Teleqraf.com-un “Portret” layihəsində yazıçı Vaqif Nəsib mərhum Vidadi Məmmədov haqqında danışır.
– Vaqif müəllim, siz Vidadi Məmmədovla dost olmusunuz?
– Özü də necə! Möhkəm dost olmuşuq. Bizim tərbiyəmizi pozan adamlardan biri də Vidadi olub.
– Necə yəni?
– Pis mənada demirəm. (gülür) Sabir Sadiq adında bir doktor var idi. Ailə həyatı uğursuz alınmışdı və onun işığı gecə-gündüz bütün yolunu azmışlara, həyatdan bezmişlərə açıq idi. Gecədən səhərə qədər həm gedib onlarda qala bilərdin, həm də necə lazımdır yeyib-içərdin. Vidadi həm də oranı qumarxana eləmişdi. Mənəm-mənəm deyən bütün universitet müəllimləri ilə birlikdə hamımız orda beləcə vaxtımızı keçirirdik. Universitet müəllimləri onun evinə çox gəlib-getdiyinə görə biz öz aramızda doktor Sabir Sadiqin evinin adını doktorantura qoymuşduq. Hamımız Vidadi Məmmədlinin doktoranturasını bitirmiş adamlarıq.
– Vidadi Məmmədov neçənci ildə dünyasını dəyişdi?
– Çoxdan. 1992-ci ildə. Özü də heç nədən getdi. Avtomobil qəzasında... Mən tale deyilən şeyə məhz o zaman inandım. Bir ekarus idi, sürücüsü isə ermənicə bilməyən ermənilərdən. Vidadi həmin anda dünyasını dəyişməmişdi, hələ sağ qalmışdı. Xəstəxanada xeyli müalicə aldı. O zaman Kamil Vəli Nərimanoğlu çox xərc çəkdi ki, Vidadi sağalasın. Amma bədən çox zəifləmişdi, nə qədər çalışsalar da, ağrılara müqavimət göstərə bilmədi.
– Çox içirdi?
– İçirdi. Eyni zamanda pis və olduqca qəribə bir həyat yaşamışdı. Vidadinin anası Gəncə yetimxanasında işləmişdi və Vidadinin həyat yoldaşını da o yetimxandan məhz anası tapmışdı. Həyat yoldaşı mən işləyən illərdə “Qobustan” jurnalında makinaçı idi. Deyirdilər, əslən ermənidir. Amma qətiyyən ermənicə bilmirdi, azərbaycanca danışırdı, yazırdı. Nə deyim, yazıq adam idi Vidadi... Heç 50 yaşı tamam omamışdı.
– Hardan idi?
– Atası əslən Cəbrayıldan idi. Anası isə İlyas Əfəndiyevlə qohum idi. Cəbrayılda dolana bilməyəndə, aclıq vaxtlarında köçüb Füzuliyə gəliblər. Vidadi nənə uşağı olub. Bazarda alver edirdi və buna görə də çoxlu insan tanıyırdı. Bütün bu insan mənzərələrini mənə o qədər danışmışdı ki, sonradan Vidadinin yazmadığı o hekayələri yazıb beş kitab çap etdirdim. Sonra ailəsi Füzulidən də baş götürüb Bərdəyə gəlmişdi. Və Vidadinin Bərdə məktəbində ilk məhəbbət macərası olmuşdu. Həmişə arzu edirdi ki, ağ atlı oğlan kimi bir gün Bərdəyə qayıda bilsin, məktəbin qabağından keçsin və qız da onu görsün.
Yazıq Vidadinin ömrü boyu nə düz-əməlli üst-başı oldu, nə də pulu. Belə bir həyat sürmək azmış kimi faciəli şəkildə də dünyasını dəyişdi. Bayaq da dedim, anası Gəncənin yetimxanasında aşpaz işləyirdi deyə Vidadi sanki, o yetimxananın fəxri uşağı kimi Bakıya gəlib çıxmışdı. Üzünə baxanda bilirdin ki, evi də yoxdur. Səhər tezdən bulavrda gəzirdi, elə bil Vidadi Bakı boyda bir yetimxananın küçə uşağı idi, küçələrdə yaşayırdı.
– Cəmi iki hekayəsi çap olunmuşdu, düzdürmü?
– Bəli... Amma nəsr yazmağın bir tərəfi zəhmətdən keçir. Vidadi həmin zəhmət tərəfində ilişib qaldı. Çox təəssüflər olsun ki, onda oturub yazı yazmağa həvəs yox idi. Bir dəfə ona dedim ki, gəl danışdığın mövzulardan ikimiz birləşib əsər yazaq. Dedi, ay Vaqif, axı kimə gəliş gəlirsən? Məgər hamı bilmirmi ki, məndə oturmağa hövsələ yoxdur? Hamı belə zənn edəcək ki, bütün bunları mən demişəm, sən də yazmısan. (gülür)
– Deyilənə görə, ədəbi zövqü çox yaxşı olub... Hətta ciddi yazıçılarımız ondan çəkinirlərmiş.
– Tamamilə doğrudur. Hamı ondan çəkinirdi.
– Bəs kimləri ciddi yazıçı kimi qəbul edirdi?
– Üzümə yox, amma arxamca deyirdi ki, Vaqif Nəsib yaxşı yazır. Ümumiyyətlə, hamımızın qiymətini arxada verirdi. Və onun bu lütfündən doyunca ləzzət ala bilmirdik. (gülür)
– Anar müəllimin yaradıcılığına münasibəti necə idi?
– Anarı qətiyyən bəyənmirdi. Rəhmətlik Əli Kərimin bir sözünü onun yanında işlətmişdim. Deməli, Əli Kərim Rəsul Rzadan incik idi. O zamanlarda Ensiklopediyada işləyirdim. Birdən Əli Kərim gəlib soruşdu ki, başınızın kiçiyi hardadır? Vidadi də Anarı bizim başımızın kiçiyi adlandırırdı.
– Bəs Əkrəm Əylislini necə, bəyənirdimi?
– Vidadi Əkrəmi çox ciddi yazıçı hesab edirdi. Əkrəmə rast gələndə deyirdi ki, ayə, nənə uşağı, indi də gəl sən mənə bir araq al. Əkrəm də kimə almasa da, Vidadiyə mütləq araq alırdı. Ümumiyyətlə, Vidadiyə yer kürəsində araq almayan adam qalmamışdı. Hamının nöqsanını da bilirdi deyə, araq almayan adamın elə yerindən vururdu ki, onlar da məcbur olub Vidadiyə araq alırdı.
– Vaqif müəllim, bəs Vidadi bəy harda yetişmişdi? Bütün bunlar yalnız firti istedaddanmı irəli gəlirdi?
– Bəli... Amma brilyantın özü də təbii olaraq yerdən çıxır. Ona sonradan düzəlişlər edirlər, cilalayırlar. Vidadi isə öz istedadını cilalamadı.
– Mütaliəsi zəif idi?
– Xeyr, mütaliəsi yerində idi. Məsələ bunda deyil. İstedad gərək ki, cilalana, müəyyən sistemə salına. İstedad ərinti kimi şeydir, Allah onu sənə verir və sən sonradan ondan özünə münasib bir nəsnə düzəltməlisən. Vidadi istedadını nasir kimi cilalamaq istədi, amma onu da yarımçıq qoydu.
– Çoxmu baməzə adam idi?
– Olduqca. Vidadi XXI əsrin adamı idi, təfəkkürü XXI əsrə aid idi. Bir dəfə evdə xəstə yatırdım, dedi, ə, özünü xəstəliyə vurmusan, nədir? Dedim, gəlib şahid ola bilərsən. O da qayıtdı ki, arağın varsa, gəlim. Zoğal arağım vardı, gəldi, mən də dedim, özün öz başını dolandır, ayağa qalxmağa halım yoxdur. Arağın hamısını təkbaşına içdi... Evdən çıxanda yaxşı idi, sonradan zəng edib dedi ki, sənin arağın da çoban iti kimidir, həyətdə tutmur, çıxanda tutur. (gülür)
Bilirsiniz, mən onun adamları başına yığmağını nəyə bənzədirəm? Mənə həmişə kimsə qonaqlıq verəndə mütləq Vidadini çağırırdım. Amma əvvəlcədən xəbərdarlıq edirdim ki, Məcnun heyvanat aləmini başına yığan kimi adamları ətrafına toplama. Bir dəfə də eyni hal təkrarlandı, dedim ki, Vidadi, gəl, amma sən o dədənin goru, kimi gətirirsən, gətir, Davud Nəsibi gətirmə. Rəhmətlik də yaxşı oğlan idi, amma içəndən sonra, yeyib-içdiyimiz yerdə ya başını qoyub yatırdı, ya da ağlamağa başlayırdı. Bunu mən ona telefonda deyəndə sən demə, elə Davudun otağındaymış. Telefonda mənə qayıtdı ki, görürsən, Vaqif deyir ki, Davudsuz məclisə gəlmə. Davud da dəstəyi götürüb deyir ki, əmoğlu, səsinə qurban olum. (gülür)
– Yazmırmış, amma səyyar tənqidçi imiş... Belə hesab eləmək olarmı?
– Tək tənqidçi yox, hər şey idi. Onun üçün qayda-qanun yox idi.
– Məzarı hardadır?
– Qurd Qapısından aşağı düşəndə qəbiristanlıq var, orda basdırılıb.
– Vaqif müəllim, Azərbaycan ədəbiyyatında Vidadi Məmmədovun yeri varmı?
– Vidadi cəmi iki hekayə yazmışdı. Amma Nəriman Əbdürrəhmanlı onun haqqında o boyda kitab çap etdirdi. O kitab Vidadi haqqında danışılan yüzlərlə belə müsahibəyə dəyər. Bu da o deməkdir ki, görün, Vidadiyə nə qədər qiymət verilirdi. Kamil Nərimanoğlu ona o qədər köməkliklər göstərirdi ki... O zamanlar Kamil hələ ailm kimi şöhrət qazanmamışdı. Sonradan onlar elmi dərəcələr alanda Vidadi ona bilmədiyi sahənin elmlər doktoru adını qoymuşdu. (gülür)
– Övladları vardımı?
– Bir oğlu, bir qızı vardı. Oğlu Moskvadadır, bildiyimə görə, ermənilərlə oturub-durur. Qızı isə elmlər namizədidir. Kamal Abdulla ona Slavyan Universitetində ailm kimi iş də vermişdi.
– Necə yəni oğlu ermənilərlə oturub-durur?
– Onlar Ermənikənd ətrafında yaşayıblar. Orda erməni uşaqlarla dostluq edirdi. Bir dəfə isə Vidadinin oğlunu tutmaq istəyrdilər. Deməli, erməni uşağın anası işdə olanda onların evindən qır-qızıl itir və Vidadinin oğlundan şübhələnirlər. Vidadi də oğlunu içəridən buraxdırmaq üçün “Ədəbiyyat qəzeti”ni aparıb müstəntiqə verib. Müstəntiqsə qəzeti cibinə qoyub Vidadini də ordan qovmuşdu. Səhər tezdən mənə zəng elədi. Dedim ki, bu nədir, tülküdurmazdan zəng edirsən. O da dedi ki, səndən başqa bütün tülkülər durub. (Gülür) Həm mənə işi düşmüşdü, həm də tülkü deyirdi. Mənə dedi ki, təcili bulvara gəl. Gec gəlsən, ölə bilərəm. Dedi, taksinin də pulunu özüm verəcəyəm. Amma pulu olmadığını dəqiq bilirdim. Taksi tutub getdim, pulu da ödədim, amma sürücünü beş dəqiqəlik saxlatdım. Gördüm ki, Vidadi kolun arxasında gizlənib. Bildim ki, xeyri yoxdur, ordan çıxan deyil. Taksini göndərdim, taksi gedən kimi kolun arxasından çıxdı. Dedim ki, taksinin pulun ver görüm. Dedi, gördüm axı, veribsən. (gülür)
Dedi, Vaqulini – oğlunun da adı Vaqif idi – tutublar, orda tanışın varmı? Dedim ki, sənin bəxtindən elə oranın rəsisi mənim tanışımdır. Vaqif İbrahimov. Vidadi müstəntiqin hərəkətindən çox pərt olmuşdu. Hətta Vidadinin biletini də əlindən almışdılar. Polis bölməsinə getdim. Rəis müstəntiqi Vidadidən üzr istətdirdi, biletini qaytardılar. Oğlunu da içəridən buraxdılar. Mənə dedi ki, Vaqif, dədəmin goru haqqı, sənə bir qonaqlıq verəcəm, gəl görəsən! Getdi, hardansa borc tapıb qonaqlıq verdi. Davud Nəsibi yenə gətirmişdi. (gülür)
– Əsasən, kimlərdən pul alırdı? Yəni ona kömək eləyən adamlar kimlər idi?
– Zəif, gücsüz adamlardan borc almırdı. Hamıya da yerlim deyirdi, əlindən qaçmaq mümkün deyildi. Ən çox ələ saldığı isə Nadir Cabbar idi. Bir dəfə kimsə Nadirə beş konyak vermişdi. Otağında yox idi, açarları götürdü, konyakın üçünü özünə götürdü, ikisini mənə verdi. Nadir mənə zəng elədi ki, içməyə nəyinsə varmı? Dedim var, amma sənin üzünə çıxarılası deyil. Çünki onda cinayət izi var. Nadir konyakı görəndə dedim, mənə hədiyyə veriblər. Məsələni anladı və Vidadini söydü. (gülür)
– Bunlar onun cavanlıq xatirələridirmi?
– Yox, nə cavanlıq? “Ədəbiyyat qəzeti”nin şöbə müdiri işləyirdi.
– Sağlığında kitabı çıxmadı?
– Axı dedim, iki hekayə yazmışdı. Heç məqalə də yazmırdı. Redaktor kimi işləyirdi.
– Sizcə, biz onu ədəbiyyatçı kimimi, tənqidçi kimimi, yoxsa, nasir kimi tanımalıyıq?
– Hər şeydən bir az və istedadlı və istedadından istifadə etməmiş bir adam kimi tanıyın.
– Başqa harda işləmişdi?
– “Ulduz” jurnalında şöbə müdiri kimi də işləmişdi. Sonra da “Ədəbiyyat qəzeti”ndə işlədi. Heç onun ali təhsili də yox idi.
– Vaqif müəllim, maraqlı xatirələrinizdən birini də danışın...
– Vidadi bir dəfə kimdənsə min manat alıb yeyib-içmişdi, altı yüz manat qalmışdı. O da hər gün içməli idi axı. Mən bulvara gələndə dedi ki, sənə işim düşüb. And içdim ki, pulum yoxdur. Dedi, yeyib-içmişəm, altı yüz manat pulum qalıb. Özümə əmin deyiləm, al bu pulu saxla, üstünü düzəldəcəm. Qanacaqlı hərəkətinə görə sevindim, pulu cibimə qoydum. Sonra başqa dostlar gəldi ki, eşitdim, səndə pul var, mənə pul ver. Sən demə, pul haqqında da məlumatı elə Vidadi veribmiş. Mən də təbii, pulu vermədim, dedim, başqa adama aiddir, əmanətdir. Dedilər, ayıb olsun, o puldan əllicə manat bizim üçün xərcələyib sonra düzəldib yerinə qoya bilməzsənmi? Nəysə, onları bir restorana gətirdim. Gördüm uzaqdan Vidadi də gəlir. Elə bilirdim ki, bu, onun ssenarisidir. (gülür)
Bir dəfə isə heç birimizin pulu olmayanda ümidimiz Sabir doktora qaldı. Sabir Sadiq sanitar həkimi idi və həmişə pulu olurdu. Getdik gördük ki, doktor finkası əynində bədəni isə çılpaq şəkildə uzanıb yatıb. Vidadi dedi, yazıçı adamsan, bunu bir təsvir elə görüm. Mən etiraz etdim ki, yox, duranda özünə deyəcəksən. Dedi, dədəmin goru haqqı, deməyəcəyəm. Sən demə, o, dədəsinin goruna yalandan and içirmiş. Dedim, qoca çoban itləri olur ha, araba kölgəsində yatır, doktor onlara oxşayır. Doktor durdu, ləyaqətlə ortalığa araq qoydu, yemək hazırladı. Vidadi də qayıtdı ki, doktor, sən bu yaşında Vaqifə adam kimi yemək hazırlayırsan. Gör bu sənin haqqında nə deyir? Ə, doktora nə deyibsən? Mən də başladım and içməyə, birtəhər canımı qurtardım. Sonra dedim, ay doktor, hamımız elə bir növ itə oxşayırıq. Vidadi küçə itinə oxşayır, mən Avropa itlərinə. Bayaq demişdim ki, sən də çoban itlərinə oxşayırsan. Bunu da içək üç it dostun sağlığına. İçdik və məsələni həll elədik.