Belarus Prezidenti Aleksandr Lukaşenko təhkimçi statusunda yaşayır, biz o statusda yaşamaq istəmirik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Qaqik Melkonyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun İrəvanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı açıqlamasını şərh edərkən söyləyib.
“Lukaşenko çox şey deyə bilər. Onun əsas çıxışı Ermənistanın hara qaçmalı olduğu tezisi üzərində qurulub. Lukaşenko təhkimçi statusunda yaşayır, biz o statusda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq istəyirik, kimlə istəsək görüşə və onunla müqavilə bağlaya bilərik”, - Melkonyan qeyd edib.
Ermənistanın bundan əvvəl müstəqil olub-olmadığını soruşulduqda deputat belə cavab verib:
"Yox. Rusiyadan asılı idik. Rusiyanın köləsi idik, çünki Rusiya bizə hər şeyi diktə edirdi - hansı ölkə ilə görüşməyi, ünsiyyət qurmamağı...".
Siyasətçi keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Rusiyanın xeyir-duası ilə hakimiyyətə gəldiklərini etiraf edib:
"Bizdə kim prezident olurdusa, demək, Rusiyanın "dobro"sunu almışdı. Müdafiə nazirləri də bu yolla təyin edilirdi".
Melkonyanın Ermənistanın niyə KTMT-dən çıxmaması ilə bağlı suala cavabı belə olub: “Yaxşı gedirik. Vaxtı gələndə hər şeyi edəcəyik”.