İsrail ordusunun Livanın cənubunu atəşə tutması nəticəsində biri əsgər olmaqla 22 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP-nin Livanın səhiyyə idarəsinə istinadla verdiyi xəbərdə qeyd olunub.
İsrail baş nazirinin ofisi ötən cümə günü bildirib ki, İsrail qüvvələri Hizbullahla atəşkəs razılaşmasına əsasən bu gün geri çəkilməli idi. Amma ordu Livanın cənubunda qalmağa davam edəcək, çünki razılaşmanın şərtləri tam yerinə yetirilməyib.
Noyabrın 27-də qüvvəyə minən razılığa əsasən, Hizbullahın silahları və döyüşçüləri Litani çayının cənubundakı ərazilərdən çıxarılmalı və İsrail qoşunları geri çəkilməli, Livan ordusu isə bölgəyə yerləşdirilməli idi və bunların hamısı bazar günü səhər saat 4-də başa çatacaq 60 günlük müddət ərzində olmalı idi.
İsrail və İranın dəstəklədiyi Hizbullah arasında bir ildən çox davam edən hərbi əməliyyatlar nəticəsində Livanda 1,2 milyondan çox insan didərgin düşüb.