16:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İcraiyyə Komitəsində təmsil olunan yeganə veteran futbolçu Səməd Qurbanov da Azərbaycan Premyer Liqasında legioner limitinin lehinə səs verib.

Bu barədə Teleqraf.com-a sabiq yarımmüdafiəçinin özü məlumat verib.

72 yaşlı mütəxəssisin sözlərinə görə, legioner limitinin ləğvi Azərbaycan Premyer Liqasına marağı və yerli futbolçular arasında rəqabəti artıracaq: "Bu, futbolumuza az da olsa, töhfə verəcək, daha maraqlı oyunlar izləyəcəyik. Özüm bu qərarın lehinə səs vermişəm. Düşünürəm ki, bir çox insan mənimlə həmfikirdir".

Qurbanov veteran futbolçularla məsləhətləşmədiyini də diqqətə çatdırıb: "Onlarla görüşməmişəm, hər kəsin öz fikri var. Amma çoxunun mənimlə eyni fikirdə olduğunu bilirəm".

Veteran futbolçu Azərbaycan Premyer Liqasında növbəti mövsümdən komanda sayının 10-dan 12-yə artırılması barədə də fikirlərini bölüşüb: "Gələn mövsümdən komandaların sayı artacaq, amma bunun hansı reqlamentə əsasən olacağına gələn iclasda qərar verəcəyik. Hazırda heç bir variant yoxdur".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin hər iki qərarı 2025/2026 mövsümündən qüvvəyə minəcək.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər