17 İyun 2015 11:00
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Lider Televiziyasının efirində “ingilis turist”in müsahibəsi qalmaqala səbəb olub.

Belə ki, özünü turist kimi təqdim edən şəxsin Cəbrayıl rayonundan məcburi köçkün olan Seymur Səfərov adlı gənc olduğu məlum olub. Sözügedən müsahibə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Lider Televiziyası da efirində gedən bu qalmaqallı məsələyə münasibət bildirib və özünü xarici vətəndaş kimi təqdim edərək müsahibə verən şəxsi təxribatçı adlandırıb.

Media eksperti Ələsgər Məmmədli isə bu məsələdə hər iki tərəfi günahkar hesab edib.

Ələsəgər Məmmədli AzNews.az-a açıqlamasında bildirib ki, əgər jurnalist peşəkar olsaydı, bu problem baş verməzdi:

“O video reportaja baxdıqdan sonra müəyyən etdim ki, həmin şəxsin yaxasında şəxsiyyətini təsdiq edən kart var. Kartın ona məxsusluğunu isə aydın görmək olmur. Jurnalist müsahibə almaq istədiyi şəxsin kartına diqqət yetirməli, o kartda müsahibinin doğru adını öyrənməli və ona öz adıyla müraciət etməli idi. Həmin vaxt isə ondan şəxsiyyət vəsiqəsi soruşmağa ehtiyac yoxdur. Bu baxımdan jurnalistin diqqətsizliyi göz qabağındadır. Onun həm də obyektiv informasiya yazmaq öhdəliyi var. Vətəndaş onu aldatmağa cəhd göstərsə belə jurnalist öz tamaşaçısına hörmət etmək baxımından obyektiv informasiyaya əmin olduqdan sonra onu efirə verməlidir”.

Ələsgər Məmmədli vurğulayıb ki, burada qarşı tərəfin də günahı böyükdür: “O, özünü olduğu kimi təqdim etməyib. Düzdür, onun bu addımı atan zaman hər hansı bir hüququ məsuliyyəti yoxdur”.

Media eksperti hesab edir ki, bu olayla bağlı televiziya məhkəməyə müraciət etməlidir: “Çünki o, müsahibini başqa bir şəxs kimi təqdim edir. Bu məsələ əslində birmənalı deyil. Burada televiziyanın reputasiyası məsələsi də var. Jurnalist informasiyanı dəqiq verməli idi. Müsahibin başqa bir şəxsin adından danışmağı isə ayrıca bir günahdır.

İndiki halda onlar topu qarşı tərəfə atırsa, günah onlardadır. Bunun davamı olaraq Televiziya öz reputasiyasını qorumaq üçün həmin şəxsi məhkəməyə verməlidir. Əgər vermirsə, deməli, qarşılıqlı razılaşma məsələsi ortaya çıxır. Bu məsələlərdə televiziyaların hüququ məsuliyyətdən daha çox etik məsuliyyəti var. Çünki belə yanlış informasiyalarla öz auditoriyasını itirir. Televiziyanı ayaqda saxlayan onun tamaşaçısıdır, əgər o yoxdursa, deməli televiziyanın özü də yoxdur. Ümumiyyətlə, televiziyalar öz auditoriyasına hörmətlə yanaşmalıdır”.

Tanınmış vəkil Elçin Sadıqov da hesab edir ki, "Lider" məhkəməyə müraciət etməlidir: “ Lider Televiziyası ona vurulan zərərin ödənilməsi ilə bağlı o şəxsə qarşı iddia qaldıra və təzminat ala bilər. Təzminatın məbləğini isə yalnız məhkəmə müəyyənləşdirəcək”.

Vəkil hesab edir ki, əgər Lider Televiziyasının günahı sübut olunarsa, Milli Televiziya və Radio Şurası həmin qurumu cəzalandırmalıdır.


Müəllif:

Oxşar xəbərlər