9 Oktyabr 2016 11:11
3 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloq Orxan Oruc “Brifinq”in qonağı olub. Psixoloq fəsil dəyişkənliyinin və müasir cəmiyyətdə baş verən hadisələrin insan psixologiyasına təsirindən danışıb.

Həsənova Rəqsanə: Orxan bəy, fəsil dəyişkənliyinin insan psixologiyasına təsiri və payızda insanların depressiyaya meyilli olmasının səbəbi nədir?
- Nəinki fəsil dəyişkənliyi, ətrafımızda baş verən bütün hadisələr bizim psixologiyamıza təsir göstərir. İnsanlarda depressiya payızda və yazda yaranır. Bunun səbəbi isə fəsillərin fərqli olmasıdır. Yazla yayın arasında keçid o qədər hiss olunmur. Amma payızda hava soyuyur, yağış yağır. Orqanizmimizin adaptasiyası, qida rasionumuz dəyişir. Payızda günəşli günlərin saatı azalır. Bu da bizə təsir göstərir.

Nərmin Muradova: Yəqin ki, bu fəslin gözəlliklərini hiss etsək, depressiyaya düşmərik...
- Bəli, insanların hadisələrə yanaşması fərqlidir. Elə insan var ki, payız fəslini, yağışı çox sevir. Və payıza münasibəti yaxşı olduğuna görə heç vaxt depressiyaya düşmür.

Nərmin Muradova: Depressiyadan çıxış yolu nədir?
- Depressiyadan çıxış baş verənlərə fərqli yanaşmaqdır. Payız və eləcə də hər fəslin gözəlliklərini duymaq lazımdır.

Rəqsanə Həsənova: Daha çox hansı tip insanlar depressiyaya düşürlər?
- Münasibətini mənfi istiqamətdə quran insanlar, baş verən hadisələrdə müsbət tərəfləri axtarmayanlar, öz hisslərini, duyğularını digər insanlarla bölüşməyənlər, ünsiyyətində problemi olan insanlar depressiyaya tez-tez düşürlər.

Nərgiz Cavadzadə: Əvvəllər psixoloqa müraciət edən insanları yaxşı qarşılamırdılar. Amma indi dəb halını alıb. Hətta elit təbəqənin təmsilçiləri uşaqları ilə psixoloq qəbulunda olmaqla fəxr edirlər...
- Xaricdə psixoloqa müraciət etmək normal haldır. Hətta hər ailənin öz psixoloqu var. Psixoloq ailənin maddi vəziyyətindən tutmuş, ailədaxili məsələlərə qədər xəbərdar olur və ehtiyac olduğu anda kömək edir. Bu inkişaf etmiş ölkələrdə bir mədəniyyətdir. Bizdə isə problemləri 10-15 ilə qədər qohum-əqrəba, yaxın dostlar həll edirdi. Ancaq informasiya bolluğundan sonra insanlar bir-birinin probleminə qulaq asmağa ehtiyac duymadı. Yaxud da qulaq asmaq istəmədi. Bir müddət əvvəl psixoloq əvəzinə ekstrasenslərə müraciət edirdilər. Elə bilirdilər ki, psixi problemləri olanlar psixoloqa müraciət edirlər.Yavaş-yavaş insanlarda bu yanaşma dəyişdi və başa düşdülər ki, psixoloqa getmək psixi xəstəlikdən xəbər vermir, əksinə qarşısını alır. Yaxud da insanlar başa düşdülər ki, psixi problemdən heç birimiz sığortalanmamışıq. Beləliklə, filmlərdə, seriallarda elit təbəqənin psixoloqa müraciət etməsi bu problemin aradan qalxmasına kömək etdi. Son 10 ildə psixoloqa müraciət edənlərin sayı çoxaldı.

Rəqsanə Həsənova: Sizə daha çox hansı təbəqədən olan insanlar müraciət edir?
-Gənclər və yeniyetmələr müraciət edirlər. Valideynlər uşaqların üzərində çox əsir, bu da aqressiyaya səbəb olur. Beləliklə, psixoloqa ehtiyac yaranır.

İnsanlar depressiyaya meyilli olurlar. Depressiya insanda hisslərin, duyğulan dərinləşməsidir. Məsələn, insanda stress davamlı şəkildə davam edirsə, bir müddətdən sonra ağır stressə, sonra isə depressiyaya səbəb olur. İnsan birdən-birə depressiyaya düşmür.

Mən əsasən, gənclərlə və yetkin insanlarla işləyirəm.

Rəqsanə Həsənova: Bəs, pasiyentləriniz daha çox hansı problemlərlə sizə müraciət edirlər?
- Daha çox bizə ünsiyyətində problemi yaranan insanlar müraciət edirlər. Araşdırma zamanı görürük ki, insan yaşadığı problemi qarşısındakı ilə müzakirə etmir. Beləliklə, gərgin vəziyyət yaranır və insanlar bir-birindən uzaqlaşmağa başlayır. İnsanlar bir-birini dinləməklə istənilən məsələni həll edə bilər.

Nərmin Muradova: Siz pasiyentlərinizə problemi həll etmək üçün nə məsləhət görürsünüz? Ünsiyyəti sevməyən pasiyentləriniz sizin məsləhətlərinizi tətbiq edirlər?
- İnsanların dediyim kimi ən böyük problemləri qarşısındakı insanla müzakirə aparmamaqdır. Elə insan var ki, etdiyi səhvi anlayır, eləsi də var ki səhvini qəbul etmir. Yaxud da düşünür ki, ilk olaraq qarşısındakı insan addım atmalıdır. Belə halda onun qarşısındakı insana, yaranmış problemə, gözləntilərinə olan münasibəti birlikdə analiz etməyə və müraciət edənin istəyi ilə vəziyyəti dəyişməyə çalışırıq.

Nərgiz Cavadzadə: Xanımların əks cinsə hisslərini etiraf etməsini, yoxsa başqa problemi nəzərdə tutursunuz?
- Söhbət yalnız sevgidən getmir. Buraya dostluq, ər-arvad münasibəti və digər problemlər aiddir.

Nərmin Muradova: Siz daha çox hansı problemlərlə üzləşirsiniz?
- İnsanların problemləri müxtəlifdir. Əksər insanlar özlərini tanımırlar. Bizə müraciət edən insanlara sual veririk ki, özünün üç mənfi xüsusiyyətini de. Fikirləşirlər. Bu o deməkdir ki, insanlar özlərini analiz etmirlər. İnsan problemin yaranma səbəbini araşdırmalıdır. Bütün insanlar müxtəlif stiuasiyalarda özünün haqlı olduğunu düşünür, nəinki qarşı tərəfdəki insanın. Hər şey tarazlı şəkildə olmalıdır. Özünü aşırı dərəcədə çox günahkar hiss edən insanlar da olur. Bu yanaşma da doğru deyil. Həyata, problemlərə sağlam, real yanaşmaq lazımdır. Bax, bu insanların əsas problemidir. Hamının gözləntiləri fərqlidir, ətrafdakı insanlarından, dostlarından, ailəsindən, həyatdan gözləntilər real gözləntilər olmayanda insanda müəyyən gərginliklər, mənfi emosiyalar yaranmağa başlayır. Bu isə öz növbəsində sosial münasibətlərə, həyata baxışın dəyişməsinə, stressə və daha da ağırlaşmış formada desək, depressiyaya səbəb olur.

Nərgiz Cavadzadə: İnsanların ünsiyyət problemi yaşadığını qeyd etdiniz. İnsanların sosial şəbəkədən istifadəsi ünsiyyət probleminə səbəb olurmu? Ünsiyyətimizdəki natamamlığın nəticəsi texnologiyalardırmı?
- İlk öncə deyim ki, hər birimizin müəyyən ünsiyyət tələbatı var. Müasir dövrdə tələbatımızı sosial şəbəkələrlə ödəyirik. Ətrafımızdakı insanla ünsiyyətə girmək ehtiyacı hiss etmirik. Hər gün müəyyən ölçüdə qəbul edəcəyimiz informasiya var. Çox informasiya qəbul edən zaman onun yorğunluğunu yaşayırıq. Sosial şəbəkədə isə çox informasiya qəbul etdiyimiz üçün onun fəsadlarını yaşayırıq. Küçədə gördüyümüz insanlar, reklamlar, xəbərlər, fotolar hamısı informasiyalardır. Hər birimizin ətrafında çox danışan insanlar var və ya biz belə hesab etməyə başlamışıq ki onlar çox danışırlar. Onları analiz edən zaman görürsən ki, sosial şəbəkədən istifadə etmir və ya ünsiyyət tələbatını ödəmək üçün şəraiti yoxdur.

Nərmin Muradova: Siz dediyin ki, uşaqlarla deyil, gənclərlə işləyirsiniz. Səbəb?
- Tələbə olab zaman uşaqlarla işləməyə cəhd etdim, sadəcə o alyansı hiss etmədim. Ona görə gənclərlə və yeniyetmələrlə işləməyə başladım. Əsas fəaliyyətim fərdi psixoloji xidmətlə yanaşı, həm də kütləvi maarifləndirmə işi, yəni psixoloji mövzularda təşkil olunan təlimlərdir.

Nərgiz Cavadzadə: Ötən gün mətbuatda bir xəbər diqqətimi çəkdi. Rayonda 15 yaşlı qız bacısının həyat yoldaşı ilə qaçıb. Son günlər bu kimi hadisələr çoxalıb. Bunun psixoloji tərəflərinə aydınlıq gətirməyinizi istərdik. Buna türk seriallarının təsiri varmı?
- İlk olaraq deyim ki, bu kimi hadisələrin sayının çoxaldığını hiss etmirəm. Bu hadisələr hər zaman olub, sadəcə ictimailəşməyib. Lokal səviyyədə qalıb. Digər tərəfdən isə seriallar gündəlik həyatımıza, tərbiyəmizə, əxlaqımıza, dəyərlərimizə təsir göstərir. 5-10 il əvvəl Venesuella və Braziliya seriallarını izləyirdilər. Orada baş verən hadisələr tamamilə real həyatımızdan uzaq idi. Ən azından türk serialları həyatımıza bir qədər yaxındır. Ancaq öz real həyatını unudacaq şəkildə bütün hissləri ilə seriallara qapılan insanların həmin serialların təsiri ilə baxışının, həyata münasibətinin dəyişməsi şübhəsizdir.

Nərgiz Cavadzadə : Hətta bir manata görə qardaşın qardaşı bıçaqladığının şahidi oluruq. Kriminal hadisələrin sayı çoxalıb. Bunun səbəbi nədir?
- Bu tipli xəbərlər mətbuatda çox yayılıb. Xəbərin cəmiyyətə çatdırılma forması dəyişib. Sovet dövründə o tipli xəbərləri işıqlandırmaq qadağan idi. Ona görə bu hadisələrdən insanların xəbəri olmurdu. Olan zaman isə qeyri-adi hadisə kimi qarşılayırdılar. Amma bu gün o problemlər insanlar üçün adiləşib. Şəxsən mən o tipli xəbərlərin kütləviləşməsinin əleyhinəyəm. Çünki onun heç bir maarifləndirici əhəmiyyəti yoxdur. İnsanlara mənfi təsir göstərir. Məsələn, oğulun atanı öldürməsi xəbərini izləyən oğul təəssüf edir ki, belə hadisə baş verib. Amma bir müddət sonra özü stress vəziyyətində olanda ağlına gəlir ki, mən də atamı öldürüm. Tək mən deyiləm ki. Şüuraltı fikir yaranır ki, bu hadisə ola bilər. Məsələn, yaxın ailə üzvləri ilə cinsi münasibət haqda xəbərlər ictimailəşir. Ata qızına, qardaş bacıya təcavüz edir. Məncə, bu tipli xəbərlər də mətbuatda yayımlanmamalıdır. Çünki özündə o hiss olan insanlar fikirləşir ki, o hissləri yaşayan yalnız o deyil. O haqda xəbəri oxuyana qədər ayıb bilirdisə, xəbərdən sonra ayıblıq, vicdan hissi azalmağa başlayır. Jurnalistlərin də bu məsələdə üzərinə böyük məsuliyyət düşür. Bu tipli xəbərlər dəyərlərimizin aşağı düşməsinə səbəb olur. Bizim fəxr ediləcək dəyərlərimiz var.

Nərmin Muradova : Son illər insanların daha çox aqressivləşməsi ilə razısınızmı?
- Bəli, bu daha çox fiziki əmək və ünsiyyətlə bağlıdır. Əvvəllər mənəvi bağlar daha önəmli idi. Hazırda isə maddi maraqlar daha ön plana keçib. Ailə daxilindəki münasibətlər də maddiyyat üzərində qurulub. Bu da insanlarda aqressiya yaradır.

Rəqsanə Həsənova: Kriminal hadisələrin daha çox rayonlarında baş verməsinin səbəbi nədir?
- İnsanlarının dünyagörüşündən asılı olaraq, aqressiyanın forması dəyişir. Şəhərdə intellektual səviyyə, dünyagörüş rayonlara nisbətən inkişaf edib. Təbii ki, bu hər kəsə aid deyil. Amma ziyalı insanlar da aqressiv olur, amma heç kimə xəsarət yetirmir, kimisə bıçaqlamır. Problemi başqa formada həll etməyə çalışır. İntellekt səviyyəsi aşağı olan insan aqressiyanı primitiv üsullarla, bıçağa əl atmaqla, əlbəyaxa davayla həll edir. Şəhərdə insanların aqressiya ilə bağlı çoxlu təcrübələri olduğu üçün özlərini idarə etməyi bacarırlar.

Mövlud Mövlud: İnsanlarda yaranan yaddaş problemi nə ilə bağlıdır? Yaddaşsızlıq probleminın yaşı gəncləşib. Bu problemlə necə mübarizə aparmaq lazımdır?
- Gün ərzində çox informasiya qəbul etdiyimizə görə beyin yorulur. Bu da yaddaşa təsir göstərir. Gün ərzində eşitdiyimiz xəbərlər, məişət qayğıları və s. nəticəsində diqqətimiz azalır və lazım olan işləri barədə düşünə bilmirik. Çox xəbərlərdən özümüzü qorumalıyıq. Bizdə istirahət anlayışı fərqlidir, feysbukda vaxt keçirməklə istirahət etdiyimizi düşünürük. Bu doğru istirahət deyil. İstirahət zehni informasiyanı azaltmağa yönəlməlidir. Təbiət qoynuna çıxmaq, gün ərzində bir saat piyada gəzmək lazımdır.

Rəqsanə Həsənova: İnsanlar arasında belə bir fikir formalaşıb ki, qeybət edən insanlar depressiyaya düşmürlər. Bu nə dərəcədə doğrudur?
- Əslində, psixoloqla söhbət də elə qeybət kimi bir şeydir(gülür). İnsan nə qədər çox ünsiyyətdə olur və daxili hisslərini paylaşırsa, depressiyaya düşmə ehtimalı bir o qədər azalır.

Mövlud Mövlud: Depressiyaya düşən adam depressiyaya düşməsinin səbəbini bilirmi?
- Bilən və bilməyən insanlar var. Elə insanlar var ki, konkret hadisənin baş verməsindən sonra bu vəziyyətə düşdüyünü açıqlayır. Analiz etməyə ehtiyac olmur. Elə insan ilə də rastlaşıram ki, ona nə olduğunu dərk eləmir. Onun depressiyaya düşməsinin bir deyil, bir neçə səbəbi olur.

Mövlud Mövlud : Sizcə ailədaxili məsələlərdə, ər-arvad münasibətlərində seksual uyğunsuzluq depressiyaya səbəb ola bilərmi?
- Bəli, ola bilər. Amma bu, daha çox gərginliyə səbəb olur. Yataqda bir-birini başa düşməmək münasibətlərə başqa formada təsir göstərir. Məsələn, kişi həyat yoldaşı çay gətirən zaman aqressiv qarşılayır. Çayın rənginin açıq olduğunu deyir. Amma bu gərginlik çayla deyil, dünən baş verənlərlə bağlı idi. Bunu açıq şəkildə deyə bilmir. Şüuraltı həyat yoldaşına qarşı neqativ hisslər yaranır və onu hansısa formada biruzə verir, bu, getdikcə böyüyə bilər. Bu da stress və depressiyaya səbəb olur və boşanmaya qədər apara bilər.

Rəqsanə Həsənova: Xoşbətlik anlayışına münasibətiniz necədir?
- İnsanların xoşbəxtlik anlayışı fərqlidir. Xoşbəxtliyi biri övladlarında, biri işində, digəri isə maddi rifahının yaxşı olmasında görür.

Nərgiz Cavadzadə: Danışmağa meyilli olmayan pasiyentlərinizlə işləyərkən hansı metoddan istifadə edirsiniz?
- Psixoloqa insan özü müraciət etməyə təşəbbüs göstəribsə, hər şeyi danışır. Kimisə məcburən gətirirlərsə, həmin pasiyentlər danışmaq istəmir. Psixoloji konsultasiya könüllü olmalıdır. Könüllü olmasa, prosesin effektli olma ehtimalı sıfır səviyyəsindədir. Pasiyent bəzən hansı problemdən danışdığını, yaxud ilk növbədə nəyi deyəcəyini bilmir. Biz isə həyati suallar verməklə yanaşı, psixodiaqnostik testlər edirik.

Nərmin Muradova : Gün ərzində neçə pasiyent qəbul edirsiniz?
- Beynəlxalq standarta görə, bir gündə üç-dörd nəfərdən artıq qəbul etmək olmaz. Bu qaydanı qorumağa çalışırıq. Amma bəzi psixoloqlar gün ərzində 10-12 pasiyent qəbul edir. Bu, doğru deyil və effektivliyi aşağı salır.

Nərmin Muradova: Pasiyentlərinizə hansı kitabları oxumağı məsləhət görürsünüz?
- İnsanın yaşadığı problemə uyğun kitablar oxumağı və filmlərə baxmağı tövsiyə edirik. Şəxsi inkişafla bağlı kitablar insanın dəyişməsinə müsbət təsir göstərir.

Nərmin Muradova : Ağlatmağa meyillisiniz?
- Əslində, pasiyent prosesdə ağlayan zaman bu, müsbət nəticə verir. Ağlamaq insanın daxilindən gəlir. Bunun müsbət effekti var.

Mövlud Mövlud : Özünüz necə ağlamağa meyillisiniz?
- Kövrək insanam, amma ağladığımı xatırlamıram. Bəzən hansısa film, kitab insana təsir edə bilər.

Nərmin Muradova : Məsləhətləşmələr zamanı kişilər, yoxsa xanımlar daha cəsarətlidirlər? Kimlər problemlərini çəkinmədən açıqlayırlar?
- Xanımlar psixoloji problemləri deməkdə daha cəsarətldirlər. Kişilər adətən, problem barədə danışanda komplekslərdən xilas ola bilmirlər Bu ümumiyyətlə, real həyatda da belədir, xanımlar öz problemlərini rahatlıqla biri-birinə danışa bilirlər, kişilərin isə çox nadir hallarda həyatlarında tam etibar elədikləri kimsə olur.

Mövlud Mövlud: Bir məsələni sizinlə müzakirə etmək istəyirəm, homoseksuallıq xaricdə çox yayılıb. Bu psixi problemdir?
- Homoseksuallıq psixi, fizioloji, həm də müasir dövrün siyasi və ictimai problemidir. Fiziki problem anadan gəlmə baş verir. Hormonal pozğunluq olur, oğlan kimi dünyaya gəlir, amma qadın hormonları daha çox inkişaf edir. Psixoloji problemə gəlincə, hansısa bir xanım kişilər tərəfindən təcavüzə məruz qalır. Nəticədə kişilərə nifrət edir və başqa istiqamətə yönlənir. Elə insanlar da var ki, dəb, yenilik xatirinə homseksuallıqla məşğul olmağa başlayır.

Nərgiz Cavadzadə: Homoseksuallıq insanı intihara sürükləyə bilərmi?
- Hər zaman cəmiyyətdən o cür insanları kənarlaşdırmışıq. Uzun illər qəbul etməmişik, damğa vurmuşuq. Ona görə də gizli homoseksuallar həmişə olublar. İnsan hücuma məruz qalıb, cəmiyyət tərəfindən qəbul edilmədiyini hiss etdikdə intihar riski çoxalır.


Müəllif:

Oxşar xəbərlər