15 Noyabr 2014 12:57
7 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı sevilən bəstəkar Aygün Səmədzadədir. Redaksiyamıza əlidolu gələn Aygün xanım film və tamaşalara yazdığı musiqilərdən, müəllifi olduğu mahnıların hüquqlarının qorunması istiqamətində çabalarından danışdı. Tanınmış bəstəkarımız oxuduğu kitablardan, heyvanlara olan sevgisindən söz açdı. O, həmçinin məşhur "Bu dünyanı nağıl bilək" mahnısının ərsəyə gəlməsindən bəhs etdi.

"Teatrda ilk dəfə "Qatil" tamaşasına musiqi yazmışam"

Nərgiz Ehlamqızı: Aygün xanım, bu yaxınlarda Məlahət Abbasovanın rejissoru olduğu "Şekspir" tamaşası Türkiyədə səhnəyə qoyuldu. Son zamanlar "Şekspir" də daxil olmaqla bir çox tamaşa və filmlərə musiqi yazdığınızın şahidiyik. Filmə və ya tamaşaya musiqi yazmaq Sizə nə qədər yaxındır?
- Hər bir yaradıcı insanın həyatında müəyyən mərhələ olur. Mənim üçün də kino musiqisi ayrı, teatr musiqisi ayrı mərhələdir və ən sevdiyim sahələrdir. Mahnı mənim özümü, içimi ifadə edən subyektiv, həm də demokratik janrdır. Teatr və kino artıq daha mühüm addımlardır. Uşaqlıqdan filmlərə musiqi yazmağı arzu eləmişəm. Kino musiqisinə marağım böyük olub. Gözəl kino musiqisini sevirəm. Hər bir ədəbi əsərin səhnədə və filmdə reallaşması üçün ən vacib şərtlərdən biri onun musiqisinin gözəl olmasıdır. Mənim də bu sahədə bir neçə işim var, əlbəttə, çox işlər görmək istəyərəm. Amma hər təklifi də qəbul edə bilmirəm. Teatrda ilk dəfə 2003-cü ildə "Qatil" tamaşasına musiqi yazmışam. 2012-ci ildə bu tamaşa yenidən səhnəyə qoyulanda bu musiqidən istifadə olundu. Mənə çatan xəbərlərə görə, sosial şəbəkələrdə bu musiqi indi daha populyardır. Hüseyn Cavidin pyesi əsasında səhnələşdirilən "Əmir Teymur" tamaşasında Mehriban Ələkbərzadə ilə, Stefan Sveyqin "Yad qadının məktubu"nun eyniadlı tamaşasında Bəhram Osmanovla birgə çalışmışam. Kino musiqisi sahəsində Elxan Cəfərovun "Əlavə təsir", Fikrət Əliyevin "Axırıncı dayanacaq" filminə musiqi yazmışam. Bir də "Sirr" serialının musiqisi mənə aiddir.

Naibə Qurbanova: "Sirr" serialındakı mahnı çox məşhur oldu. O mahnı 2 yaşlı oğlumun ən sevimli mahnısıdır. İndi də o musiqini dinləyir.
- Çox sağ olun. O serialın musiqisini sevərək işlədim. İstəyirəm ki, çalışdığım əsərlərdə özümdən müəyyən qədər razı qalım.

Nərmin Muradova: Filmin ssenarisi, ya pyesin özü Sizi cəlb edir, yoxsa işləyəcəyiniz insanlar?
- Mənə əsərin təqdimatı önəmlidir. Ola bilər ki, əsər o qədər də güclü olmasın, çalışacağım insanlara münasibətim yaxşıdırsa, mənə o əsəri sevdirə bilirsə, onda işləyirəm.

“"Qatil", “Yad qadının məktubu” tamaşalarında mahnını özüm ifa etmişəm"

N.Qurbanova: Arada mahnılarınızda səsinizi eşidirik. Elə təəssürat yaranır ki, Aygün Bəylərin "Darıxdım" mahnısındakı ifasından sanki razı qalmırsınız, özünüz oxumağa başlayırsınız.
- O, ekspromt olub. Konsertdə royalda ifa edirdim, Aygün Bəylər oxuyurdu, birdən mikrofonu mənə uzatdı və oxumağa başladım. Sonra həmin səsyazma o qədər sevildi ki, biz radiolara o cür təqdim etdik. Bu, studiyada yazılmayıb. Amma "Qatil", "Yad qadının məktubu" tamaşalarında mahnını özüm ifa etmişəm. Bu, mənim şəxsi istəyim olub, içimdə istəmişəm. Rejissorlar deyəndə ki, müğənni yox, sən oxu, o, mənə daha xoş olub. Tamaşalarda musiqi başqa cür ifa olunmalıdır, o, qəhrəmanın daxili aləmini açmaq üçündür. Müğənnilər oxuyanda səhnədə, tamaşaçı üçün oxuyur. Rejissor onu hiss edir və konsert ifasını istəmir. Ona görə rejissorlar mənim səsimi çox sevir. Özüm də səsimi sevirəm (gülür).

N.Muradova: 60 mahnıdan ibarət albomunuz çıxanda, yəqin, öz ifalarınız albomda yer alacaq.
- Öz ifalarım olacaq. Son filmdə, "Axırıncı dayanacaq"da mahnını özüm ifa eləmişəm. Bilmirəm nə dərəcədə düz elədim, amma belə istədim. Müğənnilər məndən "Qatil"dəki, "Axırıncı dayanacaq"dakı mahnıları istəyirlər. Amma tamaşaya, kinoya yazdığım və özümün ifa etdiyim mahnılar mənə çox doğmadır, heç kəsə verə bilmirəm.

N.Qurbanova: İncəsənətdə olan bəzi insanlar siyasətə meyl edirlər. Atanız Ziyad Səmədzadə siyasətçidir, iqtisadçıdır, amma Siz daha çox mədəniyyətə, oxumağa yönəlirsiniz. Bu, nə ilə əlaqədardır?
- Mənə elə gəlir ki, insanlar hansısa tərəflərə yönəlməməlidirlər. Sənin içində nə varsa, öz yolunu getməlisən. Fikirləşmirəm ki, hansısa sənət adamının birdən-birə gedib siyasətçi olmağı düzgündür. Mən onu anlaya bilmirəm. Mənim siyasətdən anlayışım sıfırdır. Evdə kimsə gülmək istəyəndə mənə siyasətdən sual verir (gülür).

Nemət Orucov: Atanız Ziyad Səmədzadə tanınmış iqtisadçıdır. Bəs Siz iqtisadiyyatı necə bilirsiniz?

- İqtisadiyyat böyük elmdir və bu sahənin bilicisi olmaq da hər adama nəsib olmur.

N.Ehlamqızı: Xəbərləri izləyəndə siyasi xəbərlər marağınıza səbəb olur?
- Məsələn, bir xəbər deyin görüm diqqət eləmişəm?

Dilqəm Əhməd: Ötən gün sevindirici xəbər oldu, hava məkanımıza daxil olan Ermənistan helikopteri vuruldu.
- O, axı sıradan bir siyasi xəbər deyil, hərbi, vətənpərvərlik məsələsidir. Bəli, izləmişəm. Dünyadan elə də bixəbər deyiləm, kütləvi informasiya vasitələrini izləyirəm (gülür).

“Vətənpərvərlik mövzusunda mahnılara senzura tətbiq edilməlidir”

N.Ehlamqızı: Vətənpərvərlik mövzusunda mahnıların keyfiyyəti, sayı tez-tez müzakirə olunur. Sizin bu barədə fikirləriniz nədən ibarətdir?
- Elə bir dövrdə yaşayırıq ki, vətənpərvərlik mahnıları çox yazılmalıdır. Düzdür, müasir yazarlarımızın bəziləri öz əsərlərində bunu lağa qoyurlar. Mənim o yazıçılarla problemim yoxdur, onların əsərlərini də oxuyuram. Deyirlər ki, heç bir ölkədə Azərbaycandakı qədər Vətən haqqında mahnı yoxdur. O fikirlər bir az mübahisəlidir. Azərbaycanı ürəkdən sevmək lazımdır. Təəssüf edirəm ki, telekanallar ölkəmizlə bağlı mahnıları ancaq bayram günlərində səsləndirirlər. Amma bunlar hər səhər millətin eşidəcəyi musiqi olmalıdır.

“Təqsir o mahnını müğənniyə həvalə edəndədir”

D.Əhməd: Vətənpərvəlik mahnılarını elə müğənnilər ifa edir ki, cəmiyyətdə xoş qarşılanmır.
- Düz deyirsiniz, təqsir o mahnını müğənniyə həvalə edəndədir. Mahnı sahəsində senzura tətbiq edə bilmirlər. Heç olmazsa, köhnə xalq mahnıları və vətənpərvərlik mövzusu ilə bağlı mahnılara senzura tətbiq edilməlidir ki, kənardan dinləyən şəxs ölkənə qeyri-ciddi baxmasın.

D.Əhməd: Sosial şəbəkədəki çevrəniz necədir?
- Dostluq göndərəndə baxıram, o insanın çalışdığı sahə mənim sahəmə yaxındırsa, tanıdığım adamlardırsa, jurnalistlər və incəsənət xadimləridirsə, qəbul edirəm. Maraqlı adamlarla dostluq edirəm. Amma hamı ilə "salam, necəsiniz" kimi ünsiyyətə də girmirəm. Daha çox musiqilər paylaşıram. Bu gün çirklənmiş səslər mühitində gözəl əsərlər seçib paylaşmağı sevirəm. Bu, mənim musiqişünas kimi vəzifəmdir. İnsanlar paylaşmalar içərisində yaxşıları da görməlidir.

N.Ehlamqızı: Facebook-da bir neçə dəfə müğənnilərin mahnıların bəstəkarı və söz müəllifinin adını çəkməməsi ilə bağlı statuslar yazdınız. O iradınızdan sonra müğənnilər tərəfindən müsbət reaksiya oldu?
- İlk mahnılarımı yazanda mənim üçün vacib idi ki, hansısa müğənni adımı çəksin. Tək mən belə deyiləm, bütün təzə başlayan gənc bəstəkar və şairlər diqqət edirlər, görək müğənni onun adını çəkəcəkmi. Çünki mahnının müəllifləri var. Sən o mahnını sevərək oxuyursansa, ilk növbədə müəllifinə hörmət eləməlisən. Bəzi müğənnilər çox zaman əvvəl-əvvəl ad çəkmirlər, çünki müəllif tanınmır, sonralar çoxu da ona görə ad çəkmir ki, müəllifin adı müğənninin adını kölgədə qoyar. Amma hər iki halda bunu müğənnilərin mədəniyyətsizliyi və müəllif hüquqlarını pozması kimi qiymətləndirirəm. Bir də görürəm ki, Youtube-da hansısa müğənni və ya instrumental ifaçı mahnımı ifa edib, amma öz adını yazıb. Mən ona müraciət edib deyə bilərəm ki, birincisi, o mahnını yığışdırın, icazəsiz ifa etməyin, yaxud müəllifin adını qeyd edin. Bu hallarla rastlaşan kimi həmin insanlara etirazımı bildirirəm.

"Atam bu fikrimə qarşı çıxır"

N.Muradova: Bir dəfə, deyəsən, Cavanşir Məmmədov efirdə musiqinizi icazəsiz oxumuşdu.
- Elə mahnılar var ki, onlar çox populyardır, onu hər müğənni oxuya bilər. Hansısa ifaçıya verdiyim mahnını bir başqasının oxumasını xoşlamıram. Həmişə atam bu fikrimə qarşı çıxır, deyir qoy oxusunlar, etiraz eləmə. Təsadüfən baxdığım bir veriliş vaxtı Cavanşir Məmmədova zəng edirlər ki, xahiş edirik "Bakı haqqında nağıl"ı oxuyasınız. Bu hal bir az maraqlı və gülməli gəldi. Bu mahnını Eyyub Yaqubovdan xahiş etmək olar. Mahnını hansı müğənniyə həvalə etmişəmsə, deməli, mənim ifaçım odur.

N.Muradova: Tez-tez mahnını bir müğənnidən alıb digərinə verirsiniz. Bunun səbəbi aranızda yaşanan konfliktlərdir, yoxsa ifanı bəyənmirsiniz?
- Mahnını almıram, mahnı kimdədirsə, oxuyur. Qadağalar qoymuram ki, sən oxuma. Amma mahnılarıma hörmət edirəm. Fikirləşmirəm ki, müğənni mahnını aylarla, illərlə saxlayıb oxumaya, mahnıya etinasız yanaşa bilər. Yaxud müğənnidə insan kimi səhv addım görərəmsə, onda da mahnını əlindən ala bilərəm. Buna hər bir şairin, bəstəkarın ixtiyarı var. Məncə, onlar bu ixtiyara malik olduqlarını tez-tez vurğulamalıdırlar. Çünki bəzi insanlar mahnılarının səslənməsi xatirinə müğənnilərlə başqa cür davranırlar. Mənsə düşünürəm ki, hörmət qarşılıqlı olmalıdır. Sənə, sənin yaradıcılığına nə qədər hörmət qoyurlarsa, sən də onu göstərməlisən.

N.Muradova: Müğənni deyir ki, mahnını bəstəkardan almışamsa, mənə məxsusdur.
- Sırf mahnı biznesi ilə məşğul olmadığıma görə deyə bilmərəm ki, müğənni məndən mahnını alıb. Azərbaycanda mənim mahnımın tam qiymətini verə biləcək müğənni görməmişəm. Mahnıya bu qədər qonorar ödəyirəm bütün hüquqları məndədir deyən biri olmayıb. Elə bir şey deyən olarsa da, mahnımı vermərəm. Çünki düşünmürəm ki, mahnım hansısa müğənnini şəxsi mülkiyyətinə çevrilməlidir. Qoy maddi tərəfdən o mahnıdan mənə xeyir gəlməsin, əsas odur mənəvi tərəfdən o mahnının sahibiyəm.

N.Muradova: Deyəsən, Sibel Cana “Tut ağacım” mahnısını ifa etməyə icazə verməmisiniz.
- Jurnalistlər o məsələni başqa cür təqdim etdilər. Əslində, hər bir adam istəyər ki, onun mahnılarını bu cür tanınmış ifaçılar oxusun. Mənə “Tut ağacım” mahnısı ilə bağlı müraciət olunmuşdu. Razılıq verdim. Sonra türk şair zəng elədi, dedi ki, mahnıda təkcə tut ağacı sözünü saxlayıb qalan sözləri dəyişib eşq hekayəsi kimi təqdim edəcəyəm. 2008-ci ildə olan söhbəti danışıram. Dedim ki, artıq mahnı 10 ilə yaxındır oxunur, o sözlərlə də tanınıb, biz sizin mahnıları oxuyanda heç vaxt tərcümə etmirik. Azərbaycan dili də türk dili hesab olunursa, “Tut ağacım”ı da bizim dilimizdə oxumalısınız. Təbii, o qadının da marağı vardı ki, mahnıda adı şair kimi təqdim olunsun. Söylədi ki, bu şəkildə alınmaz. Dedim, alınmazsa, oxumasın. Yəni qadağan etməmişəm, konkret demişəm ki, mahnı Azərbaycan dilində oxunmalıdır. Bizim jurnalistlər də şişirtdilər ki, qadağa qoyuldu filan. Bu gün yenidən o söhbətə qayıdılarsa, yenə də eyni fikirdə qalacağam. Dilimizin mənafeyindən çıxış edirəm, fikirləşirəm ki, türklərlə bir-birimizə qardaşıq deyiriksə, türk dili doğma dil sayılırsa, ortaq məxrəcə gəlmək olardı.

N.Qurbanova: Bütün mahnılarınıza qarşı, hətta onun sonrakı mərhələsində də diqqətli olan bəstəkarlardansınız. Amma kliplərdə bir uyğunsuzluq olur. Oraya müdaxilə etmək imkanınız var?
- Məsələn hansı klipdə?

N.Qurbanova: “Bu dünyanı nağıl bilək” mahnısının klipində.
- O klipi vaxtilə o qədər tənqid etmişəm ki.

N.Qurbanova: Bu, təkcə Sizin iradınız deyildi, tamaşaçılar da razı qalmadı. Gözləyirdik ki, klipdə dəyişiklik olacaq.
- Mən etirazlarımı bildirmişdim, verilişlərə çıxmışdım, hətta gülməli söhbətlər də olmuşdu. Sonra fikirləşdim ki, bu da rejissorun baxışı idi. O musiqini o qədər sevmişdi ki, bu dünyanı nağıl bilməsi klipdə başqa cür təzahür etmişdi. Şəhər yaddan çıxmışdı, şəhər, küçədən bəhs edən söhbət otluğa, samanlığa getmişdi. Amma görünüş baxımından pis deyildi. Sonra mahnı çox oxundu. Bəlkə, yenidən səslənmə, aranjiman barədə bir şey fikirləşərəm. O klip fikirlərimin tam əksi olub. Amma o klip müsabiqələrdə qalib gəldi, kino insanları tərəfindən qəbul olundu. Musiqi baxımından klip ritmə, tempə uyğun gəlir, sadəcə, mahnıdakı sözlərə fikir verilməyib. Sizə bir şey deyim, bizim çox gözəl rejissorumuz vardı, rəhmətlik Samir Qasımov mənə deyirdi ki, klip, yaxud film çəkirəmsə, həmişə qulaqcığımda “Bu dünyanı nağıl bilək” mahnısını dinləyirəm. Qulaqcığımda o mahnı səslənir, mənsə başqa musiqiyə klip çəkirəm. Onun bəzi işlərinə sonra baxdım, o mahnımın sözlərinin əksini başqa mahnının klipində gördüm. Sonradan Samir haqqında film çəkmişdilər, gördüm ki, film boyu fonda “Bu dünyanı nağıl bilək” mahnısı səslənir. Bildim ki, bu söz tək mənə deyilməyib, yaradıcı dostlarının hamısı onu bilirdi.

N.Muradova: Deyirsiniz, musiqi dinləyəndə ağlamırsınız, amma filmlərə baxanda təsirlənirsiniz. Bu, doğrudan belədir?
- Onu mən səhv demişəm, musiqi dinləyəndə hərdənbir ağlayıram (gülür). Hər şey insanın əhvalından, həmin anda olan hisslərindən asılıdır. Ola bilər həmin vaxt acıqlı olasan, yaxud deyəsən bu nə idi mən buna qulaq asdım, ağladım.

N.Ehlamqızı: Şeirin üzərinə musiqi bəstələyirsiniz, yoxsa musiqi yazıb şeirə uyğunlaşdırırsınız?
- İlk vaxtlarda musiqi bəstələmişəm, ona uyğun şeir yazılıb. Bizim ilk işlərimiz Xanım İsmayılqızı ilə olub. Mən mahnıya özüm şeir yazırdım, sonra öz şeirimi istəmirdim, deyirdim, bu hecalı başqa şeir verin. Xanım əziyyətimi o vaxt çox çəkib. “Ömrümüzün ilk sevgisi”, “Ruhumuz qovuşacaq” və bir neçə mahnı var ki, musiqi yazmışam, sonra şeir uyğunlaşdırılıb. Sonradan şeirlərə musiqi bəstələməyə başladım. Düşünmürəm ki, nə vaxtsa yenidən əvvəlcə musiqi yazaram. Çünki musiqi çox vaxt şeirdən gəlir. Amma yenə də o mahnılara fərq qoymuram.

“Rəfiqəmə zəng vurdum ki, həyatından mahnı yazdım”

N.Qurbanova: Adətən, nədən sonra yazmaq istəyirsiniz? Yazarlar özünü kədərli, yaxud sevincli hiss edir, hansısa hadisədən sonra bir əsər yaradır.
- Bilsəydim onu, hər dəfə onu edib yazardım. O, bizdən asılı deyil ki. Mahnıları 5 dəqiqəyə yazıram. “Bu dünyanı nağıl bilək” mahnısını yazanda səhər tezdən təxminən saat 5.00-da yuxudan ayıldım, iş masamın üstü kağızlarla dolu olur, Kəmalə Abıyevanın şeirini götürüb ona mahnı yazmışam, gedib yatmışam. Sonra təzədən durub musiqini ifa etmişəm, bir rəfiqəmə zəng vurmuşam ki, sənin həyatından mahnı yazdım (gülür). Çox ildırım çaxanda, yağış yağanda mütləq nəsə yazıram. Yağış mənə musiqi gətirir. “Sirr” serialındakı musiqini dediniz, onu bir günə yazmışam. Təsadüfən sifarişlər sentyabrda verilir, oktyabrda yağış yağır, mən onları yazıram (gülür).

"Bəstələrimdən biri Heydər Əliyevin sevimli mahnısı idi"

N.Orucov: Sizin “Tut ağacım” mahnınız mərhum Heydər Əliyevin çox xoşuna gəlirdi. Hətta bir dəfə dinləyərkən kövrəlmişdi.
- Bəli, o lent efirlərdə göstərilir. Ümummilli lider Heydər Əliyev musiqini dinləyib təsirlənib, o kadr filmlərə də salınıb. Mənim ən uğurlu mahnılarımdan birinin prezidentimizin sevimli mahnılarından olması çox qürurverici haldır.

N.Muradova: Nazpəri Dostəliyevanın mahnısı efirdə səslənəndə qulaq asmadığınız barədə fikrinizi oxumuşdum. Səsini bəyənmirsiniz?
- Nazpəri Dostəliyeva ilə mənim işbirliyim olub, 3 mahnımı oxuyub. Onu niyə dinləmirəm? Ona görə ki, mahnılarımı sevərək oxudu, amma yaradıcılıq gecəmə gəlmədi. Səs baxımından onun ifasına heç nə deyə bilmərəm, gözəl müğənnidir.

N.Ehlamqızı: Kimdən qəlbiniz inciyirsə, heç bir mahnısına qulaq asmırsınız?
- Qəlb inciməsi başqa şeydir, etinasızlıq başqa şey. Deyirlər uman yerdən küsərlər. Onlardan heç nə ummuram. Sadəcə, o insanlara qarşı etinasız oluram (gülür).

D.Əhməd: Müğənni Sizin mahnınızı oxuduğuna görə ömrü boyu Sizə qarşı daim hörmətli, sayğılı olmalıdır?
- Əlbəttə, mahnı mənim övladımdır, onu o adama vermişəm, yəni onunla qohum olmuşam. O qohumluğunu həmişə bildirməlidir. Mənə müğənnilər zəng edirlər, saatlarla deyirlər, bizə belə kömək eləmisiniz. Deyirəm ki, bunu mənə zəng edib deməyin, özünüz dərk edin. Vaqif Gərayzadə, Eldar Mansurov, Xanım İsmayılqızı, Nailə Mirməmmədli və bu kimi insanların təkanı və dəstəyi ilə nə qədər müğənni qalxıb, tanınıb. Bəstəkarlardan başqa bu müğənnilərə digər sənət sahibləri də dəstək olub. Özümə təşəkkür edirsən, amma efirdə deyirsən ki, səhnəyə çıxmağımıza görə valideynlərimə minnətdaram. Düzdür, valideynlərinə səni dünyaya gətirdiklərinə görə minnətdar olmalısan, amma bu mahnılar sənə başqa yerdən gəlib.

N.Qurbanova: Ziyad müəllimin istəyi ilə nə isə yazmısınız?
- Yox. O, mənim mahnılarımı sevir, pərəstişkarıdır (gülür). Hiss edirəm ki, fəxr edir, mən də istəyərəm gələcəkdə öz övladlarımdan elə bir şey hiss edim. Bir neçə mahnım var ki, onları çox sevir. Hətta bir mahnım var, onu mən sevmirəm, amma atam çox sevir. Onun xətrinə həmin mahnını 60 mahnıdan ibarət albomuma salmışam.

N.Ehlamqızı: O hansı mahnıdır?
- Yox, deyə bilmərəm, çünki mahnını oxuyan müğənni də onu çox sevir (gülür).

N.Muradova: Bəs özünüz niyə sevmirsiniz?
- Nə bilim. 2-3 mahnım var ki, müğənni oxuyur, hamının da xoşuna gəlir. Amma mahnı başlayanda, o səs gələndə deyirəm söndürün radionu, eşitməyim.

“İstəsəydim, musiqilərimlə efirlərin 80 faizini doldurmuşdum”

N.Muradova: Qonorar məsələsində ən az maliyyə şairlərə çatır. Pul məsələsini müğənnilərlə danışanda şairlərin hüququnu qoruya bilirsiniz?
- Müğənnilərlə şəxsən özüm heç nə danışmıram. Menecerlər bu işlə məşğuldur. Mahnı satmaq istəsəydim, mahnıdan biznes kimi istifadə etsəydim, bu dəqiqə musiqilərimlə efirlərin 80 faizini doldurmuşdum. Başqa adamlar üçün də nə isə danışmıram, sadəcə, müğənninin qabiliyyətinə baxır. Bu mahnılarla çörək qazanırlar, onları toya, konsert proqramlarına çağırırlar. Mahnıdan götürdüyü gəliri, evinə apardığı çörəyi şükranlıqla yeyirsə və deyirsə ki, Allah bu insanlara bol-bol yaradıcılıq uğurları versin, musiqilərini oxuyum, pul qazanım. Bu, məsələnin bir tərəfidir. Bizdə maliyyə məsələsi də düzgün qurulmayıb.

N.Qurbanova: Pulu əsas nəyə xərcləyirsiniz? Parfüm, geyim, aksessuar, yoxsa səyahətə?
- Ən çox pulu səyahətə və itlərimin yeməyinə xərcləyirəm, 7 itim var (gülür).

N.Qurbanova: Uşaqlıqdan heyvanlara həvəsiniz var?
- Bəli. Balaca, gözü tutulan kirpiləri müalicə edirdim, çayla yuyurdum, sonra buraxırdım gedirdi. Tüksüz heyvanları xoşlamıram, it, pişik, atı sevirəm. Həyətimdə ördəklərim də var idi. Sonra onları tülkü apardı. Səhər dururdum, görürdüm qışqırıb çağırırlar, onlara bir-bir çörək paylayırdım. Oturub baxırdım, göldə necə çimirlər, əl-üzlərini necə yuyurlar, necə küsürlər, biri uçanda o birilər onu necə döyür. Bunun fəlsəfi tərəfləri var. Uçan lal ördəklər yuvaya qayıdanda bu birilər onları döyürdü. Baxırsan ki, insanlar kimidir, uçmağı bacaranlara o birilər paxıllıq edir.

“20 yaşında oxumalı olduğum kitabı 15 yaşında oxumuşam”

N.Muradova: Kitab oxuyursunuz?
- Kitab oxumağa çox erkən başlamışam. Atamgilin evində də, bizdə də böyük kitabxanalar var. Orada açılmamış kitab səhifəsi yoxdur. Müxtəlif sahələri əhatə edən kitablardır. İndiki insanlara, bəlkə, qəribə gələr, bizə nə qədər qab-qacaq verilibsə, ondan qat-qat artıq kitab verilib. Məktəb vaxtı yay tətilindən qayıdanda oxuduğumuz kitabların sayı ilə fəxr edirdik. Amma bəzi kitabları vaxtından tez oxumuşam. 20 yaşında oxumalı olduğum kitabı 15 yaşında oxumuşam. O baxımdan, fikirləşirəm ki, nahaq valideynimin sözünə qulaq asmamışam. Başımıza yorğan çəkib fənərlə kitab oxumaq doğru deyildi.

N.Muradova: Yeni yazarların əsərləri ilə tanış olursunuz?
- Əlbəttə, tanış oluram. Hətta gənc yazarlar avtoqrafla kitablarını da göndərirlər (gülür).

“Facebook-a bişirdikləri qayğanaqların şəkillərini qoymaqla məşğuldurlar”

N.Qurbanova: Sosial şəbəkədə aktiv olanda insan istər-istəməz yeniliklərlə də tanış olur, müxtəlif situasiyalarla rastlaşırlar.
- Yox, sosial şəbəkələrdə o qədər insanlar var ki, heç nədən xəbərləri yoxdur. Facebook-a ancaq bişirdikləri qayğanaqların şəkillərini qoymaqla məşğuldurlar. Onlar bəyəm kitab oxuyur? Burada qeyd edim ki, ən acığım gələn şey insanın bişirdiyi yeməyin şəklini sosial şəbəkəyə yerləşdirməsidir.

N.Ehlamqızı: Facebook-da xoşagəlməz hadisələrlə rastlaşanda nə edirsiniz?
- Bəzən hirsli olanda düşündüklərimi yazıram, sonra özlüyümdə deyirəm ki, nəyə lazım idi bu. Sizə də bir məsləhət verim, indi mən də Facebook-da bir üsuldan istifadə edirəm. Acıqlananda böyük status yazıb ürəyimi boşaldıram, amma Facebook-dakı “yalnız mən” funksiyasının köməyi ilə onu ancaq özüm görürəm (gülür).

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər