1 Mart 09:23
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Naibə Allahverdiyeva “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Naibə xanım, martın 10-da Gənc Tamaşaçılar Teatrında yubileyiniz münasibəti ilə "Gerçəkləşməyən arzular" adlı benefis nümayiş olunacaq. Hazırlıqlar necə gedir?

- Format fərqli və maraqlıdır. Bu tamaşa zamanında arzulayıb, amma oynamadığım obrazlar əsasında qurulub. Bir neçə tamaşadan parçalar təqdim edəcəyik.

- Sizinlə sonuncu söhbətimizdə yubileyinizdə tamaşaçılarınızın qarşısına məşhur pyes əsasında hazırlanan yaxşı bir tamaşa çıxacağınızı demişdiniz. Kim sizi fikrinizdən daşındırdı?

- Düzdü, elə bir plan, istək var idi, amma sonra fikrimiz dəyişdi, rejissor Nicat Kazımov dedi ki, tamaşanı gerçəkləşməyən obrazlar üzərindən qursaq daha maraqlı olacaq. Orda elə rollar var ki, mən hazırda da onları oynaya bilərəm. Amma digərləri gənc yaşlarda oynanılacaq rollardır. Tamaşaçı bunu necə qarşılayacaq, özümə də maraqlıdır.

- Bir tamaşa içərisində bir neçə obrazda çıxış etmək sizə çətinlik yaratmır?

- Əslində çətindir. Hətta həmkarlarımdan bir neçəsi dedi ki, biz bunu bacarmazdıq. Təsəvvür edin, dörd-beş tamaşadan 10 dəqiqəlik hissəni tərəf müqabillərlə birlikdə oynayacam, bəziləri komedik, bəziləri də dramatik obrazlardır. Üstəlik obrazları dəyişmək üçün cəmi iki-üç dəqiqə vaxtım olacaq. Çox həyəcanlıyam. Mən Nicat Kazımova, teatrın rəhbərliyinə təşəkkür edirəm.

- Gerçəkləşməyən obrazlarınız çoxdur?

- Təbii ki... Və təəssüf ki...

- Nələr, kimlər mane oldu?

- Mən Cülyettanı, Leylini oynamaq istəmişəm, alınmayıb. Gənclik illərimdə aparıcı rolum Naxçıvan Teatrında oynadığım Sara obrazıdır.

Televiziyada nümayiş olunan “Yarımştat” tamaşasındakı Tomka rolundan sonra rejissorlar mənə ancaq komik rollar təklif etdilər. Heç yaxşı hal deyil, bu, aktrisanın sənətinin qarşısına sədd çəkir.

Teatrı məhz ona görə çox sevirəm ki, məni fərqli obrazlarda tanıtdı. Teatrda həm faciə, həm dram, həm komediya janrında rollar oynamışam. Amma ümumən götürəndə gəncliyimdə mənə daha çox özümdən yaşlı obrazları təklif edirdilər. 33 yaşında 50 yaşlı qadını canlandırmışam.

- Axı niyə? Niyə rejissorlar gənc aktrisaya daha yaşlı qadın obrazları tapşırır? Teatrda o yaşlarda olan aktrisamı yoxdur, yoxsa baş rollar hansısa yolla müəyyənləşir, kənar rollarda aktrisaları sınamaq üçünmü belə hallar baş verir?

- Orda müəyyən səbəblər var idi. Hər rejissorun öz aktrisası olurdu. Lirik qəhrəman obrazlarını onlar canlandırırdılar. Bəlkə də məni xarakterik aktrisa kimi qəbul edirdilər, bilmirəm. Loğman Kərimov Gənc Tamaşaçılar Teatrına baş rejissor gələndə mənə dramatik obrazlar həvalə etdi. Burla xatunu məhz o zaman canlandırdım.

Yadımdadır, Burla xatun obrazında ilk dəfə səhnəyə çıxanda tamaşaçıların Tomka dediklərini eşidirdim. Tamaşanın gedişində artıq onlar məni Burla xatun kimi qəbul edib, alqışlayırdılar.

Sonra Nicat Kazımovun “Pəri Cadu” tamaşasında Şamama Cadunu oynadım. İnsan cildinə girmiş ifritə - Şamamanın yaşı yoxdur. Tamaşa çox səs-küyə səbəb oldu. Şamama Cadu haqqımda olan fikirləri alt-üst etdi.

Hətta Türkiyədə də bu tamaşa ilə çıxış etmişdik. Sonda Şamama tamaşaçıların yaxınına gedib zala baxır, sanki özünə yeni qurban axtarır....Tənqidçilərdən biri dedi, fərqinə varırdım ki, qarşımda olan aktrisadır, yenə də bədənim əsirdi. Həmin tənqidçi sonra məni qrimsiz görəndə təəccüblənmişdi, deyirdi ki, siz bu cür aktrisanı niyə o biçimə salmısınız... Həqiqətən qrimim çox vahiməliydi.

Şamama mənim teatrda ən uğurlu rollarımdan biridir, digəri isə Loğman Kərimovun hazırladığı “Mənim ağ göyərçinim” tamaşasındakı ana obrazıdır.

Aktyor üçün janr olmamalıdır. Aktyor olmağın əsas qayəsi nədir? Başqalaşmağı bacarmaq.

Əvvəllər 50 yaşlı aktrisaları, məsələn, Amaliya Pənahovanı yaxud digərlərini götürək, səhnədə 20-25 yaşlı gənc qız obrazlarını oynayırdılar. İndi belə ənənə yoxdur.

- Sizcə, bu, yaxşı ənənəydi?

- Bilirsiniz, o yaşda təcrübə daha çox olur. Əgər sənin xarici görkəmin, səsin, hərəkətlərin fiziki cəhətdən buna imkan verirsə, niyə də yox? Ekranda yaş daha qabarıq şəkildə görünür. Amma səhnənin şərtiliyində və üz cizgilərinin aydın seçilməməsi fonunda bu, mümkündür.

- Mübahisəli məsələdir.

- Səhnədə aktyor oyunu güclü olmalıdır... (Bir az pauza) Bu arada qrip olmuşam. Martın 10-na da lap az qalıb...

- Mənə həmişə elə gəlir ki, xəstəlikləri qısa müddətə dəf etməklə bağlı səhnə adamlarının xüsusi dərmanı olur...

- Dərman yoxdur. Allaha yalvarıram ki, məni utandırmasın. Bilirsiniz ki, ayağımda problem var. İndiki tamaşalar da əvvəlkilər kimi deyil. Bütün hadisələr hərəkət üzərindədir. Bizim tamaşada rəqs də var, yerə yıxılmaq da, qaçmaq da, tullanmaq da. Məşqlər zamanı Nicat bəyə ayağımdakı problemə görə gileylənirəm, deyirəm, bəlkə filan hərəkəti etməyək. Deyir, sən həmişə belə deyirsən, amma sonra çıxıb səhnədə oynayırsan. Həqiqətən də oynayıram.

Səhnəyə çıxanda aktyor hər şeyi unudur, ora sehirli aləmdir. Orda başqa insan olursan, artıq Naibəlikdən çıxırsan. Məsələn, olursan Anna Karenina... Elə olub ki, kulisdə bədənim temperaturdan tir-tir tirləyib, amma səhnəyə çıxanda rolumu oynamışam. Sözün həqiqi mənasında əsl aktrisasansa o səhnədə hər şeyi - ağrını, acını unudub rolunu oynayacaqsan.

Aktrisa bir maskada olmamalıdır. Gəncliyimdə eyni tipli rollara çox dəvət almışam. Bir ara hər şeyi dayandırdım. Çağırırdılar, getmirdim. İndi sevinirəm ki, nə yaxşı getməmişəm.

Digər tərəfdən bizim sənətdə seçilmək, özünəməxsus olmaq vacibdir. Min aktyor olar, rolları gözəl oynayarlar, mizanları düz edərlər, məqsədi, məramı çatdıra bilərlər, amma seçilə bilməzlər. Seçilmək üçün mövcud şəraitdə göstərdiyi performans, özəllik çox önəmlidir, bu da Allahdan gələn vergidir.

- Özünəməxsusluq və şans...

- Mənim şansın yoxdur. Aktrisa kimi şanssızam. Siz deyə bilərsiniz, Xalq artistisiniz, dövlət və xalq sizi sevir, dəyər verir. Bəli, elədir, dövlətimə də xalqıma da bu sevgilərinə görə çox təşəkkür edirəm.

Amma məni boğdular. Mən şanslı aktrisa ola bilərdim. Filmlərdə, seriallarda, elə teatrın özündə də... Demirəm ki, bütün rolları mənə verməliydilər, amma bilirəm ki, məndən istifadə etmədilər.

“Mosfilm”in rejissoru mənə dedi ki, sizin gözləriniz bütün ekranı alır. Sizə heç danışmaq lazım deyil, gözləriniz danışır. Filmlərə, seriallara lazımlı aktrisa idim. Kiminsə məndən xoşu gəlmirsə, bu, işə də sirayət edir. Rejissor filminin qalasında mənə deyir ki, sizi çəkmək istəyirdim, amma dedilər ki, o kaprizlidir, hara gedirsə oranı dağıdır. Dedim 40 ilə yaxındır ki, teatrda işləyirəm, hələ bir adam da məndən inciməyib. Düzdür, rejissorlarla konfliktim olub, amma aktyorlarla heç vaxt.


Müəllif: Nərmin Muradova