“Əslində erməni xalqı bu qüvvələrin hakimiyyətdə olduğu dövrü gözəl xatırlayır. Zamanında Paşinyanın hakimiyyətə gəlməsinə səs vermələri də onlara olan etiraz idi. Yəni bu qüvvələrin yaratdığı bəlalardan qurtulmaq istəyindən irəli gəlirdi. Onlar vaxtilə Ermənistanı korrupsiya bataqlığına sürükləmiş qüvvələrdir. Durumun hansı yerə gəlib çıxmasından asılı olmayaraq, Ermənistanın Azərbaycanla savaşmaq üçün özündə güc tapacağını istisna edirəm. Eyni zamanda, düşünürəm ki, Ermənistana dəstək verən həm Qərb, həm də Rusiyanın Azərbaycanın bölgədəki rolu və imkanlarını nəzərə alırlar”.
Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan müxalifəti üç həftəyə yaxındır Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirir. Müxaliflər Paşinyandan istefa tələb edirlər. Paşinyanın bu tələblərə reaksiyası necə olacaq, öz iqtidarını qoruyub-saxlaya biləcəkmi, bu etirazlar qarşısında onun əli nə qədər güclüdür?
- Əslində Ermənistanda keçirilmiş son parlament seçkiləri göstərdi ki, müharibədəki məğlubiyyətə baxmayaraq, ölkə vətəndaşlarının mütləq əksəriyyəti Paşinyana səs verdi. Eyni zamanda, Ermənistan parlamentində Paşinyanın partiyasının 70 faizlik təmsilçilik hüququ var. Yəni Paşinyan parlamentdə kifayət qədər üstünlüyə malikdir. Sadəcə olaraq, Paşinyanın bu müddət ərzində siyasi iradə və qətiyyət nümayiş etdirə bilməməsi, bu sahədəki təcrübəsizliyi və s. amillər göstərir ki, günah onun özündədir. Hər halda Paşinyana məlum güc mərkəzlərindən təzyiqlərin olduğu da istisna deyil. Ermənistan müxalifətinin Rusiyaya bağlı olduğu hər kəsə bəllidir. Ermənistanda iqtidarda olan qüvvə isə Qərbə bağlıdır. İndi də ona Qərb və ya ABŞ-dan dəstək var. Yaxın günlərdə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan bir neçə gün ABŞ-da oldu. Mirzoyan Amerikada Dövlət katibi Blinken tərəfindən də qəbul edildi.
Dediyim kimi, ötən müddət ərzində Paşinyanın tərəddüd etməsi, vaxtı uzatması onun əleyhinə işləməyən amillər kimi anlaşılmalıdır. Bunu müxalifət və onun hərəkətlərini koordinasiya edən məlum geosiyasi güc mərkəzi də (Rusiya) görür. Aksiyaların və ora qoşulanların sayı artıqca, Paşinyanın sələfi Serj Sərkisyan kimi istefaya gedəcəyini istisna etmək olmaz.
- Ermənistanda ehtimal olunan hakimiyyət dəyişikliyi baş versə, bu, nələri dəyişəcək? Çünki Paşinyanı devirmək istəyən müxaliflər Şuşa və Hadrutun yenidən işğalından danışırlar.
- Revanşistlər Paşinyana qədər olan hakimiyyətlərdə təmsil olunmuş qüvvələrdir. Ermənistan müxalifətində təmsil olunan Serj Sərkisyan və Robert Köçəryandan fərqli olaraq, yalnız bu ölkənin birinci prezidenti Levon Ter-Petrosyan sağlam məntiqdən çıxış edir. Petrosyan israrla Paşinyanı Azərbaycanla danışıqlara dəvət edir. Petrosyan haqlı olaraq onu da dedi ki, bu müharibədə Paşinyan yox, Ermənistan təslim oldu. Görünən budur ki, Petrosyan Ermənistandakı mövcud duruma kənardakı bəlli qüvvələrin təsir imkanlarını Paşinyanla müqayisədə daha yaxşı dəyərləndirir.
Revanşistlərə gəldikdə, onların konyunktur maraqları anlaşılandır. Onlar bununla həm siyasi dividentlərini artırırlar, həm də sosial bazalarını genişləndirirlər. Amma revanşistlərin hakimiyyətə gələcəyi ehtimalını qəbul etsək belə, onlar Azərbaycana qarşı savaş apara biləcək qüvvələr deyil. Çünki 44 günlük müharibədə Ermənistan iqtisadiyyatı və ordusuna elə bir zərbə dəyib ki, o bundan sonra uzun müddət özünə gəlməyəcək. Erməni ordusu dağılıb. Üstəgəl, Ermənistan iqtisadiyyatı 60 faiz Rusiyadan asılıdır və bu ölkədə rus hərbi bazaları var. Belə bir durumda Qərb Ermənistan iqtisadiyyatına investisiya yatırmaqda maraqlı deyil. Yəni Paşinyanı devirmək istəyən qüvvələr hakimiyyətə gəlsələr belə, Azərbaycanla müharibə aparmaq gücləri olmayacaq. Bunu özləri də yaxşı bilirlər. Sadəcə olaraq, əsas hədəf hakimiyyəti qəsb etməkdir.
Əslində erməni xalqı bu qüvvələrin hakimiyyətdə olduğu dövrü gözəl xatırlayır. Zamanında Paşinyanın hakimiyyətə gəlməsinə səs vermələri də onlara olan etiraz idi. Yəni bu qüvvələrin yaratdığı bəlalardan qurtulmaq istəyindən irəli gəlirdi. Onlar vaxtilə Ermənistanı korrupsiya bataqlığına sürükləmiş qüvvələrdir. Durumun hansı yerə gəlib çıxmasından asılı olmayaraq, Ermənistanın Azərbaycanla savaşmaq üçün özündə güc tapacağını istisna edirəm. Eyni zamanda, düşünürəm ki, Ermənistana dəstək verən həm Qərb, həm də Rusiyanın Azərbaycanın bölgədəki rolu və imkanlarını nəzərə alırlar.
Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşlardan biridir. Rusiya isə Azərbaycana bölgəsində söz sahibi olan dövlət kimi baxır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Şuşa bəyannaməsinin imzalanmasından sonra münasibətlər hərbi müttəfiqlik səviyyəsinə qalxıb. Pakistan faktorunu da nəzərə aldıqda, düşünmürəm ki, Rusiya Azərbaycanla münasibətlərini özünün maraqlarına cavab verməyəcək müstəviyə gətirəcək.
- Revanşistlər hakimiyyətə gəlsələr, sülh danışıqlarının taleyi necə olacaq? Bununla bağlı Moskva və Brüsselin vasitəçiliyi ilə razılaşdırılmış bir gündəm də var.
- Hər şey Paşinyandan asılıdır. Paşinyan istəsə, Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində addımlar ata bilər. Bunun üçün əvvəlcə sərhədlər müəyyənləşdirilməlidir və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan rəsmi qaydada Azərbaycana olan ərazi iddialarından imtina etməlidir, normal münasibətlərin qurulması üçün nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində addımlar atmalıdır. Paralel olaraq, Ermənistan Türkiyə ilə bağlı da bu qərarları verməlidir. Bu halda bölgədə sülh və sabitliyin təmin edilməsinin şahidi ola bilərik. Bu da Ermənistana yeni investisiya axınının yaranmasına gətirib çıxara bilər. Eləcə də, blokadadan çıxacaq Ermənistan bölgədə reallaşan geosiyasi və geoiqtisadi layihələrə qoşulmaq imkanları əldə edəcək. Məlumdur ki, Ermənistanın indiyədək belə layihələrə qoşulmasına Azərbaycana qarşı işğal faktı mane olurdu.
Bir sözlə, imzalanacaq sülh müqaviləsindən daha çox Ermənistan qazana bilər. Buna görə də, hər şey Paşinyanın siyasi iradə və qətiyyətindən asılıdır. Hələlik güc strukturları Paşinyanın tərəfindədir və ona tabedir. Paşinyan bu etiraz aksiyalarının qarşısını ala bilsə, Azərbaycanla münasibətlərin normallaşması üçün heç bir ciddi maneə olmayacaq.
- Hakimiyyət dəyişikliyinin baş verəcəyini istisna etmədiyinizi də dediniz. Belə olan halda, Paşinyanın yerinə kim keçə bilər: sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan, yoxsa, general Artur Vanetsyan və ya daşnak İşxan Saqatelyan?
- Əslində adıçəkilən bu siyasətçilərlə yanaşı, heç kəsin gözləmədiyi şəxs də ola bilər. Bu halda Rusiya çalışacaq ki, Qərbin namizədinin qarşısına sədd çəksin. Həmin şəxs Rusiya ilə geniş əlaqələri olan erməni iş adamlarından biri də ola bilər. Baş verənlər həm də ondan irəli gəlir ki, Rusiyanın Ermənistana təsir imkanları qalmaqdadır. Ermənistan iqtisadiyyatının 60 faizinə Rusiya nəzarət edir, eləcə də, ölkənin dəmir yolları şəbəkəsi rusların əllərindədir. Ortada hərbi baza faktoru da var.
Qərb də anlayır ki, Ukraynada olduğu kimi, Ermənistanda da proses nəzarətdən çıxsa, İrəvana kömək edə bilməyəcək. Halbuki Ukrayna Avropanın ağuşunda və əhatəsindədir. Ermənistan isə geocoğrafi baxımdan Avropadan uzaqdır. Qərb Ermənistana təyyarələrlə hərbi dəstək verməyəcək ki. üstəgəl, Ermənistan KTMT üzvüdür və bu amil də Qərbə ona istədiyi dəstəyi verməyə mane olur. Buna görə də, Paşinyan Ermənistan dövlətçiliyinin gələcəyi naminə Azərbaycanla anlaşmalar üzrə öhdəlikləri yerinə yetirməlidir.