Məşhur ispan rəssam Pablo Pikasso ilə uzun müddət sevgi münasibəti olan Fransuaza Gilot rəssamın onunla çox qəddar davrandığını iddia edib.
Teleqraf.com xəbər verir ki, Pikasso ilə on illik ehtiraslı münasibəti ilə tanınan və indi 100 yaşında olan fransız rəssam Fransuaza Gilot onun vəhşi davranışlarına məruz qaldığını açıqlayıb.
Gilot “Nyu-York Tayms” qəzetinə müsahibəsində 21 yaşında 61 yaşlı Pikasso ilə Parisdə tanış olduqdan sonra rəssamın evində yaşamaq dəvətini qəbul etməsi ilə həyatının dəyişdiyini bildirib. Münasibətdə olduğu fotoqrafı Dora Maardan Gilota görə ayrılan Pikasso o vaxt rus rəqqasə Olqa Xoxlova ilə də evli olub. Pikasso Gilotu rəsm çəkməyə həvəsləndirib, ona öz studiyasını verib. Pikassonun mühasibi və tərcüməçisi, daha sonra isə iki uşağının anası olan Gilot rəssamın münasibətlərinə böyük həssaslıq göstərdiyini, eyni zamanda onu inanılmaz vəhşiliklərə məruz qoyduğunu iddia edib.
Gilot qızları Paloma dünyaya gəldikdən sonra Pikassonun ona “Səninlə tanış olanda sən Venera idin. İndi sən İsasan, həm də saymaq üçün bütün qabırğaları çıxmış Romanesk Məsihsən” dediyini bildirib.
Fransız rəssam Pikassonun söhbətlərindən birində yanan siqareti yanağına basdığını iddia edib:
“Siqareti yanağımda saxladı. O, mənim geri çəkilməyimi gözləyirdi, amma ona bu zövqü verməməkdə qərarlıydım”.
O, Maar və Xoxlova tərəfindən izlənildiyini və təqib edildiyini də deyib:
“Gənc qadınlar olaraq bizə susmağı öyrətmişdilər. İkinci yeri tutmağın birincidən daha asan olduğunu da bizə erkən demişdilər. Özümüzü ifadə etmək və istəklərimizi dilə gətirmək üçün öyrənməyimiz vacibdir”.
Münasibətlərdə maneələrin faydalı olduğunu vurğulayan Fransuaza Gilot qadının əri olsa belə, ən gizli fikirlərini özünə saxlamalı olduğunu söyləyib.
Pikasso ilə ən uzunmüddətli münasibətdə olan Gilot həm də rəssamı tərk edən yeganə qadın kimi tanınır. Pikassso onunla 1953-cü ildə münasibətləri bitəndə öz simsarlarına Gilotun əsərlərini almamağı tapşırıb və bununla da fransız rəssamın karyerasına mane olmağa çalışıb.