7 İyul 2014 14:38
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaqub Məmmədov: “Bu, ədalətli və tarixi qərar idi”

Zərdüşt Əlizadə: “Bu qərar siyasi reallıq baxımından doğru deyildi”

Dağlıq Qarabağ vilayətinin yaradılmasından 91 il ötür.

1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1991-ci il noyabrın 26-da isə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olunub. Həmin gün müstəqil parlamentin qərarı ilə həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Hadrut (1923-cü ilədək adı Ağoğlan olub), Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil idi.

Həmin dövrdə Ali Sovetin üzvü olan Yaqub Məmmədov məsələ ilə bağlı bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi bütün deputatların yekdil qərarı ilə olub. Onun sözlərinə görə, ləğv edilmə əsasən ermənilərin müstəqil olmaları ilə bağlı verdikləri qeyri-qanuni qərar idi: “Həmin dövrdə sovetlər birliyi zəifləmişdi və dağılırdı. O vaxt muxtar vilayətin böyük əksəriyyəti olan ermənilər Ermənistana birləşməklə bağlı qərar qəbul etdi. Bu səbəbdən də Azərbaycan Ali Soveti Qarabağın muxtariyyət statusunu ləğv etdi və ölkənin tərkibinə daxil edildi. Hesab edirəm ki, bu ədalətli və tarixi qərar idi. Çünki ermənilər həmin vaxt Azərbaycan hakimiyyətinə tabe olmurdular və bizim tərkibimizdə qalmağa razı deyildilər. Buna görə də biz elə bir qərar qəbul etdik”.

Politoloq Zərdüşt Əlizadə bildirib ki, 1923-cü ildə Qarabağda münaqişə var idi və bunun siyasi həlli tapılmalıydı. Onun sözlərinə görə, həmin dövrdə siyasi həll olaraq, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı: “O vaxt azərbaycanlılar Ermənistan ərazisində qiyam qaldırsaydılar, fikrimcə, onlara da müxtar vilayət statusu verilə bilərdi. Ancaq azərbaycanlılar həmin dövrdə sakit oturdular və heç bir siyasi hərəkətlilik olmadı. Sonra 1988-ci ildə Azərbaycan tərəfi məsələ qaldırdı ki, azərbaycanlılara da Ermənistanda simmetrik muxtariyyət versinlər. Onda Qorbaçovun göstərişi ilə və Ermənistan rəhbərliyinin icrası ilə azərbaycanlılar oradan qovuldu”.

Z.Əlizadə 1991-ci ildə Qarabağın muxtariyyətinin ləğv edilməsini böyük siyasi səhv adlandırıb. Onun sözlərinə görə, həmin dövrdə təmsil olunduğu partiyanın sədri də bu muxtariyyətin ləğv edilməsini istəyirdi: “Bu addım mahiyyət baxımından düzgün idi. Amma siyasi reallıq baxımından doğru deyildi. Çünki Azərbaycan gərək öz imkanlarını ölçüb-biçəydi və gələcəyini görəydi. Əlbəttə heç kim bilmirdi ki, bizim hakim dairəmiz bivec və satqın çıxacaq və 3 qat üstünlüyə baxmayaraq, biz Qarabağda məğlubiyyətə uğrayacağıq. O dövrdə faktiki olaraq, siyasi elitamız Qarabağı hakimiyyət ucbatından bada verdilər. İndi isə bu məslənin həlli tarixi faktlardan yox, real bir iş prinsipindən asılıdır”.

Poltiloq deyib ki, münaqişənin həlli ilə bağlı proseslərdə Dağlıq Qarabağ Muxtar Vilayəti sovet dövründə olan ərazi kimi nəzərə alınır. Onun sözlərinə görə, danışıqlar prosesində Ermənistan SSRİ Ali Sovetinin 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və eləcə də 1991-ci ildə Azərbaycan Ali Sovetinin muxtar vilayət statusunun ləğv edilməsi ilə bağlı qərarlar nəzərə alınmır.

BƏXTİYAR


Müəllif: