"Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Gülən camaatından yararlanaraq dünya üzrə öz casus şəbəkəsini qurub"
Teleqraf.com sabiq milli təhlükəsizlik nazirinin birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:
- Sülhəddin bəy, Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişi cəhdindən artıq 20 günə qədər zaman keçir. Bu hadisələrin arxasında olan güclər haqqında müəyyən təəssüratlar formalaşır. Sizin düşüncələriniz nədən ibarətdir?
- Bu hadisələrə geniş baxmaq lazımdır. Artıq dünyada müharibələrin, təhdidlərin xarakteri dəyişir və müharibələr tədricən strateji, vəkalət müharibələri xarakterini alır. Başqa sözlə, dost olmayan və düşmən olan ölkələr qarşı tərəflə başqalarının vəkilliyi ilə müharibələr aparır, təhdidlər yaradır, böhran situasiyalarına nail olmağa çalışırlar. Tədricən müharibələrin strateji planlaşdırılmasında ağıl komponenti artır. Təhdidlər ancaq hərbi panlar əsasında deyil, həm də geniş xarakter alır.
Başqa sözlə, hər hansı ölkəyə qarşı plan həyata keçirilirsə, bu, geniş və dərin xarakterli olur. Yəni bunun siyasi, iqtisadi, hərbi, sosial, informasiya tərəfi olur. Beləcə, təhdidlər sadəcə güc tətbiqi, güc nümayişi ilə olmur. Həm sərt gücdən, həm də yumşaq gücün bütün komponentlərindən istifadə edilir. Bu baxımdan Türkiyəyə qarşı strateji bir hücum olduğunu düşünürəm. Bu strateji hücum dalğa-dalğa gəlirdi. Sadəcə hərbi komponent ortaya çıxanda biz artıq anladıq ki, bütün bunlar mərhələ-mərhələ olan hücumların davamıdır. Əslində, bu hücumlar Türkiyəyə qarşı informasiya-psixoloji hücumla başlamışdı. Türkiyəni terrorizmə, İŞİD-ə dəstək verməkdə ittiham etdilər, Türkiyənin iqtisadi inkişafına mane olmaq üçün problemlər yaratdılar. Türkiyədə demokratik rejim olsa da, Ərdoğanın avtoritar rejim yaratmaq istədiyini yayırdılar.
Eyni zamanda daxildə dövlət və hökumət strukturlarının ələ keçirilməsi işi aparılır, ordu, polis və xüsusi xidmət orqanları gözdən salınır, PKK ilə savaş dalğası başladılır, İŞİD və PYD bu prosesə qoşulurdu. Buna qədər isə Ərdoğan başda olmaqla bir sıra hökumət üzvlərinə qarşı kampaniya başladı, Gəzi olayları yaşandı və s. Bütün bu hadisələrə xronoloji nəzərdən baxanda bəlli olur ki, Türkiyəyə qarşı 2011-ci ildən, Suriyada proseslər başlayandan sonra strateji müharibə başlayıb və bu, dalğa-dalğa həyata keçirilib. Sonda isə Türkiyəni öz daxilində olan əllə vurmaq üçün cəhd edilib. Bu, Türkiyəyə olan strateji hücum idi, hərbi çevrilişə cəhd təşəbbüsü isə bunun sadəcə bir komponentidir. Məsələyə belə baxmağı daha düzgün sayıram, əks halda biz yanılacağıq. Türkiyəyə qarşı dərin və geniş hücum var və bu strateji hücumdur.
- Türkiyəyə qarşı bu hücumda Amerikanın əli varmı?
- Biz ancaq şübhələrdən danışa bilərik. Ən azı istintaq materialları ilə tanış deyilik. Amma heç kimə sirr deyil ki, Türkiyəyə son zərbə Gülən camaatı tərəfindən vurulub. Gülən camaatı dövlət və hökumət içərisində şəbəkələşib və son hücumda iştirak edib. Və vacibi odur ki, bu prosesdə yalnız ordu daxilində olan şəbəkə iştirak etməyib. Burada jurnalistlərdən tutmuş yüksək hökumət nümayəndələrinin köməkçilərinə qədər olan geniş şəbəkə iştirak edib. Bildiyiniz kimi, “Hizmət” hərəkatının başçısı 1999-cu ildən ABŞ-da yaşayır. Buna qədər bir neçə dəfə məhkəmə prosesi olub, Türkiyə Güləni ABŞ-dan istəməsinə baxmayaraq o verilməyib.
Gülən bu gün də ABŞ-da yaşayır və xüsusi qorunur. Onun ABŞ-da necə yaşaması, necə yaşıl kart alması, kimin ona dəstək olması maraqlıdır. Fakt odur ki, bu adama ciddi dəstək var. ABŞ-ın dövlət və hökumət adamlarının, xüsusilə hərbçilərin açıqlaması ortadadır. Çevrilişin baş tutmamasından narahatlıq açıq şəkildə görünürdü. Xüsusilə, dövlət katibi Kerri 15 iyulda açıqlama verdi ki, tərəfləri səbirli olmağa dəvət edir. Başqa sözlə, burada çevriliş edənlərlə xalq tərəfindən seçilən hökumətə eyni gözlə baxıldı.
Avropa Birliyinin, Qərb mediasının məsələlərə yanaşmasında sanki belə təəssürat yaranır ki, çevrilişin baş tutmamasından narahatlıq var. Bu, əslində demokratik dünya adına utandırıcı bir haldır. Birmənalı şəkildə ABŞ, Avropa Birliyi, NATO ölkələri demokratik ölkədə baş verən amansız və qanlı terror metodlarından istifadə edilən çevriliş cəhdini qınamalı, demokratik yolla seçilən prezidentə və hökumətə dəstək verməli idilər. Lakin bunun əvəzində yuxarıda deyilən münasibətin sərgilənməsi göstərdi ki, ABŞ-da, Avropa Birliyində ciddi dairələr çevrilişin baş tutmamasından narahatdırlar. Ancaq türk xalqı bütün bu planları pozdu.
Xalqın demokratiyaya, dövlətinə və hökumətinə sahib çıxması bu xain ssenariləri dayandırdı. Əvvəlki çevrilişlər zamanı xalqın belə hərəkətliliyi müşahidə olunmamışdı. Odur ki, son hadisələr zamanı xalqın sərgilədiyi mövqe türk millətinin keyfiyyətcə yeni inkişaf səviyyəsinə qalxdığını göstərir. Bu həm də dünyada “müsəlmanlar demokratiyaya hazırdır, hazır deyilmi” kimi mövzuların müzakirəsini dayandıracaq. Məncə, türk millətinin şücaətli mübarizəsi “müsəlmanlar demokratiyaya hazır deyil” kimi arqumenti darmadağın etdi.
- Gülən şəbəkəsi haqqında danışaq, bu şəbəkə haqda fikirləriniz nədən ibarətdir?
- Məndə yaranan təəssürat budur ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Gülən camaatından yararlanaraq bütün dünya üzrə öz casus şəbəkəsini qurub və bunu inkişaf etdirir. Bu şəbəkənin ən güclü hissəsi isə Türkiyədədir.
- Siz Gülən camaatı haqda ilk dəfə nə zaman eşitmisiniz?
- Səhv etmirəmsə, 90-cı illərdə. Milli Təhlükəsizlik Nazirliyində çalışdığım müddətdə bu şəbəkə haqda məndə məlumat var idi.
- Sizin dövrünüzdə bu şəbəkə xüsusi xidmət orqanlarının maraq dairəsinə düşmüşdü?
- Xeyr. O zaman bu şəbəkə nazirliyin diqqət mərkəzinə düşməyib. Lakin biz Türkiyə ilə sıx əlaqədə işləmişik. Mənim Türkiyənin istihbarat dairələri ilə sıx əlaqələrim var idi. Biz Türkiyə ilə yaxından maraqlanır, bu şəbəkənin qardaş ölkədə necə fəal olduğunu bilirdik. Həmin illərdə türk kəşfiyyatı milli təhlükəsizlik sənədinə əsasən islam faktorunu təhdid kimi qiymətləndirirdi. Bütövlükdə siyasiləşən islamı təhdid hesab edirdilər, lakin camaat şəbəkəsinə təhdid kimi yanaşmırdılar. Bunu indi Türkiyə hüquq mühafizə orqanları etiraf edir.
- Ancaq sizin iqtidarın təhsil naziri Firudin Cəlilov deyir ki, nurçular artıq ölkəmizə gəlməyə başlamışdı...
- Ola bilər. Firudin müəllim, mən dediyimi təsdiq edər ki, həmin vaxt belə şəbəkə olmayıb və bu səbəbdən də mən işlədiyim qurumun maraq dairəsinə düşməyib. Əgər şəbəkə olsaydı, diqqət dairəmizə düşərdi. Firudin müəllim, isə haqlıdır. Onlar ilk olaraq təhsil sahəsinə girişir və bu vasitə ilə şəbəkələrini qururlar.
- Siz indi düşünürsünüz ki, ABŞ xüsusi xidməti Fətullah Gülənin qurduğu 40 illik şəbəkə sistemindən öz dövlətinin maraqları üçün istifadə edir?
- Bəli, gəldiyim qənaət belədir ki, Mərkəzi Kəşfiyyat İdarəsi Gülənin bütün dünya üzrə mövcud olan şəbəkəsindən istifadə edir. Bu, eyni zamanda ciddi informasiya şəbəkəsidir. Bundan həm casus, həm təsir vasitəsilə istifadə edilir. Habelə, gizli əməliyyatların keçirilməsi və maliyyələşdirilməsində də. Burada çoxsaylı məsələlər var.
- Bundan sonra Fətullah Gülənin taleyi necə olacaq?
- Bu haqda konkret söz demək çətindir. Bizim istintaqın gedişindən, habelə məxfi informasiyalardan məlumatımız yoxdur, ancaq media vasitəsilə informasiya alırıq. Ancaq hesab edirəm ki, ABŞ, xüsusilə Mərkəzi Kəşfiyyat İdarəsi indi çətin durumdadır. Çünki Türkiyə çox aydın, birmənalı və qəti şəkildə Güləni tələb edir. Eyni zamanda Türkiyə hökumətində artıq Gülənlə ABŞ-ın münasibətləri haqda ciddi informasiyaların olduğu deyilir.
Odur ki, ABŞ birbaşa, dolayısı və ya qapalı formada ittiham olunmağa başlanılıb. Türk hökuməti və istintaq dairəsi əlində olan məlumatların nə qədər ciddi olduğunu yaxın gələcək göstərəcək. Amma bir şey aydındır ki, artıq ABŞ, xüsusilə Mərkəzi Kəşfiyyat İdarəsi çətin qərar vermək məcburiyyətində qalacaq. Gülənin Ankaraya verilməyəcəyi təqdirdə şübhələr açıq şəkildə ABŞ-ın üzərinə yönələcək, verəcəkləri halda isə Gülənin danışmaq ehtimalı var. Odur ki, ABŞ Türkiyə ilə gizli razılaşma əldə etməyə çalışacaq. Kobud desək, ABŞ deyəcək ki, biz Güləni veririk, amma siz də onun Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlantısının üstündən keçin, qabartmayın. Belə bir razılaşma ola bilər. Razılaşma olmasa, Gülən verilməyəcək və ya öldürüləcək. Gülənin 77 yaşı var və onun “təbii” ölümü mümkündür.
NEMƏT