5 İyul 2021 10:45
4 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda "Su notu" adlı kitabı çapdan çıxan tanınmış şair Əlizadə Nuri Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Əlizadə, "Tənha şamın kölgəsi" adlı sonuncu, 5-ci kitabın 1999-cu ildə çap olunub. Bu yaxınlarda "Su notu" adlı növbəti kitabın nəşr edilib. Təxminən 22 il fasilənin yəqin ciddi səbəbi var...

- Əzizim Qurban, əvvəlcə 1-ci suala düzəliş edək: 1999-cu ildə xalq yazıçısı Anarın ön sözü ilə çap olunan "Tənha şamın kölgəsi" kitabım sonuncu deyildi. Daha sonra "Ulduzların göz yaşı" ("Vektor", 2004) və "Şeirlə dolu şəhər" ("Qanun", 2010) adlı daha iki kitabım çap olunub və çox tez də satılıb qurtarıb. Yəni son kitabımdan sonra fasilə 22 il yox, 11 il olub.

- Məlumatı vikipediyadan götürmüşük...

- Hə, bir müddət kitab çıxartmağa həvəsim olmadı, az yazmağa başladım. Ədəbi camiədəki tünlükdən qaçmaq istədim. Şeirə baxışım, estetik meyarlarım bir az dəyişdi. Tez-tez çap olunmaqdan vaz keçdim. Bilmirəm ciddi səbəbdi, ya yox, hər halda əsas səbəb bu idi...

Həm də sanki şeir zamanı deyildi, şeir zamanı olmadığı bir vaxtda isə zəmanənin şeirini yaratmaq asan iş deyil...

- "Su notu" haqda nə demək istərdiniz? Məsələn, bilmək istərdik: neçə səhifədi?.. İndiyə qədər çap etdirdiyin kitabların ən böyüyü 176, ən kiçiyi 70 səhifədi...

- Bayaq adını çəkdiyim "Şeirlə dolu şəhər" kitabım 300 səhifə idi. Amma sən də bilirsən ki, məsələ kitabın qalınlığında deyil... Söhbəti "Su notu"nun üzərinə yönəltsək, deyim ki, son kitabım 176 səhifədir.

Bu kitaba əsasən seçmə şeirlərimi daxil etdim. Məncə, pis qarşılanmadı. Sürətlə satılır. Kitab haqqında yazılar çap olunur. Yeri gəlmişkən, diqqət göstərənlərin hamısına təşəkkür edirəm.

Kitab haqqında fikrimə gəlincə, bu dəfə o, daha az romantik alındı (yəqin burada yaş faktoru da var). Real düşüncələrim, mətn işi daha çox qabardılıb. Yadıma bir əhvalat düşür: Təbiətin misilsiz tərənnümçüsü rəssam İsak Levitanın tutqun günün poeziyasının dahiyanə təsvirini əks etdirən məşhur "Əbədi dinclik" əsəri sərgi salonlarında görünəndə Tver sənətsevərləri dərhal bu rəsmdə təsvir olunan öz doğma təbiətlərini tanımış, "bu əsər Udomil gölü sahilində çəkilmişdir" demişlər...

- Son kitabın adını sosial şəbəkədə müzakirəyə çıxardın. Belə bir təəssürat yaranır ki, kitaba daxil olan şeirlərin çoxu elə sosial şəbəkədə paylaşdıqlarındı... Halbuki oxucu şeirdəki sirri, gözlənilməzliyi sevir.

- Kitaba ad qoymaq mənim yaralı yerimdir. Kitabın ümumi obrazına adekvat ad qoymaqda çətinlik çəkdim və müzakirəyə çıxardım.

Haqlısan, sosial şəbəkələrdə paylaşdığım şeirlər kitabın əsas ruhunu təşkil etdi. Təbii, paylaşmadıqlarım da var. Sən demişkən, sirr kimi saxladıqlarım da vardı...

- Yeri gəlmişkən, "sosial şəbəkə şairi" anlayışı səni qane edirmi?

- Qətiyyən. Şair ən əvvəl Şair olmalıdır. Onun yazdıqlarının hamsı mətbu orqanda çap olunmasından və ya sosial şəbəkədə paylaşılmasından asılı olmayaraq... Sosial şəbəkələrdə "meydan sulayan"lar çoxdur. Amma açıq desəm, onların əksəriyyətinin estetikası, bədii dəyəri yoxdur. Taftalogiyadı az qala... Bədii mətn yox dərəcəsindədi.

Puşkin deyirdi ki, şair gərək Allah qədər gözəl olsun bu dünyada. Bu adamlar nəinki Allah qədər gözəl, heç Şair qədər də gözəl deyillər. Primtiv düşüncə, bəsit bədiilik, bayağılıq baş alıb gedir.

- Ədəbi mühitdə görünmürsən, bunun səbəbi?.. Bu suala qaynaq olan başqa bir sorğumuz da var. Filoloji təhsildən sonra BDU-nun hüquq fakultəsini də bitirmisiz. İkinci təhsil özü də hüquq sahəsi, bu, nədən, hansı ehtiyacdan yarandı?..

- Ədəbi mühitdə ara-sıra görünürəm. Ən çox da "Azərbaycan" jurnalında və "Ədəbiyyat qəzeti"ndə çap olunuram. Ümumiyyətlə isə çap olunmaq ehtirasım sanki sönüb. Burada yəqin yaş faktoru da rol oynayır.

Hüquqşünas olmağıma gəlincə, bu, sadəcə, təhsil almaq həvəsi idi, rəis, hakim olmaq istəyi yox. Hələ üstəlik üçüncü ali təhsil də almışam. Hüquq üzrə maqistr dərəcəsi...

- Açığı, şəkilərini görən adam səni şairdən çox hüquq-mühafizə orqanlarının işçisinə oxşadar. Belə bənzərlik haqda yəqin ilk dəfə eşitmirsən...

- Doğru deyirsən, çox eşitmişəm. Amma belə görünmək üçün heç vaxt heç bir cəhd göstərməmişəm. Sadəcə, görüntü belədir. Ümumiyyətlə, heç bir sferada kiməsə oxşamağı, bənzəməyi sevmirəm. Belə bir kompleksim yoxdu. Mən yalnız səliqəli görünməyi sevirəm. Bu qədər bəsit...

- Şeirlərin isə çox incədi, romantikdi. Bu təzadı izah eləməyə sözün nədi? Doğrudanmı insan göründüyü kimi deyil?

- Ola bilər ki, kənardan mən hərdən ciddi, hərdən eqoist, hərdən mizantrop adam təsiri bağışlayaram. Amma əslində çox ürəyi yumşaq, zərif xarakterim var. Bir dilənçi görəndə, yetim uşaq saçı sığallayanda kövrəlib ağlaya bilərəm. Bir az da melanxolikəm...

Romantika da öz yerində, bunsuz keçinmək olmaz. Romantikanın sehrkar cazibəsindən, ruhu oxşayan melodiyasından qaçmaq mümkünsüz...

- Sevgi şeirlərin çoxdu. 60 yaş da uzaqda deyil. Şair, deyəsən, heç qocalmır...

- Nə, 60?.. Lap qorxutdun məni... 60-a hələ iki il qalır... Hə, amma düz deyirsən, qocalırıq, Qurban... Elə bil dünən deyildi, Şüvəlanda sənin: "Suya girən kimi girdim aylı gecəyə" misralarını dinlədiyimiz. Həm də ocaq başında... Cavanlığımız bir az o oda töküldü, bir az o ocağın tüstüsünə qoşulub göylərə bülənd oldu...

Sevgi şeirlərinə gəlincə, əgər ömür vəfa qılsa, mən onu hər zaman yazacam. Heç bir hiss sevgidən üstün ola bilməz. Necə demişdi Akutaqava? "Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz..."

- Vaxtilə səni tez-tez Salam Sarvanla görürdük. Münasibətlər qalırmı? Yaradıcılığını izləyirsinmi və fikirlərin nədir? Yeri gəlmişkən, Cəlilabaddan xeyli şair çıxıb. Kimləri istedadlı sayırsan?

- Salamla biz həmyerli və dostuq. Bu dostluğun uzun tarixi var. Düzdür, hal-hazırda sistemli görüşə bilmirik. Bunun da səbəbi onun mərkəzdə, mənim regionda yaşamağımla bağlıdır.

Salam şəksiz istedadlıdır. Onu bəyəndiyim beş-üç şairdən biri hesab edirəm. O, poeziyada kult yarada bilən şairlərdəndir. Üslub və dil imkanları, gözlənilməz ifadə tərzi ilə seçilənlərdəndir. "Salam Sarvan tükənib" deyən bədxahlara isə yazığım gəlir...

Cəlilabadın "poeziya torpaqları" münbitdir. İstedadlar az deyil. Ad çəksəm, siyahı uzanar deyə, vaz keçirəm...

- Zaman keçdikcə yazıçının, şairin ədəbiyyat haqda fikirləri dəyişir, bəlkə də inkişaf edir.
Səndə necədi? Kimləri oxuyursan?

- Berxold Bretşin belə bir deyimi var: "Bankı qarət etmək qeyri-peşəkar işdir. Əsl soyğunçular bank yaradır". Sadəcə şeir yazanları yox, "ədəbiyyat bankı" yaratmaq istəyənləri oxuyuram. Amma mütaliəmin bir az zəiflədiyini də etiraf etməliyəm.

Ciddi poeziya nümunələri çox olmasa da, hər halda yox da deyil. Ədəbiyyat, utopik, illizior xoşbəxtliklər vəd etsə də, hər halda qeyri-rasionalist də deyil.

Ümumiyyətlə, heç kəsin ədəbiyyat haqda fikirlərini ehkam kimi qəbul etmək olmaz. Mənim də ədəbiyyat haqda düşüncələrim sabit qalmır. Axı, fikrini dəyişməyən bir ölülər, bir də dəlilərdir, deyirlər. Deyəsən, Heynenin sözləridir: "Heç kəs mənə dünənkindən daha ağıllı olmağı qadağan edə bilməz".

Mən daha çox şeirin yox, poeziyanın yanındayam. Jül Vern deyirdi ki: "Yenə şeir, bir misra poeziya olmaz?.." Bunu da Kafka deyib: "Ədəbiyyatdan başqa hər şey məni iyrəndirir"...

Poeziya daha çox daxili təlatümlərə, iztirablara, bir qırıq sevincə, bir dünya kədərə, bir ovuc işığa hesablanır. Bu " hesab"lardan hər şair qazana bilirmi - bax, bu başqa məsələ...

- Sosial şəbəkədə şair kimi aktiv olduğunu qeyd etdik. İnboksuna nə yazırlar?

- İnboksuma salam alanlar da, salam verənlər də yazır. Daha çox ədəbiyyat söhbətləri edirik. Şəxsi kontekstdə suallar da olur. Hətta yaşımın 58 olduğunu unudub, sevgi şeirləri (və söhbətləri) istəyənlər də az olmur...


Müəllif: Qurban Yaquboğlu