Bu gün “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində Avropa Oyunlarının ulduz elçiləri ilə görüş keçilirib.
Teleqraf.com xəbər verir ki, tədbirdə ulduz elçilər mükafatlandırılıb.
Mərasimi giriş sözü ilə açan Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq ulduz elçilərin Avropa Oyunlarındakı işini yüksək qiymətləndirib. O bildirib ki, elçilər Avropa Oyunlarının əhali arasında populyarlaşmasında, daha çox insanların bu yarışlara cəlb olunmasında əvəzsiz xidmətləri olub: “Siz tanınmış simalar kimi Avropa Oyunlarında çox zəhmət çəkdiniz. Hamınıza təşəkkürümü bildirirəm. Məşhur insanların kimi hər birinizin çox sıx iş qrafikiniz olub, buna baxmayaraq vaxt ayırıb Avropa Oyunlarında elçi kimi üzərinizə düşən öhdəsindən layiqincə gəlmisiniz”.
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov elçiləri təbrik edib, onların bu məsuliyyətli işə təsadüfi seçilməyini deyib. Onun sözlərinə görə, seçim edərkən tanınmışların cəmiyyətdə necə sevilməsi, hansı formada sevilməsi önəmli rol oynayıb: “Avropa Oyunlarının ulduz elçilərinin cəmiyyətdə böyük pərəstişkarları var. Ona görə məhz sizin üzərinizdə dayandıq. Avropa Oyunlarının uğurla başa çatması böyük qələbədir və bu qələbənin əldə olunmasında ulduz elçilər öz töhfələrini verdilər. Hamını təbrik edirəm”.
Tədbirin sonunda ulduz elçilərə xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Avropa Oyunlarının ulduz elçiləri Eldar Qasımov, Nigar Camal, Tünzalə Ağayeva, Murad Dadaşov, İlkin Həsəni, Röya, Cabir İmanov, Tahir İmanov, Rafael İsgəndərov, Coşqun Rəhimov, Miri Yusif, Dj Shock, Bəhram Bağırzadə, Hacı Nuran, Azər Qərib olub.
Nərmin