı bədii filminin treyleri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə filmin rejissoru məlumat verib.

O bildirib ki, film Fuad Poladov və Vaqif İbrahimoğlunun əziz ruhlarına ithaf olunur: “Təqribən noyabr ayından, hələ illər əvvəl beynimdə olan "Qəbir" film ssenarimi yazmağa qərar verdim. Sonra İctimai TV-də Tural Sevdimalı ilə görüşdük, danışdıq, iş barəsində müsbət rəy verdi. Son olaraq Balaş Qasımovun qərarı ilə işə start verildi. Bu, mənim rejissor olaraq ilk işim olmasına baxmayaraq mənə inanıb etimad göstərdiklərinə görə həm Balaş bəyə, həm də Tural bəyə təşəkkür edirəm.

Elə də böyük büdcəyə və böyük bir komandaya sahib olmasam da sağlam ortamda işləyə bildik. 8 çəkiliş günündə ağır səhnələri çəkmək həqiqətən ağır idi. Dəvətimi qəbul edib iş birliyi etdiyim bütün komanda üzvlərinin hər birinə minnətdəram. Xüsusən aktyor həmkərlarıma çox sağ ol deyirəm ki, mənə inandınız və güvəndiniz”.

Filmdə Sabir obrazını canlandıran aktyor Rasim Cəfər saytımıza açıqlamasında rolu üçün saçını keçəl etdirdiyini etiraf edib: “Ssenarini oxuyanda personaj çox xoşuma gəldi. Hikmət istəyirdi ki, bu rolda dəyişim. Növbəti gün Hikmətə dedim ki, saçımı keçəl etdirəcəm. Ürəyindən oldu.

Sabirin qonşusu ölüb, xəstə oğlu qalıb. O da xəstə uşaqla meyiti basdırmaq üçün yola çıxır. Film demək olar həyatın dibində olan insanlardan bəhs edir”.

Filmin baş prodüseri Yalçın Verdiyev, quruluşçu rejissor və ssenari müəllifi Hikmət Rəhimov, görüntü rejissoru İman İmanovdur.

Filmdə Rasim Cəfər, Hikmət Rəhimov, Ayşad Məmmədov, Elşən Rüstəmov, Azər Aydəmir, Elşən Əsgərov və digərləri çəkilib.


Müəllif: Nərmin Muradova