İstintaq Moskvada yaşayış kompleksində “ArBat” batalyonunun təsisçisi Armen Sərkisyanın qətli ilə bağlı bir neçə motivin üzərində işləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından TASS-a bildirilib.
“Hazırda Sərkisyanın qətlinin bir neçə motivi üzərində iş aparılır. Müstəntiqlər şəxsi qisas ehtimalını istisna etmirlər”, - agentliyin mənbəsi deyib.
Həmçinin Fövqəladə Hallar Nazirliyindən TASS-a verilən məlumata görə, yaşayış kompleksində baş verən partlayışı proses zamanı ölən şəxs törədib:
“İlkin məlumata görə, Sərkisyanı öldürmək üçün partlayıcı qurğunu işə salan şəxs yerindəcə ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir”.
Xatırladaq ki, dünən səhər saatlarında Moskvada bir yaşayış kompleksininin girişi yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində “ArBat” batalyonunun komandiri Armen Sərkisyan ölüb. Sərkisyan həm də Ukraynanın işğal edilmiş Donetsk vilayətindəki qondarma qurumun "Boks Federasiyasının prezidenti" idi.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Əlavə edək ki, erməni yaraqlılarından ibarət “ArBat” Ukrayna ilə müharibədə Rusiya tərəfində döyüşür.