26 Yanvar 2021 15:38
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 25-dən Dünya İqtisadi Forumunun “Davos gündəliyi 2021” tədbiri keçirilir. Hər il baş tutan ənənəvi forum yanvarın 29-na qədər davam edəcək. Davos İqtisadi Forumu bu il pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri səbəbindən öz işinə virtual formada davam edəcək.

Teleqraf.com-un xəbəinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcı bildirib ki, tədbir çərçivəsində bir çox iqtisadi, sosial, ekoloji və texnoloji məsələlər, o cümlədən, iqtisadiyyatın davamlı inkişaf sistemləri, sənaye transformasiyası və inkişafı, qlobal resurs idarəçiliyin inkişafı, Dördüncü Sənaye İnqilabının texnoloji imkanları, qlobal və regional əməkdaşlığın inkişafı kimi mövzular ətrafında dünya liderlərinin, iş adamlarının, beynəlxalq təşkilat üzvlərinin və sair iştirakçıların müzakirəsi olacaq:

"Pandemiyanın qlobal səviyyədə yaratdığı sistematik dəyişikliklər, 2020-ci ildə ortaya çıxan problemlər və 2021-ci ildə bəşəriyyəti gözləyən digər aktual məsələlər də Forumun müzakirə mövzularındandır. Həmçinin, Davos gündəliyi çərçivəsində COVİD-19 pandemiyasının vurduğu zərərlərin minimallaşdırılması üçün innovativ, dayanıqlı və inkişafa meyilli institusional yanaşmaların müzakirəsi gözlənilir.

“Davos gündəliyi 2021” tədbiri Dünya İqtisadi Forumunun “Böyük Sıfırlama Təşəbbüsü”nün başlamasına və yazda baş tutması gözlənilən xüsusi illik görüşün hazırlıqlarına töhfə verəcək”.

Analatik qeyd edib ki, tədbir 70 ölkəni əhatə edən 1500-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə 5 proqram mövzusundan ibarət olacaq: ”Həmin proqramların mövzuları hər gün planlaşdırılıb. Belə ki, “Davamlı və dayanıqlı iqtisadi sistemlərin dizaynı”, “Məsuliyyətli sənaye transformasiyası və inkişafı”, “Qlobal resurs idarəçiliyin inkişafı”, “Dördüncü Sənaye İnqilabının texnoloji imkanları” və “Qlobal və regional əməkdaşlıqların inkişafı” mövzuları müzakirəyə çıxarılacaq".

Qeyd edək ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə yaradılıb.


Müəllif: Yeganə Oqtayqızı