23 İyul 2014 11:29
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıbaba Əzimov: "Vətənə xəyanət ittihamı ilə həbs edilməsi ona münasibəti dəyişib"

Sabiq müdafiə naziri Rəhim Qazıyev VAMBP sədri, professor, istiqlalçı deputat Hacıbaba Əzimovu kəskin tənqid edib. R.Qazıyev bildirib ki, vaxtilə Ali Sovetdə təmsil olunub və 1991-ci ilin oktyabrında Azərbaycanın Müstəqillik aktına səs verib. Amma buna baxmayaraq Hacıbaba Əzimov bir neçə dəfə istiqlalçı deputatların iclasını təşkil etsə də, onu bu toplantıya dəvət etməyib. Qazıyev hesab edib ki, onun tədbirə dəvət olunmaması daha çox ona qarşı olan kin və nifrətlə birbaşa bağlıdır.

VAMBP sədri Hacıbaba Əzimov isə Rəhim Qazıyevin dediklərini ciddiyə almayıb. Professor bildirib ki, o heç kəsi tədbirə dəvət etməyib:

"Əvvəla, çoxdandır ki, tədbirimiz olmur. Bəli, biz istiqlalçı deputatların məclisini yaratmışıq. Amma indi müəyyən səbəblərdən məclis toplaşmır. Lakin əvvəllər toplaşıb müzakirələr aparmışıq, ölkəmizin taleyüklü məsələləri ilə bağlı bəyanatlar vermişik, müxtəlif ünvanlara məktublar göndərmişik və s. Lakin mən ora heç kimi dəvət etməmişəm. Məclisə sədrlik növbə ilə həyata keçirilir. Hər dönəm sədri də məclisə özü dəvət edib. Mən bu işin təşkilində əsas rol oynamışam, onun əsasnaməsini yazmışam. Lakin onun sədri deyiləm. Əsasnaməyə görə, Rəhim Qazıyev də, hər bir istiqlalçı deputat da burada iştirak edə bilər. Amma elə Rəhim Qazıyev və digərləri tədbirə dəvət edilsələr də iştirak etməyiblər. Onlar daha çox kənarda qalmağa üstünlük veriblər. Bunun da günahı mən deyiləm. Amma Qazıyev və digər istiqlalçı deputatlar məclisə gələrək bərabərhüquqlu üzv kimi iştirak edə bilər. Heç kəsə qadağa tətbiq edilmir. Qazıyev bilməlidir ki, Məclisə dəvəti mən deyil, dönəm sədri olan şəxslər ediblər. Bu məsələ mənlik deyil. Amma bu şəxsin Məclisdə iştirakı təmin olunub, bu əsasnamədə əks edilib, həmin şəxs gəlib iştirak edə və sözünü deyə, səsvermədə iştirak edə bilər".

Şəxsən özünün Rəhim Qazıyevə münasibətdə mənfi fikirlərinin olmadığını bildirən Hacıbaba Əzimov qeyd edib ki, sabiq nazirin vaxtilə vətənə xəyanət ittihamı ilə həbs edilməsi bu cameədə ona münasibəti bir qədər dəyişib: "Mən şəxsən çalışıb ona hörmətlə yanaşmışam. İndi onu kim qəbul etmirsə, bu suala da onlar cavab verməlidir. Lakin deyim ki, onun həbs edildiyi və ittiham olunduğu maddə bu şəxsin imicinə ziyan vurub. Odur ki, bəzi adamlar Rəhim Qazıyevin Azərbaycan xalqına, dövlətçiliyinə sədaqətli olmasına şübhə ilə yanaşırlar. Bu səbəbdən də Rəhim Qazıyevdən kənar gəzirlər. Amma mənim ona pis münasibətim olmayıb".

CAVİDAN


Müəllif: