16 İyun 2015 00:07
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Oyunlarında qazandığım bu medalı ilk növbədə ailəmə, evdə məni gözləyən körpə qızıma həsr edirəm. Qızım mənim üçün darıxır, mən də onun üçün çox darıxıram".

Trend xəbər verir ki, bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarında 55 kq çəki dərəcəsində mübarizə apararaq Azərbaycana bürünc medal qazandırmış qadın güləşçimiz Nataliya Sinişin deyib.

Avropa Oyunlarının 3-cüsünün fikrincə, yarışda medal qazanmaq həmişə xoşdur: "Təbii ki, həmişə qızıla can atmaq lazımdır. Lakin belə yarışlarda bürünc medal qazanmaq da pis nəticə deyil. Demək olar ki, mən qızılı əldən buraxdım. Finala çıxış görüşümdə hesabda irəlidə idim, amma səhvlərə yol verdim və bu mənə qızıl medalı itirmək bahasına başa gəldi. Mən arxayınlaşmadım. Sadəcə, özüm də bilmirəm, necə oldu ki, belə alındı".

N.Sinişin bütün dostlarına, ona bu uğuru qazanmaqda kömək olmuş hər kəsə, məşqçisi olan həyat yoldaşına, Azərbaycan Güləş Federasiyasına təşəkkür edib.

Güləşçimiz yarış zamanı zaldakı tamaşaçıların verdiyi dəstəyə görə də onlara minnətdarlığını bildirib: "Zalın dəstəyi çox möhtəşəm idi. Çox xoşuma gəldi. Mənə azarkeşlik etməyə gələn hər kəsə təşəkkür edirəm! Bu dəstək, səni necə qarşılamalarını, alqışlamarını görmək bizə qalib gəlməkdə çox kömək olur".

Əslən özü də ukraynalı olan Nataliya bürünc medal uğrunda həmvətəni Tetyana Kit ilə görüşməsinə də münasibət bildirib: "Xalça üzərində hər bir güləş prinsipial xarakter daşıyır. Bu, rəqibin rusiyalı, isveçli, amerikalı olmasından asılı olmayaraq belədir. Çünki bu, şəxsi xarakterli yarışmadır. Bu idmandır. Hər kəs özü üçün mübarizə aparır. Hər kəs medal qazanmaq istəyir. Əks halda bu qədər müddətdə məşq etmək nəyə lazımdır?"

Ukraynada olarkən T.Kitlə əvvəllər bir yerdə məşq etdiklərini də deyən N.Sinişin rəqibi haqqında xoş sözlər söyləyib.


Müəllif:

Oxşar xəbərlər