12 İyun 2015 20:57
2 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edir.

Stadionun ətrafında atəşfəşanlıq başlanır.

22:41

Sonra mikrofon önünə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki keçir. O, bu günün tarixi hadisə olduğunu bildirərək deyir: Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq. Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik. Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq.

P.Hikki Avropa Olimpiya ailəsini səmimi qəbul etdiklərinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirir. Qeyd edir ki, “Bakı-2015” uzun yolun ən vacib nöqtəsi və çılğın arzudur. O, AOK-un alovlanan iddiasıdır. Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz.

Avropa Olimpiya Komitəsinin prezidenti idmançılara müraciət edərək onları tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq şansından istifadə etməyə, öz adlarını Avropanın şanlı idman tarixinə yazmağa çağırır.

22:37

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki sözü Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya verdi. Birinci xanım bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edərək deyir: Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir.

Mehriban Əliyeva Bakının ev sahibi seçilməsinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə, Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürünü bildirərək əminliklə qeyd edir ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.

22.30

Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı görünür. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Onlar uçub-keçdikcə ulduzlar Bakı səmasında parlayır. Avropa qitəsinin xəritəsinin hazırlanması üçün 16 lazerdən istifadə olunub. İlk dəfədir bir səhnədə irimiqyaslı animasiya yaratmaq üçün bu qədər lazerdən istifadə edilir.

Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun Buğanın belindəki təsviri qitənin rəmzidir.

Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin “Ot basmış cığırlarla” əsəri Hokon Eustbönün ifasında səslənir. Bu bölmə birinci Avropa Oyunlarının rəsmi açılışını ifadə edir.

22:25

Stadiondakı tablolarda Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada işləyən alimlərin videosu və ixtiraları yayımlanır. Avropa Nüvə Tədqiqatları Təşkilatı 60 ildən çoxdur ki, xalqları elm ətrafında birləşdirərək, sülhə çağırır. Avropa Oyunları beynəlxalq birliyin idmandan od alan yeni məşəlidir.

Böyük adron sürətləndiricisi 100-dən çox xalqı təmsil edən 10 mindən çox fizik və mühəndisin cəmləşdiyi qurumun – Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur. O, dünyanın ən böyük maşınıdır və Avropanın mərkəzində, yerin dərinliklərində saxlanılır.

Yanıb-sönən LED lampalar stadion boyu zərrəciklərin sürətlə dövrə vurması (böyük adron sürətləndiricisi kimi) effektini yaradır.

22:25

Stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirilir. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kriztina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətirirlər.

Stadionda Uilyam Uoltonun “İmperiya tacı” marşı səslənir.

AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldılır.

22:18

Dünya şöhrətli müğənni Ledi Qaqanın ifası açılış mərasiminin vəd edilən sürprizlərindən biri olur. O, piano arxasında əyləşərək “İmagine” (“Xəyal et”) mahnısını ifa edir. Müğənninin ifası hərarətlə qarşılanır və dəfələrlə alqışlanır.

22:13

İdmançılar mərkəzi səhnə ətrafında təntənəli şəkildə addımlayaraq parad zamanı 50 bayraq yerləşdiriləcəyi platformaya aparan pillələrdə toplaşır və tribunalarda yerlərini tuturlar. Sonra bayraqların rəqsi başlayır. Aaron Koplendin “Adi adam üçün şeypur” əsərindən musiqi parçası ilə başlanan 50 bayrağın rəqsi Natiq Şirinovla 50 nağaraçalanın ifasında zərb alətlərinin sədası altında davam edir.

22:07

İdmançıların keçidini ev sahibi - Azərbaycan idmançıları tamamlayır. Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunur. Onların keçidi Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi” muğamı ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamlayırlar.

22:05

Rusiya, San Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna komandaları tribunaların önündən keçirlər. Rusiya komandası bu Oyunlarda ən böyük nümayəndə heyəti ilə - 359 idmançı ilə təmsil olunur. Rusiya Prezidenti Vladimir Putin ayağa qalxaraq ölkəsinin nümayəndə heyətini salamlayır.

Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə qarşılayırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlmiş 190 idmançını salamlayır.

21:57

Mərasim Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya komandalarının keçidi ilə davam edir.

21:52

Onların ardınca İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta komandaları gəlib keçirlər. Əslən irlandiyalı olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkəsinin komandasını sevinclə salamlayır.

21:46

Növbə Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Macarıstan komandalarına çatır. Oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkələrdən biri Almaniyadır. Bu ölkədən Bakıya 266 idmançı gəlib.

21:43

Tribunaların önündən Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Makedoniya komandaları keçirlər.

21:37

İdmançıların keçidini Albaniya, Andorra, Ermənistan, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina idmançıları davam etdirirlər.

21:34

İdmançıların paradı başlayır. Bu mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunur. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil olurlar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəlirlər.

21:33

Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxır. Nizami ağacdan bir nar dərir. Qəfil hər şey donur.

Nizaminin ətrafındakı miniatürlər dünyası yerə bataraq yoxa çıxır, tərəzi uzaqlaşır və ifaçılar səhnəni tərk edirlər.

Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar görünür. Nar paralanır və onun dənələri – yaquta bənzər yüzlərlə şar stadion ətrafında uçmağa başlayır. Uçan nar dənələri sanki idmançıları salamlayırmış kimi, təntənəli bayram əhval-ruhiyyəsi yaradır.

21:28

Üç yüzədək ifaçı səhnə ətrafındakı halqada görünür. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolur. İfaçılar səhnəni göz önündə canlandırırlar. Halqa fırlanmağa başlayır. Miniatür rəsmlərdə təsvir olunan adamlar kuklasayağı hərəkətlər edirlər. Sanki rəsmdəki obrazlar cana gəlir. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparır. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünür.

21:20

Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirir. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayır. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünür. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırır.

Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürür və onun yerində çökəklik yaranır. İlham Zəkiyev tərəfindən çökəkliyə yaxınlaşdırılan məşəl sönür, çökəklik dolur. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladır.

Stadionun ortasından qaya parçası qaldırılır və gələcəkdə görüləcək işlərə işıq salmaq üçün birinci məşəl torpağa basdırılır.

Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf sürünür, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirir, oyadır. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru var. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparır. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəlir. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanır. Qadın fiqur gümüş lövhənin (Ay), kişi fiquru isə qızıl lövhənin (Günəş) üzərində rəqs edir. Onlar Leyli və Məcnunu rəmzləşdirir. Onlar dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirlər.

21:12

Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış alovun səyahət marşrutu nümayiş etdirilir. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazılır.

21:10

Azərbaycan Dövlət Simfonik Orkestri dövlət himnini səsləndirir.

Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirilir.

21:07

Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşiblər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri var.

21:05

Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yaranır. Səhnədən göyə fişənglər atılır. Şeypurda Dmitri Şostakoviçin “Bayram uvertürası”ndan bir parça səsləndirilir. Diqqət VİP-lojalara yönəlir və salamlama başlayır. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayırlar.

21:01

Gurultu eşidilir və stadiona bir anlıq sükut çökür. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın səsi pozur. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başlayır. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyinə işarədir.

Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxır. Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtür. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənib. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.

21:00

Bu da çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an. Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi başladı.

Mərasim bir sıra maraqlı məqamlar və sürprizlərlə zəngin olacaq. Bunu KİV-ə müsahibəsində “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə icraçı direktoru Saymon Kleq deyib. Gözləyək, görək bu sürprizlər nələrdən ibarət olacaq.

20:58

Mərasimi hazırlayan bədii heyətin siyahısına qısa nəzər yetirək: Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir. Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.

20:50

Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı bir neçə dəqiqədən sonra unudulmaz tarixi anın şahidi olacaq.

Paytaxtın xəritəsinə yeni daxil olmuş Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olunacaq. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilib. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaradır. Səhnənin quraşdırılması üç aya başa gəlib.

Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər cəlb olunub.

20:45

Açılış mərasiminə sayılı dəqiqələr qalır. Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən ilk Avropa Oyunlarını tarixi hadisə adlandırırlar. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 11-də AZƏRTAC-a müsahibəsində əminliklə vurğulayıb ki, Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq. Onun sözlərinə görə, “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri olacaq və 6 min atletin 20 idman növündə mübarizəyə qatılması həqiqətən böyük göstəricidir.

20:30

Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın – birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşayır. Tamaşaçılar açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tuturlar. 68 min yerlik stadion dolmaq üzrədir. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatına görə, açılış mərasimi üçün nəzərdə tutulan biletlərin hamısı satılıb.

20.25

İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla bağlı nümayiş etdirilən videoçarx nümayiş etdirildi.

Videoçarx Olimpiya stadionuna toplaşan tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Şounun aparıcı Murad Dadaşov bildirdi ki, 15 dəqiqədən sonra bütün dünyaya bağlanacayıq. Hal-hazırda rəsmi açılış mərasimi üçün son hazırlıqlar görülür.

20:15

Bakı 2015 İlk Avropa Oyunlarında möhtəşəm açılış mərasimi başladı.

Teleqraf.com-un məlumatına görə, artıq Azərbaycan respublikasının prezidenti İlham Əliyev, Bakı 2015 İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və digər rəsmi şəxslər də Olimpiya stadionuna təşrif buyurub.

Qeyd edək ki, rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın Baş naziri Boyko Borisov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qırğızıstanın Baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Dünyanın idman tarixində silinməz iz qoyacaq ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində yüksək səviyyəli qonaqların iştirakı bu Oyunların əhəmiyyətini bir daha təsdiq edir.

Avropa Oyunlarına bütün dünyada böyük maraq var. Qitənin idman tarixində mühüm hadisə olan bu Oyunların Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan və dünyada formalaşdırdığı müsbət imicdən irəli gəlir. Bu amil həm də Azərbaycanda idmana göstərilən qayğı, idman sahəsində əldə olunan uğurlarla da sıx bağlıdır.

Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitliyə və son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərə inamın təsdiqidir. Prezident İlham Əliyevin hərtərəfli fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.

Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətə görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə Avropa Oyunlarının standartını yaradan Azərbaycanı yenidən dünyanın diqqət mərkəzinə çevirir.

Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançının qatıldığı birinci Avropa Oyunları dünya idman tarixində mühüm hadisə kimi qalacaq.































Müəllif:

Oxşar xəbərlər