4 İyun 2015 19:55
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağacan Əbiyev: “Avropa Oyunlarının Bakıda keçirilməsi İlham Əliyevin xidmətlərinin nəticəsidir”

“Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə dair verdiyi qərar ölkəmizin inkişaf səviyyəsinin yüksək olmasından xəbər verir”.

Bu sözləri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin üzvü Ağacan Əbiyev deyib.
Onun sözlərinə görə, AOK Azərbaycana ümid etdiyi üçün ölkəmizin Avropa oyunlarına ev sahibliyi etməsinə razılıq verib: “Azərbaycan idman ölkəsidir. Avropa və dünya çempionatlarında, böyük beynəlxalq turnirlərdə uğurlarımız göstərir ki, ölkəmizdə idmana böyük qayğı var. Artıq Oyunların məşəli Azərbaycanın bütün regionlarına səyahət edir, hər bir şəhər və rayonumuz, bütün vətəndaşlarımız Avropa Oyunlarının iştirakçısına çevrilib. Bu idman yarışı xalqımızın, ölkəmizin, Prezidentimizin böyük bayramıdır. Cənab İlham Əliyev həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Avropa Oyunlarının Bakıda keçirilməsi onun xidmətlərinin nəticəsidir. Prezidentimiz idmanımızı elə yüksək səviyyəyə qaldırıb ki, xarici ölkələr Azərbaycanın Avropada ən yaxşı inkişaf etmiş olimpiya ölkəsi kimi təsdiqləyib. Ona görə də məşəl əvvəllər Afinada yandırıldığı kimi Bakıda alovlandırıldı. İnşallah Olimpiya Oyunlarında olduğu kimi növbəti Avropa Oyunlarında məşəl Bakıda yandırılacaq, hər dəfə də Azərbaycan birinci Avropa Oyunlarının ilk dəfə keçirildiyi ölkə kimi dünyaya səs salacaq”.

A.Əbiyev əlavə edib ki, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi həm də idmançılarımız üçün böyük hədiyyə idi: “Qitə yarışları idmançılarımızın öz ölkəsində keçiriləcək, onlar xalq, qohum-əqrəba qarşısında başı uca olmaq üçün Oyunlara yüksək səviyyədə hazırlaşırlar. Federasiyalar Oyunlara hazırlaşan idmançılar üçün yaxşı şərait yaradıblar”.

Boksçularımızın Avropa Oyunlarındakı şanslarından danışan A.Əbiyev Boks Federasiyasının yarışdan azı 5 medal gözlədiyini deyib: “Boksçularımız bir neçə beynəlxalq turnirdə iştirak ediblər. Hazırda digər ölkə təmsilçiləri ilə təlim-məşq toplanışındadırlar. Azərbaycan boksçuları ən azı 4-5 medal qazanacaqlar. 2 qızıl, 2 gümüş və bir bürünc medala iddialıyıq. Özüm Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvüyəm. Əsasən boks, atletika, o cümlədən digər idman növləri üzrə yarışları izləyəcəyəm. Milli Olimpiya Komitəsinin baş katibi kimi 17 yarış günü ərzində gündə 3-4 yarışda iştirak edəcəyəm və qaliblərimizi təbrik edəcəyəm. Azərbaycan Oyunlara yüksək səviyyədə hazırlığı ilə dünyaya özünü bir daha tanıtdı ki, biz Azərbaycanıq, bizi tanıyın, hörmət edin, necə ki, biz sizə hörmət edirik.

Ulu Öndərimiz hər zaman söyləyərdi ki, Azərbaycan dünyaya günəş kimi işıq saçacaq. Məşəlimiz alovlandırıldı, Azərbaycanı dolaşdı, Avropa ölkələri bu məşəlin istisini duyacaq. Ulu öndər dediyi kimi Azərbaycan günəş kimi dünyaya işıq saçır”.

O, Avropa Oyunları ilə bağlı aparılan qarayaxma kampaniyasının iflasa uğradığını söyləyib: “Azərbaycana qara yaxmağa çalışanların cəhdləri əbəsdir. Onlar sadəcə özlərini biabır edirlər. Çünki, təmiz, yaxşı olana qara yapışmır. Onlar I Avropa Oyunlarını keçirən Azərbaycana qara yaxmağa çalışmaqla dünya olimpiya hərəkatından xəbərsiz olduqlarını göstərirlər. Çünki, idman sülhdür. Azərbaycan da idman yarışı keçirir. Özü də Avropa qitəsinin ilk olimpiya oyunlarının keçirir. Azərbaycan Avropa dövlətlərini bir yerə yığaraq dostluq, qardaşlıq səviyyəsində hərbi meydanlarda yox, idman meydanlarında yarış keçirir. I Avropa Oyunları ərəfəsində başlanan anti-Azərbaycan kampaniyası paxıllıqdan, gözü götürməzlikdən qaynaqlanır. Bu Oyunlar təkcə bizim yox, bütün Avropanın bayramıdır. Azərbaycan Avropaya bayram hazırlayır. Məqsədimiz odur ki, Avropa xalqları Oyunlardan həzz alsınlar”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər