19 May 2017 18:12
3 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən kitab təqdimatlarının, imza günlərinin formatını bəyənirsinizmi? Təqdimat və dəvətlərin biri-birinə bənzəməməsi üçün alternativ format təklif edə bilərsinizmi?

Teleqraf.com bu sualla ədəbi çevrənin tanınmışlarına müraciət edib. Cavabları təqdim edirik:

Azad Qaradərəli:

“Kitab təqdimatları iki formada gerçəkləşir. Birinci, format müəllifin istəyinə görə reallaşır. Mən bir neçə dəfə kitab təqdimatları keçirmişəm, hamısına da dostlarımı, tələbələrimi, şagirdlərimi, oxucularımı dəvət etmişəm. Kimsə çıxış edib, ürək sözünü deyib, daha sonra kitabımı imzalamışam.

İkinci format Yazıçılar Birliyində təşkil olunan ənənəvi təqdimatdır. Məni bir neçə dəfə belə təqdimatlara dəvət ediblər, çox darıxdırıcı formada keçirildiyinin şahidi olmuşam. Sanki iclas edirlər, əvvəlcədən çıxışı hazırlaşmış adamlar danışır. Hətta çıxışını vərəqdən oxuyanlar da olur. Amma bu sözləri orda keçirilən bütün təqdimatlara aid edə bilmərəm. Mən yalnız iştirak etdiklərim barədə danışıram.

Fikrimcə, kitab təqdimatında modern forma seçilsə, daha yaxşı olar. Gənclər məhz belə edirlər. Son zamanlar Aqşin Evrənin, Qan Turalının, Ayxan Ayvazın kitab təqdimatlarında iştirak etdim və bunun şahidi oldum. Onlar təqdimatları Gənc Tamaşaçılar Teatrının həyətində açıq havada keçirmişdilər. Heç bir çıxış yox idi, sadəcə kitabı imzalayırdılar. Anşlaqla keçir, üstəlik yazıçılar, oxucular bir-biriləri ilə görüşüb, söhbətləşirdilər.

Hesab edirəm ki, modern təqdimatlar kitab təbliğatı üçün əvəzolunmaz vasitədir”.

İradə Musayeva:

“Ümumiyyətlə, Azərbaycanda kitaba, sözə, ədəbiyyata qiymət meyarları qənaətbəxş deyil. Təsəvvür edin, nə əziyyətlərlə kitab yazırsan, sonra öz vəsaitinlə çap etdirirsən, daha sonra onun lazımlılığı, əhəmiyyəti haqqında təbliğatı da özün aparırsan. Satışı özün təşkil etməlisən, müəyyən kitabxanalara, qurumlara, insanlara özün çatdırmalısan.

Bu qədər primitiv, kustar üsulla kitab sevdirmək, ədəbiyyatı, elmi inkişaf etdirmək olarmı? Nəticədə, məsələn, ədəbiyyatşünaslıq elmi üçün dəyəri olan bir kitabın arxasında özündən başqa kimlərinsə dayandığını görmürsən. Bu kitabı kimin üçün yazırıq?

Belə kitabların tanıdılmasında Təhsil Nazirliyinin marağı yox (halbuki tədris-metodik vəsait kimi əhəmiyyətlidir), digər qurumlar da həmçinin. AYB-nin Natəvan klubunda kitab təqdimatı keçirmək üçün quruma üzv olmalısan... Təsəvvür edirsiniz? Bir çox yerlər də ödənişli... Yəni, elə bir şərait yaranıb ki, müəllif kitabını hasilə gətirəndən sonra şan-şöhrət, hörmət qazanmaqdansa, əksinə, hörmətsiz duruma düşəsi olur.

Müzakirəni də çox hallarda müəlliflər özləri təşkil edir. Özfəaliyyət səviyyəsində yanaşılır məsələyə. Məsələn, Akademiyanın Ədəbiyyat İnstitutunda işləmirsənsə, nə yazsan da, o hesabatların “qəhrəmanı” ola bilməzsən. Hər təşkilat ədəbiyyatı, ədəbiyyatşünaslığı az qala öz divarları çərçivəsində təsəvvür edir. Bədii yaradıcılıqda da vəziyyət elədir.

Bu yaxında Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” adlı çox gözəl bir romanı çap olundu. Bir çox ədəbiyyatşünasın təşəbbüsü ilə Yaradıcılıq Fondunda müzakirə keçirildi. Amma AYB, Ədəbiyyat İnstitutu və başqa əlaqəli ədəbiyyat təşkilatları necə reaksiya verdi, ya verəcək? Məgər bu kitab ədəbiyyat, nəsr hadisəsi deyil? Hadisə olmasın, yeni, dəyərli bir romanın ədəbi gündəmdə əks olunma səviyyəsi qənaətbəxş deyil axı...

Bir məmur yazıçının ortabab əsəri, kitabı nəşr olunanda 40 məqalə yazılır. 10 yerdə müzakirəsi təşkil edilir... Elə bil get-gedə bizim ədəbi mühitin istedad düşməni obrazı formalaşır təsəvvürlərdə. Təqdimat məkanları da təbəqələşib. Elana, bildirişə baxırsan ki, filan gənc yazarın kitabı Gənc Tamaşaçılar Teatrında təqdim olunacaq. Deyirsən, nə gözəl... Sonra məlum olur ki, teatrda yox, teatrın yerləşdiyi küçədə, qapının ağzında bir stol qoyulur və küçədə kitab təqdim edilir.

Sanki hər hansı bir əsərin, monoqrafiyanın dəyəri, ya əhəmiyyətsizliyi haqqında qənaət zamanın axışına, 3-4 adamın insafına buraxılır. Qruplaşmalar, şəxsi münasibətlər, təmənnalı maraqlar zəminində baxılanda məsələyə, əlbəttə, ədəbiyyat və söz uduzur... Onun nəticəsidir ki, illərdir, normal dərsliklər, dərs vəsaitləri, antologiyalar ortaya qoyulmur. Sistemsizlik, qeyri-obyektiv yanaşmalar adamı tutduğu yoldan belə bezdirir... Çox hallarda məlum olur ki, dövlətin ədəbiyyata, sözə, söz adamlarına qayğısından müəlliflər eyni dərəcədə, obyektivliklə yararlana bilmir...”

Səhər Əhməd:

“Hazırda Azərbaycanda keçirilən kitab təqdimatlarına əsasən yazıçının öz dostları gəlir. Belə çıxır ki, biz elə biri-birimizin kitabını alırıq. Bunun günahı da bizim özümüzdədir. Dostlarımızı dəvət edəndə də yazırıq ki, gəl, gəlməsən inciyərəm və s. Şəxsən mən bu səpkili dəvətləri çox az edirəm.

Bunun qarşısını almaq üçün oxucularımıza yönəlməyirik, onlarla yaxşı ünsiyyətdə olmalıyıq. Yazıçı təqdimata oxucularını dəvət etməlidir, nəinki qələm adamlarını. Onsuz da yazarlar bir-birini demək olar ki, oxumur. Çünki tanıyırıq. Bilirik ki, kim nə yaza bilər.

Mənim istəyim və arzum təqdimatlarda daha çox oxucuların yer almasıdır.

Salam Sarvan keçən dəfə Feysbukda bununla bağlı bir status yazmışdı. Deyirdi ki, mən kitabımı tək-tək oxucularıma təqdim edəcəm. Bu da yaxşı fikirdi.

Bir problem də odur ki, oxucular təqdimatdan gec xəbər tuturlar. Bunun da səbəbi təkcə Feysbuk vasitəsilə aparılan reklamlardır. Əvvəllər şairlərin təqdimatını daha çox televiziyalar elan edirdi. İndi televiziyalar elə şairləri, yazıçıları xalqa təqdim edir ki, biz onları tanımırıq. Əsl oxucu ilə yazarlar arasında sərhəd, anlaşılmazlıq var. Bunu həll etmək lazımdır”.

Dilqəm Əhməd:

"Kitab təqdimatları son 5 ildə populyarlaşdı. Əvvəlcə insana çox maraqlı gəlirdi. Həm tanıdığın yazarlardan imzalı kitablar alırdın, həm də ölkədə ədəbiyyata maraq yaradırdı. Üstəlik, yazarlar ən çox imza günlərində kitab sata bilirdilər.

Öncə "Əli və Nino" kitab mağazasının kafe bölümündə belə tədbirlər başladı. “Kitabevim” mağazası açıldıqdan sonra orada təqdimatlar edildi. Yeri gəlmişkən, “Kitabevim” təqdimat etmək üçün ən ideal yerdir. Mən özüm iki dəfə orada təqdimat etmişəm. Hazırda isə təqdimatlar teatr foyelərində edilir.

Amma məkanlar dəyişsə də, format heç dəyişməyib. Kitab təqdimatları dünyanın çox yerində belədir. Yazar bir masada əyləşir, oxucular növbə ilə kitabını imzaladır və şəkil çəkdirir. Sadəcə, bizdə problem odur ki, oxucular öz dost-tanışlarımız, yəni daha konkret Feysbuk dostlarımız olur.

Mən getdiyim təqdimatlarda 95 faiz adamları şəxsən tanımış oluram. Yəni ölkədə müəyyən bir oxucu kütləsi var, onlar bütün təqdimatlara gəlir. Yazarlar özləri də bir-birinə dəstək vermək üçün bu kimi tədbirlərə gedirlər. Fikir vermisinizsə, artıq təqdimatlar mediada çox da maraqla qarşılanmır. Bəlkə də buna görədir ki, Cavid Osmanov fərqli bir yol seçərək, öz təqdimatına hamam xələti ilə gəlmişdi. Bütün media ondan yazdı, Feysbuk onu müzakirə etdi.

Yekun olaraq deyim ki, nə isə yeni format tapmaq lazımdır, mən son iki kitabıma təqdimat keçirmədim, amma biri üçün qısa video çəkdik və uğurlu oldu. İndi insanların vaxtı çox olmur, ona görə də kitab tanıtımı üçün onlayn nələrsə etmək lazımdır".

Cavid Zeynallı:

“Kitab təqdimatları əvvəllər Yazıçılar Birliyində keçirilərdi, sonra alternativ məkanlar çıxdı. Belə olmağı yaxşıdır. Seçim imkanı olur, şənbə-bazar günlərinə tədbirlər salmaq olur. Amma təəssüf ki, bizdə kitab təqdimatları birrəng, eyni məzmunlu, bir-birinə oxşar olur. Bunun səbəbi əlbəttə, maddi təminatla bağlıdır. Kitab təqdimatını keçirən yazıçı-şair əlavə pul xərcləmədən, ödənişsiz məkanlarda təqdimat edir.

Təsəvvür edin, yazıçısının, şairinin maddi vəziyyəti o qədər ağırdır ki, 100 manat qonorar tələb olunduğu üçün kitab mağazasında təqdimat edə bilmir. Daha doğrusu, hər satılan kitabın müəyyən faizini haqlı olaraq kitab mağazası tələb edir.

Əgər bir yazıçı 100 manat kitab mağazasına ödəniş edə bilmirsə, biz hansısa art-kafelərdən, sərgi salonlarından, incəsənət məkanlarından necə danışa bilərik? Yaxşı olar ki, şeir kitablarının təqdimatları daha rəngarəng olsun, müəllif öz şeirlərini oxusun, kompozisiya hazırlansın. Yaxud yazıçı öz əsərlərindən parça oxusun və s. Amma bütün bunları etmək bizim imkanımız xaricindədir”.

Aqşin Evrən:

“Ümumiyyətlə, təqdimatların formatına görə yazıçını, şairi ittiham etmək olmaz. Dəvət eləməkdə pis bir şey yoxdur, əslində. Hətta məndən inciyənlər oldu ki, bizi niyə dəvət eləmirsən?! Hərə bir tərəfdən çıxıb kitab təqdimatlarını tənqid edir, amma heç kim ortaya sağlam bir fikir qoymur, çıxış yolu göstərmir.

Burdan oturub Trampın siyasətini mən də tənqid edərəm, amma ona alternativ yollar təklif edə bilərəmmi? Budur sual. Məncə, Mədəniyyət və Turizm Nazirliyi kitab təqdimatları üçün xüsusi yerlər ayırmalıdır. Orada masalar, stullar, monitor, mikrofon və başqa alətlər olmalıdır. Belədə çox maraqlı təqdimat keçirmək olar.

Əslində, maraqlı kitab təqdimatı etmək üçün yerlər var, amma onlar da haqq istəyirlər, özü də azı 40-50 faiz. Mən “Mənfi sənsiz dərəcə” kitabımın ikinci təqdimatını “Kibrit buk-kafe”də elədim, musiqili, şeirli maraqlı məclis oldu, amma yer balaca idi deyə, çox adam iştirak edə bilməyib getdi”.

Şəhriyar del-Gerani:

“Düzü, yalnız şəxsi münasibətim olan yazarların kitab təqdimatına gedirəm. Pulum olanda 5-10 dənə, olmayanda 1-2 dənə kitab alıb maddi dəstək oluram. Bilirəm ki, məni bunun üçün dəvət ediblər. Vəssalam.

Onları oxumadığımı bilirlər. Kitabları da paylayıram ona-buna. 2-3 imzadan savayı mənim evimdə heç bir yerli yazarın kitabı yoxdur. Artıq yer tutur deyə atıram gedir, evə gətirmirəm. Aşağı-yuxarı hamısının boyunu bilirəm. Məni nə ilə heyrətləndirə bilərlər ki? Ortalıqda bir topa adam var, hansı təqdimata baxırsan ordadırlar.

Baxın, təqdimatlarda iştirak edən adamlar hamısı bir-birini tanıyır, hamısı uzaqdan-uzağa qohumdular. Son vaxtlar kitablar da 200-300 tirajla çıxır. Bu biabırçı ortamda hansı format dəyişikliyindən söhbət gedə bilər ki? Əsas olan mətndir. Mətn olmayan yerdə bu kimi şeylər müzakirəyə gəlmir. İstərdim yazar yoldaşlar bir imza kimi özlərini yetişdirsinlər, müəllif olmağı bacarsınlar, alınmırsa, gedib başqa profillərdə sınasınlar özlərini.

Kitab müəllif olandan sonrakı mərhələdir. Yoxsa belə AYO-çular kimi gülünüb qurtarmış "anekdot" misallı hırıltı təsiri bağışlayırlar”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər