Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) "müşahidəçiləri" yenidən Azərbaycanla sərhədə gəliblər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd "Niva", 1 ədəd "UAZ Patriot" markalı minik avtomobilləri gəlib.
Avtomobillərdən 6 nəfər Aİ "müşahidəçisi" və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın izləyiblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.
Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus "Toyota" markalı avtomobil və 1 ədəd "UAZ Hunter" markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı "müşahidəçisi" və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə bizim istiqamətlərimizi müşahidə ediblər