30 Noyabr 2022 17:25
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Bakıdakı səfirliyi və Avropa İttifaqının Azərbaycan nümayəndəliyi anti-Türkiyə mövzusunda lentə alınmış "Odda - İki bacı" ("Sisters apart") filmini dekabrın 5-də "Landmark"da nümayiş etdirəcək.

Teleqraf.com xəbər verir ki, film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir.

Film ölkəmizdə böyük narazılığa səbəb olub. Hesab edilir ki, Almaniya səfirliyinin Bakıda PKK/YPG terror quplaşmalarına dair filmi nümayişi etdirməsi həm terrorun təbliği, həm də qardaş Türkiyəyə qarşı atılan addımdır.

Almaniya səfirliyi bildirib ki, film Avropa İttifaqı Film Festivalı çərçivəsində nümayiş olunmalı idi, amma kinoteatrın filmi qısa müddətdə təxirə salması səbəbindən festival çərçivəsində göstərilməyib.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin Piar meneceri Ceyran Qasımova bildirib ki, kinoteatr filmi məhz mövzusuna görə göstərməkdən imtina edib: "Bu, terror qruplaşmaları ilə bağlı, Türkiyə əleyhinə film idi. Ölkəmizin bu həssas dönəmində bu mövzuda filmin nümayişini düzgün hesab etmədik. Ona görə biz ümumiyyətlə, festivalda iştirakdan imtina etdik. Halbuki öncəki illərdə birgə əməkdaşlıq nəticəsində festival çərçivəsində nümayiş olunan filmlər bizim kinoteatrlarda göstərilirdi. Bu il isə biz festivalda iştirak etmədik”.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Piar meneceri Nərmin Həsənova məsələyə belə aydınlıq gətirib:

“Festival təşkilatçıları öncədən bizə filmlərin siyahısını göndərmişdilər. Məhz bu film siyahıda yox idi. Həmin gün bizə dedilər ki, bu filmi də nümayiş etdirin. Biz də texniki səbəblərə görə onu göstərə bilmədik.

Ümumiyyətlə, bizə gələn bütün filmlər Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənməlidir. Biz hər filmi göstərə bilmərik”.

Xalq artisti Əbdül Mahmudbəyov hesab edir ki, bu mövzuda filmin Azərbaycanda nümayişi təxribatdır:

“Kino dünyanın ən möhtəşəm ideoloji təbliğat silahıdır. Əgər orda bu günkü Azərbaycan reallığında, Turana qayıdışın kütləvi şəkildə dövlətlər səviyyəsində təbliğ olunduğu bir dönəmdə bu birliyə xələl gətirəcək nüanslar varsa hesab edirəm ki, o filmi yandırmaq lazımdır. Bu filmlə onlar nəyi təbliğ edirlər ki? Reallıq odur ki, bu gün türk-müsəlman dünyasına, o cümlədən birliyimizə xələl gətirə biləcək PKK adlı çox təhlükəli qruplaşma var. Onu çox məharətlə kürdlərin adı ilə bağlıyırlar. Halbuki tərkibində çox müxtəlif millətlərin nümayəndələri var.

Bu baxımdan sözügedən filmin Azərbaycanda nümayişini təxribat hesab edirəm”.


Müəllif: Nərmin Muradova