Oxucuları ən çox maraqlandıran suallardan biri də budur ki, görəsən, şairlərin ən sevilən şeirləri kimə həsr edilib?
Teleqraf.com-un “Bir şeirin tarixçəsi” layihəsində bu dəfə şair Aqşin Evrəndir. O, gənclərin dilindən düşməyən “Unutmağın resepti” şeirindən danışır:
“Unutmağın resepti”ni bir neçə il əvvəlin qışında yazmışam. Qardaşım Kənanla evdə tək idik. O, mətbəxdə kartof soyurdu, mən isə paltarları yığıb paltaryuyan maşınına atmağa hazırlaşırdım. Birdən paltarların arasından o möhtəşəm ətri hiss elədim. Yerə atıb, elə həvəslə axtardım ki, elə bil, bu dəqiqə paltarların içində həmin doğma insan çıxacaq. Bir az axtarandan sonra o tanış qoxunun gəldiyi köynəyi tapdım.
(Şeirdə belə bir yer var:
“Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından”.)
O köynəkdən doğrudan da onun ətri gəlirdi, yoxsa bu qoxu yaddaşının növbəti uşaqcasına oyunu idi – bunu bilmədim.
Qardaşıma zarafatyana dedim ki, kartofdan bir-ikisini də paltaryuyan maşının içinə at, kraxmal qurtarıb. Sonra fikir verdim, tənha bir kişinin ömrü həqiqətən də kartof qızartmaqdan və kartofdan hazırlanmış kraxmalla paltar yumaqdan ibarət olur.
Amma burada qəribə bir insan tənhalığı da var idi: ətrafında yüz min adam var və əslində, ətrafında yüz min adam yoxdur. Şeir təkcə bir qadına yox, həm də insan tənhalığına yazılıb. Çox-çox sonralar dostumuz Mövlud Mövludla müzakirə edəcəyim “kişi tənhalığı yox, insan tənhalığı daha dərin və bənzərsizdir” qənaətinə onda gəlmişdim. “Unutmağın resepti” şeiri mənə görə təkcə kişi yox, həm də insan tənhalığının nümunəsidir.
Şeiri yazdığım günün səhəri qapı döyüldü, açdım, bir xanım idi. Dedi, “qardaş, mən qonşuyam, birinci mərtəbədə yaşayıram, blokda hamıdan bir-bir soruşuram, dedim, sizdən də soruşum: bu köynək sizdən düşüb?”
Həmin köynək idi.
Bilmirik, bəlkə də əşyalarımızın da hissiyyatı var və onlar – mənim köynəyim ipdən düşüb qoxusunu daşıdığı adamın yanına getmək istəyirmiş. Bilmirik bunları.
İndi mənə elə gəlir ki, o köynək ipdən asıldığı gün yox, illər əvvəl – ayrılanda düşmüşdü.