Almaniyanın Berlin şəhərində xalq artisti, görkəmli sənətkar Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunan “Sənətin Məcnunu“ adlı xatirə tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Alman Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Birliyin sədri Dr. Naibə Şirinova sənətkarın ömür yolundan, yaradıcılığından, ictimai xadim kimi fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. N.Şirinova qeyd edib ki, Mehdi Məmmədov, Adil İsgəndərov, Müxlis Qənizadə Tofiq Kazımov kimi görkəmli səhnə xadimlərindən aktyorluq sənətinin sirlərini öyrənən Mikayıl Mirzə 1969-cu ildə İncəsənət İnstitutunu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib. O, institutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Teatrında işləyib.
N.Şirinova qeyd edib ki, M.Mirzə Nizamidən Füzuliyə qədər, H.Cavid, M.Araz, X.Rza, Z.Yaqub kimi bütün şairlərimizin danışan dili, harayı, nərəsiydi.
Azərbaycan və türk diaspor nümayəndələrinin və ziyalıların iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib, yerli sənətçilərdən Humay Əkbəri, Həmid Saneinin ifasında M.Mirzənin bəstələdiyi mahnı və bayatılar səsləndirilib, Reyhan Qasimovanın ifasında şeiri oxunub.
Cənublu söydaşımız şairə Şərifə Cəgəri sənətkarı daha çox qiraət ustası kimi tanıdığından, haqqı-ədaləti ucaltmaq, həqiqəti meydana çıxartmaq üçün M.Arazın, X.Rzanın, Şəhriyarın yaradıcılıqlarından ifa etdiyi şeirləri sevə sevə dinlədiyindən danışıb.
N.Şirinova, sənətkarın ailəsində balaca Mikayılın böyüdüyünü söyləyib. Kim bilir bəlkə balaça Mikayıl böyüyüb baba Mikayılın yolunu davam etdirəcək, babasını yarımçıq qalmış işlərini tamamlayacaq.
Tədbirin sonunda AAZ Birliyinin sədri N.Şirinova bu sənət fədaisinin bundan sonra da sənətsevərlərin xatirəsində, qəlbində yaşayacağına inamını ifadə edib.