"Mən Nikol Vova Paşinyana qarşı ictimai cinayət təqibinin başlanmasını tələb edirəm".
Teleqraf.com xəbər verir ki, bunu vəkil Aşot Simonyan bildirib.
Onun sözlərinə görə, İsveçrə erməni icmasının bir qrup nümayəndəsi ilə görüşən Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımına şübhə ilə yanaşıb: "Paşinyan orada dedi ki, necə oldu ki, 1939-cu ildə "erməni soyqırımı" gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə bu gündəmə gətirildi? Paşinyanın bu çıxışı açıq şəkildə ER Cinayət Məcəlləsinin 136-cı maddəsində nəzərdə tutulmuş soyqırımı və ya insanlığa qarşı cinayətləri açıq şəkildə inkar etməkdir. Bu qanunu pozan rəsmi şəxslərin iki ildən beş ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulub".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə bəyanat verib.
"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan bildirib.
Daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.