29 İyun 2015 18:41
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl İsrailin "Birinci radio" radiostansiyasında tanınmış radioaparıcı Mark Kriçevskinin bir saat sürən populyar "Persona qrata" verilişində "Bakı - 2015" birinci Avropa Oyunlarından söz açılıb. Verilişdə Azərbaycanın çoxşaxəli xarici siyasət doktrinası, Ermənistan-Azərbaycan münaqişəsi, İsrail-Azərbaycan münasibətlərinin müasir mərhələsi və perspektivləri, Azərbaycan Respublikasının möhtəşəm inkişafı, habelə bu yaxınlarda Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində olmuş Mark Kriçevskinin yol qeydləri geniş şərh və təhlil olunub.

"Birinci radio"nun daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut M.Kriçevski ilə söhbətində bildirib ki, Prezident İlham Əliyev geniş əhatəli fəaliyyəti ilə Azərbaycan xalqının sevgisini və ehtiramını qazanıb. A.Qut deyib: "İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiyanı uğurla davam etdirir. Azərbaycan Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə, ərazilərinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqının və məcburi köçkünün olmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkir və çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşir. Münaqişənin həllində Ermənistanın pozucu mövqeyi Azərbaycanı digər təzyiq vasitələrinə əl atmağa məcbur edir. Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğını hələ heç kəs unutmayıb. Bu qırğın nəticəsində bir gecədə 613 dinc sakin məhv edilib. Bəli, təəssüf ki, Ermənistanın işğalçı qoşunları Azərbaycanın zəbt olunmuş bütün şəhərlərini praktiki olaraq yer üzündən silib, bütün tikililər məhv edilib, demək olar hər bir ev qarət edilib, sonra da yandırılıb. Bütün bu faktlar Ermənistanın Azərbaycan ilə sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübuta yetirir və məhz buna görə 20 ildən çox davam edən danışıqlarda heç bir nəticə və real irəliləyiş əldə olunmayıb. Rəsmi Bakı tamamilə ədalətli şəkildə Qarabağ münaqişəsinə rəsmi Yerevanın ərazi iddiaları kontekstində baxır və buna görə də münaqişənin "dövlətlərin ərazi bütövlüyü" beynəlxalq prinsipi, Azərbaycanın 1992-ci ildə BMT-yə daxil olduğu zaman onun beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində nəzərdən keçirilməsinə israr edir. Prezident İlham Əliyevin strategiyası müasir Azərbaycanın möhtəşəm modeli nümunəsində dünyada tolerantlığın və multikulturalizmin təbliğinə yönəlib. Müasir Azərbaycan məhz Prezident İlham Əliyev sayəsində unikal dünyəvi ölkədir və islam dünyasının tərəqqisi üçün həqiqi mayakdır. Qərb praqmatizmi ilə Şərq qonaqpərvərliyi və ənənələrinin sıx birləşdiyi bu ölkə yüksək iqtisadi sürətlə inkişaf edir. Azərbaycanın paytaxtı Bakı beynəlxalq humanitar əməkdaşlıq məkanına, "intellektual Davosa", habelə 2015-ci ildə birinci Avropa Oyunlarının keçirildiyi məkana çevrilib.

"Birinci radio"nun informasiya xidmətinin başçısı, Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən Mark Kriçevski bildirib ki, açılış mərasimi fövqəladə olub. Əsl şedevr idi. Burada Qərb ilə Şərq bir-biri ilə rəqabət aparmır, əksinə bir-birini tamamlayırdı. O vurğulayıb: "Mən nadir hallarda birmənalı qiymət verirəm. Amma bu məqam həqiqətən heyranlıq hissi doğurur. Qeyd edim ki, adamların həddindən çox olmasına baxmayaraq, nə stadionda, nə də metroda hər hansı təhlükə hiss etmədim. Hər şey dəqiq təşkil edilmişdi. Olimpiya stadionun özündə misli görünməmiş təhlükəsizlik tədbirləri görülmüşdü. Hətta İsraildə də belə təhlükəsizlik tədbirləri xatırlamıram. Bir faktı da qeyd etmək istəyirəm: Bakıda olanda həmişə deyirdim ki, israilliyəm və heç bir təhlükə hiss etmirdim. Əksinə, qonaqpərvər azərbaycanlıların mehriban münasibətini görürdüm".

A.Qutun sözlərinə görə, Bakıda birinci Avropa Oyunlarının keçirilməsi faktı ilə təkcə Azərbaycan deyil, əslən Azərbaycandan olan, amma hazırda bu ölkənin hüdudlarından kənarda yaşayan hər kəs fəxr edə bilər. Yəhudilər Azərbaycanda özlərini heç vaxt əcnəbi kimi hiss etməyiblər. Onlar həmişə Azərbaycan cəmiyyətinin bir hissəsi olublar. Bugünkü amansız dünyada istər müsəlman, istər xristian olsun, Azərbaycan kimi elə bir ölkə tapın ki, orada Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa olunsun. Azərbaycanın qüruru olan Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə unikal yerdir. Burada əsrlər boyu yəhudilər və azərbaycanlılar doğma qardaş kimi yaşayırlar, onları ümumi tale birləşdirir. İsrail Dövləti Azərbaycan rəhbərliyinin yəhudi icmasına ehtiramını və mehriban münasibətini yüksək qiymətləndirir. İlham Əliyevin müstəqil xarici siyasət xətti sayəsində İsrail Azərbaycanın çoxşaxəli xarici siyasətində xüsusi yer tutur. Təəssüf ki, bu yaxınlarda Qərbin, o cümlədən İsrailin bəzi KİV-lərində Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini axıradək anlamayan və başa düşməyən marginal jurnalistlərin antiazərbaycan ruhlu provokasiyalı məqalələri yer alıb. Əminəm ki, bu jurnalistlər əsla İsrail Dövlətinin rəsmi mövqeyini əks etdirmirlər. Ölkələrimizi strateji xarakter daşıyan möhkəm tərəfdaşlıq münasibətləri bağlayır. İsrailin dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri olması faktdır. İsrail də Azərbaycanı neft-qaz, telekommunikasiyalar və kənd təsərrüfatı sahələrində qabaqcıl texnologiyalarla təchiz edir, Azərbaycanın hərbi sənayesinin inkişafına kömək göstərir".

A.Qutun Qərb ölkələrinin müəyyən dairələrinin Azərbaycana açıq, bəzən sifarişli hücumlarının əsassızlığı barədə şərhlərinə reaksiya verən Mark Kriçevski bildirib ki, bunu təbii qəbul etmək, sakit yanaşmaq lazımdır. Doğrudur, çox çətindir, bəzən isə adama çox ağır gəlir. M.Kriçevski deyib: "İsrailin keçmiş baş naziri Qolda Meirin belə bir hikmətli kəlamı var: "Dünyada nə deyirlər-desinlər, əsas məsələ yəhudilərin nə etdiyidir". "Yəhudilər" sözünü "azərbaycanlılar" sözü ilə əvəzləyin, onda sualınıza cavab taparsınız. Öz yolunuzla gedin, başqalarının sizdən istədikləri işləri deyil, Azərbaycan üçün daha yaxşı və faydalı olan işləri görün. Bədxahlarınıza isə labüd şər kimi yanaşın. Onlar həmişə olublar, vardırlar, bundan sonra da olacaqlar. Bədxahlar və paxıllar inkişaf üçün daha bir stimul olmalıdır".

Arye Qutun sözlərinə görə, XX əsrin 90-cı illərinin əvvəlinin Azərbaycanı ilə bugünkü Azərbaycan müqayisəyə gəlmir. İsrail eksperti "birinci radio" radiostansiyasının populyar "Günün detalları" verilişində deyib: "O dövrdə Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. Ölkədə hakimiyyətin daim dəyişməsi, Ermənistan ilə ərazi-etnik, daha sonra isə hərbi münaqişə, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı törətməsi ilə müşayiət olunan siyasi kataklizmlər baş verirdi. Heydər Əliyev ölkəni fəlakətli vəziyyətdə qəbul etdi. Əslində onu yenidən qurmağa başladı, artıq bir neçə il sonra Azərbaycanı sabit, real, müstəqil dövlətə çevirdi. Bu gün görürük ki, Azərbaycanın dövlət başçısının ardıcıl siyasəti nəticəsində "güclü iqtisadiyyat - güclü dövlət" və "güclü ordu - güclü dövlət" prinsipi təmin olunur. İlham Əliyevin 12 illik prezidentliyi dövründə ölkənin simasının tamamilə dəyişdiyini əminliklə demək üçün indiki Bakının küçələrini gəzmək, ölkənin regionlarına getmək kifayətdir. Geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində bu gün Azərbaycanın regionun ən qüdrətli dövlətinə və liderinə çevrilməsi də faktdır. Regionda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll olunmur".

Mark Kriçevski vurğulayıb ki, ikinci dəfədir Azərbaycanda olur və müasir Azərbaycanı insanlara göstərmək istərdi. O deyib: "Təəssüf ki, israillilər bu gözəl və qonaqpərvər ölkəni, onun xalqını hələ çox az tanıyır. Bakıya səfərim zamanı öyrəndim ki, Azərbaycanda qadınlara səs vermək hüququ hələ 1918-ci ildə, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yəni Böyük Britaniyada və Amerikada olduğundan tez verilib. Ölkələrimiz təkcə hökumətlər səviyyəsində deyil, həm də sadə insanlar səviyyəsində bir-birinə açıq olmalıdır, çünki ölkələrimiz və xalqlarımız arasında çox mühüm körpü – Azərbaycanın yəhudi icması və İsraildə əslən Azərbaycandan olanlar icması mövcuddur. Bakıda birinci Avropa Oyunları çox gözəl idman tədbiridir. Bu Oyunların davamını görməyi çox istəyirsən. Azərbaycan çox iş görüb və Avropa Oyunlarını keçirmək üçün Avropaya yüksək səviyyə göstərib. Digər tərəfdən Bakı möhtəşəm şəhərdir. Onu mütləq görmək lazımdır. Bu şəhərə vurulmamaq mümkün deyil. Mən Bakıdan böyük məhəbbətlə və bir daha bura dönəcəyimə əminlik hissi ilə ayrıldım. Otuz il əvvəl Bakını tərk edən, amma bu gözəl şəhərə sevgisini qoruyub saxlayan bakılıları yaxşı başa düşürəm".


Müəllif:

Oxşar xəbərlər