16:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kahramanmaraş şəhərindəki “Azərbaycan” məhəlləsinə köç başlayacaq.

Teleqraf.com-un Türkiyə bürosunun Kahramanmaraşa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Kahramanmaraş Valisi Mükerrem Ünlüer bildirib:

“Buranın adı əvvəllər də “Azərbaycan Bulvarı” idi. Kahramanmaraşın ən dəyərli bölgəsi “Azərbaycan” məhəlləsidir. Şəhərin mərkəzi olduğu üçün ərazidəki yenidənqurma işləri bizim üçün xüsusi diqqət tələb edirdi. Zəlzələdən sonra Azərbaycan höküməti həssaslıqla yanaşdı. Nümayəndələr bura gələrək birgə layihə həyata keçirməyi təklif etdilər. İndi dayandığımız bölgə iki ölkənin birgə əməyi nəticəsində ərsəyə gəlib. Bu layihənin təqribən 105 milyon dollarını Azərbaycan hökuməti üzərinə götürüb. Bu layihəyə həm məktəb kompleksi, həm də yaşayış binaları daxildir”.

“Azərbaycan” məhəlləsində istifadəyə verilən Heydər Əliyev adına orta məktəb kompleksi ötən ilin sentyabr ayında istifadəyə verilib. Yaşayış kompleksindəki evlərin təhvil verilməsi isə zəlzələnin ildönümü ilə əlaqədar 6 fevralda nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil var.

Layihənin Azərbaycan tərəfdən icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.


Müəllif: Dəryanur Cəfərova

Oxşar xəbərlər