13 İyun 2015 08:45
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” I Avropa Oyunlarının açılışında Azərbaycan Tibb Universitetindən (ATU) ümumilikdə 1000-ə yaxın tələbə könüllü olaraq iştirak edib.

Universitetdən Teleqraf.com-a verilən məlumata görə, təhsil müəssisəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov ilk Avropa Oyunlarının ölkəmizdə keçirildiyini yüksək qiymətləndirərək I Avropa Oyunlarında ATU-dan ümumilikdə 1000-ə yaxın tələbənin könüllü olaraq iştirak etdiyini vurğulayıb: “Bunlardan 400 nəfəri 3 ay ərzində universitetin tədris-cərrahiyyə klinikasında təlimlər keçiblər. Onlar “Bakı-2015”də həkim yardımçısı qismində iştirak edəcəklər. Geridə qalan tələbələrimiz isə digər sahələr üzrə çalışacaqlar. Onlarla mütəmadi olaraq əlaqədəyik. Baxmayaraq ki, dərslər bitib, bu tələbələrin bəzilərinin universitet yataqxanasında qalmalarına şərait yaradırıq”.

ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, “Bakı-2015”in ictimai-səhiyyə meneceri İsmayıl Əfəndiyev I Avropa Oyunları Təşkilat Komitəsi ilə əməkdaşlığa 2 il bundan öncə başlanıldığını deyib: “2014-cü ilin may ayında ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ictimai-səhiyyə meneceri vəzifəsinə mənim namizədliyimi təklif etdilər və işə başladım. Əsas işimiz bütün Avropa Oyunlarında iştirak edən komandaların tibbi və antidopinq təminatını, müxtəlif yoluxucu xəstəliklərə yoluxma (zəhərlənmələr) və s. kimi məsələləri yoxlamaqdır. Eyni zamanda, Bakıya gələn çoxsaylı idmançılar, qonaqlar, media, jurnalistlər, həmçinin, adi turistlərin oyunlar zamanı həm profilaktik, həm də müalicəsinin yüksək səviyyədə təşkil edilməsidir. Bunun üçün hər bir idman obyektində xüsusi tibb komandamız var. Orada həm həkimlər, həm rezidentlər, həm də tələbələr çox aktiv iştirak edirlər. Eyni zamanda, qonaqlar qalan məkanlarda xüsusi tibbi komandamız, poliklinikamız fəaliyyət göstərir. Orada da həkimlər, rezidentlər və tələbələr çox aktiv çalışırlar. Eyni zamanda, Atletlər kəndində poliklinikamız var. Orada nəinki xəstənin ilkin müayinəsini aparmaq mümkündür, həm də böyük İdman təbabəti şöbəsi yaradılıb ki, burada da ailə həkimləri, reanimatoloqlar, oftolmoloqlar və diş həkimlərinin kabinetləri var. Burada fəaliyyət göstərən aptekdən həm idmançılar, həm də jurnalistlər dərmanları pulsuz əldə edə bilərlər”.
I Avropa Oyunlarında stomatoloq vəzifəsini yerinə yetirən ATU-nun stomatologiya üzrə həkim-rezidenti Mirzə Mirzəyev isə onunla birlikdə 8 nəfər həkim-rezident stomatoloqun çalışdığını deyib: “Biz gün ərzində 2 növbə olmaqla, Atletlər kəndində olan personala xidmət göstəririk. “Bakı-2015” mənim həyatımda çox dəyişiklik etdi. Həmçinin gələcək işlərimizdə bizə çox böyük kömək olacağını düşünürəm. Yeni bir əhatəmiz yarandı, yeni insanlarla tanış olduq. Biz bunu dünyaya açılan bir pəncərə kimi qəbul edirik. İyun ayının 3-dən işə rəsmi olaraq işə başlamışıq. Bundan öncə treninqlərdə iştirak etmişik, xəstələrlə necə davranmaq, ilkin tibbi yardım və digər istiqamətlərdə təlimlər keçmişik. Bu günlər ərzində bir pasientimizə sadəcə konsultasiya, 2 pasientimizə restavrasiya (plomb dəyişilib) olunub, 2 pasientimizin dişi çəkilib, 1 pasientimiz isə evident olunub”.

ATU-nun məzunu Ağamehdi Axundov iki gündür “Bakı 2015”də çalışdığını deyərək təcrübə baxımından onun üçün çox maraqlı olduğunu söyləyib.

ATU-nun rezidenti Leyla Fətullayeva da 29 maydan etibarən Media kəndində tibb bacısı kimi fəaliyyət göstərdiyini qeyd edib: “Özüm üçün bunu fəaliyyətimdə bir ixtisasartırma, praktiki cəhətdən xeyirli hesab edirəm. Həm də biz orada öz vətəndaşlarımızla yanaşı, xarici vətəndaşları da müayinə edirik ki, bu da olduqca maraqlı haldır”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər