29 Avqust 20:39
2 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi ətrafında halqa daralır, Rusiya yolun açılması yönündə fəallığını artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Erməni nəşri bildirir ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı olub:

“Liderlər Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Putin bir neçə gün əvvəl Bakıda dövlət səfərində olub.

Dünən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da kommunikasiyaların açılmasından danışıb. O bildirib ki, Cənubi Qafqazda nəqliyyat yollarının blokadadan çıxarılması regionun maraqlarına uyğundur. Zaxarovanın sözlərinə görə, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən Naxçıvanla birləşdirməli olan marşrut Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.

Zaxarova israrla söyləyib ki, 10 noyabr üçtərəfli bəyanatı hələ də qüvvədədir və onun alternativi yoxdur. O, Ermənistanın rəsmi səviyyədə bəyanatdan imzasını geri götürmədiyini vurğulayıb.

Ermənistan hakimiyyəti mütəmadi olaraq üçtərəfli bəyanatın Rusiya və Azərbaycan tərəfindən pozulduğunu iddia edir. Amma bəyanatdan imzalarının geri götürülməsi ilə bağlı heç bir açıqlama verməyiblər. Paşinyanın daha vacib işləri var: velosiped sürür, paxla təmizləyir, məclislərdə iştirak edir. Zəngəzur ətrafında isə halqa daralır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər