Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, ictimaiyyət nümayəndələrinin və generalın ailə üzvlərinin iştirak etdiyi mərasimdə əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb.
Ümummilli Lideri Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər Həzi Aslanovun xalqımızın yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu vurğulayaraq, İkinci Dünya müharibəsində həmvətənlilərimizin göstərdiyi hünər və rəşadətdən danışıblar.
Bildirilib ki, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş sərkərdənin keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu hər bir vətəndaşımız üçün nümunədir və onun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında xüsusi rolu vardır.
Generalın ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, mərasimin təşkilinə görə isə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.