Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə bu günlərdə “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” layihəsi həyata keçirilib.
DGTYB-nin məsləhət şurasının sədri Əkbər Qoşalının Teleqraf.com-a verdiyi xəbərə görə, layihə çərçivəsində türksoylu ölkə və topluluqlardan ölkəmizə gəlmiş yazarlar Birinci Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüblər.
Kocaeli Şairlər və Yazarlar Birliyinin təsisçisi və rəhbəri Alptekin Cevherli bildirib ki, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi bizim üçün də qürurverici hadisədir. O, Türk dünyası olaraq, hər zaman can Azərbaycanın yanında olduqlarını deyib: “Bu, bütün Türk dünyasının uğurudur. Əminik ki, Türk dünyasını bir parçası olan Azərbaycan bu mötəbər yarışı gözəl bir şəkildə başa vuracaq”.
Makedoniya parlamentinin üzvü, araşdırmaçı-yazar Enes İbrahim qeyd edib ki, Azərbaycan hər bir türkün qürurudur: “Birinci Avropa Oyunlarında bütün Azərbaycana uğurlar diləyirəm. Hesab edirəm ki, bu idman yarışı ilə dogma Azərbaycan adımı tarixə yazacaq”.
Şimali Kipr Türk Cümhuriyyətindən olan araşdırmaçı-yazar Züleyxa Karaman qeyd edib ki, Birinci Avropa Oyunları Azərbaycan üçün böyük əhəmiyyət daşıyır: “Hesab edirəm ki, “Avroviziya” mahnı müsabiqəsində olduğu kimi Birinci Avropa Oyunlarında qazanılan nailiyyət də tək Azərbaycanın deyil, həm də bütün türk toplumlarının uğuru olacaq. Şimali Kipr Türk Cümhuriyyəti olaraq, bu yarışlarda Azərbaycana uğurlar arzulayırıq”.
Qırğızıstan Yazıçılar Birliyinin üzvü Ayjarkin Ergeşova hər zaman Azərbaycanın nailiyyətlərinə sevindiyini dilə gətirib. Onun sözlərinə görə, türk toplumu olaraq Qırğızıstan həmişə qardaş Azərbaycanın yanında olub: “Əminəm ki, Bakıda keçirilən Birinci Avropa Oyunları dünyaya bir nümunə olacaq. Bu yolda qardaş ölkəyə uğurlar diləyirəm”.
Tatarıstan Yazıçıları Birliyinin üzvü Fanil Gilaji qeyd edib ki, Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi bütün Türk dünyasına bəllidir: “Bununla da türk dünyasının bir parçası olan Azərbaycanın dünyada tanınması həm də bizim uğurumuzdur”.
Özbəkistanlı şairə Xasiyyət Rüstəm deyib ki, Birinci Avropa Oyunları ilə bağlı bütün Azərbaycan səfərbər olub. Onun sözlərinə görə, bu da insanlarda vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olur. Özbək şairə oyunların uğurla keçirilməsində Azərbaycan xalqına uğurlar diləyib.
BƏXTİYAR