4 Sentyabr 2014 16:21
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suallarımıza eks-spiker Yaqub Məmmədov cavab verib. Müsahibimiz son zamanlar ciddi müzakirə mövzusuna çevrilən xeyir və yas mərasimləri zamanı ifratçılığa varma, həddən artıq israfçılıq etmə haqqında danışıb, dünyada və regionda gedən prosesləri şərh edib. Həmçinin Ukrayna-Rusiya münasibətləri haqqında danışıb, özünün hökumət və müxalifətlə münasibətləri mövzusunda fikirlərini açıqlayıb.

- Yaqub müəllim, neçə müddətdir mətbuatda görünmürsünüz. Mətbuatdan uzaq gəzməyinizə səbəb nədir?
- Mən aliməm. Alimin işi elmi fəaliyyətlə məşğul olmaq, kitablar, məqalələr yazmaqdan ibarətdir. Mən də kitablar yazıram, məqalələr üzərində işləyirəm. Həm də yay fəsli olduğu üçün istirahət edirəm.

- Gələcək planlarınız nədən ibarətdir?
- Elmi-pedaqoji fəaliyyətimi davam etdirmək niyyətindəyəm.

- İctimai-siyasi proseslərdə iştirak etmək niyyətiniz varmı?
- İctimai-siyasi proseslərdə yalnız mətbuat vasitəsilə iştirak edirəm. Jurnalistlərdən mənə suallar və ya sorğular daxil olanda onlara cavab verirəm. Bundan başqa planım yoxdur, hansısa təşkilatda fəaliyyət göstərmək niyyətim də yoxdur.

- Sizin siyasətlə məşğul olmadığınızı deyə bilərikmi?
- Bilirsinizmi, indi cəmiyyətdə ciddi siyasiləşmə gedir. Bu mənada mənim kimi şəxsin siyasətdən uzaq olduğunu desəm, bu doğru çıxmaz. İndi ölkə daxilində, regionda və dünyada proses gedir. Mən də internet vasitəsilə bu proseslərlə mütəmadi maraqlanır, izləyirəm. Özümün də məsələlərlə bağlı fikirlərim olur və bunu da mətbuatda bildirirəm. İctimaiyyət də bu yolla mənim fikirlərimlə tanış olur.

- Siz hazırda doğulduğunuz Gədəbəydə istirahət edirsiniz. Bu regiondan çıxan ən böyük dövlət xadimi də sizsiniz. Gədəbəydə insanların sizə münasibəti necədir?
- Çox yaxşıdır. Əslində təkcə Gədəbəy deyil, digər rayonlarda da mənə yaxşı münasibət var. İndiyə qədər hər hansı bir regionda özümə qarşı soyuqluq müşahidə etməmişəm. Əvvəlki kimi mənə isti münasibət, hörmət var, camaat məni yaxşı qarşılayır. İnsanların arasına çıxanda, xeyir-şər məclislərində olanda bunu açıq hiss edirəm. Hazırda Gədəbəydə deyil, başqa rayondayam və burada da insanlardan hörmət görürəm.

- Hazırda yas mərasimlərinin aşırı təşkil olunmasına qarşı proses başlanılıb, ictimai müzakirələr aparılır. Bir alim və ziyalı kimi Sizin bu məsələyə münasibətiniz necədir?
- Bu istiqamətdə gedən prosesləri izləyirəm. Eləcə də, hökumətin bu istiqamətdə planlaşdırılan qanun və ya qərar formasında olacaq islahatlarını alqışlayır və bəyənirəm. Bu, çox düzgün qərardır. Yas mərasimlərində həddən ziyadə ifratçılığa yol verilir. Sanki yas mərasimləri toy mərasimlərindən fərqlənmir. İfratçılıq baş alıb gedir və bu artıq xərcdir. Sanki insanlarımız bir-biri ilə yarışa giriblər. Kasıb və varlı fərqi yoxdur, aləm qarışıb bir-birinə. Odur ki, mən bu sahədə atılacaq addımları alqışlayıram.

- Niyə yas mərasimində belə israfçılığa, yarışa girirlər?
- Bizdə heç vaxt belə hallar olmayıb. Yas mərasimləri çox sadə olub, adi İslam qaydaları ilə belə mərasimlər yola verilib. Ancaq indi yas mərasimlərində görürsən ki, süfrənin üstündə hər şey var. İmkanı olmayan da kredit götürür və ya borc alır. Düşünür ki, ayıb olar, bunu hər kəs kimi təşkil etməyim vacibdir. Bu da insanlara əlavə xərc və əziyyətdir. Bu məsələləri düşünərək hesab edirəm ki, hökumətin bu istiqamətə diqqət ayırması müsbət haldır. Mən bu istiqamətdə atılacaq addımları, veriləcək qərarı dəstəkləyirəm.

- Ancaq siz dediyiniz bu israfçılıq təkcə yas mərasimlərində deyil, həm də toy mərasimində də müşahidə edilir...
- Tamamilə haqlısınız. Dünyanın heç bir yerində bu qədər şadlıq evi, toyxanalar yoxdur. İndi hara baxırsan şadlıq evi görürsən. Toy mərasimləri olsun, xalqımızın güzəranı əla olsun. Mənim buna etirazım yoxdur. Ancaq toyda görürsən ki, süfrə üzərinə gətirilən nemətlərin yarıdan çoxu tökülüb qalır. Bu israfçılıq axı nəyə lazımdır? İndi bu böyük biznesə, ayrı-ayrı şəxslərin gəlir mənbəyinə çevrilib. Bu məsələ ilə vergi orqanları ciddi məşğul olmalıdır. İnanıram ki, belə olsa çox şeylər açılacaq. Bilirsinizmi, lap biabırçılıq olur. Bəzən bir adam toy mərasiminə 150-200 manat verir. Axı bu imkan hər kəsdə yoxdur. İkincisi, görürsən ki, toy mərasiminə 500-600 nəfər dəvət edilib. Normalda isə toy mərasiminə ən yaxın adamlar dəvət olunmalıdır. Bəzən min nəfər qonaq da dəvət edirlər. Belə olmaz. Zənnimcə, bu da əndəzani keçib.

- Bunun qarşısını necə almaq olar?
- Bu istiqamətdə də qayda-qanun yaradılmalı, nəzarət gücləndirilməli, israfçılığa yol verənlər haqda tədbirlər görülməlidir. Əslində, dövlətdə oturanlar nəyi necə etməyi bizdən də yaxşı bilirlər. Hər halda indi bu haqda müzakirələr gedir və yəqin ki, müəyyən addımlar da olacaq.

- Rusiya-Ukrayna müharibəsini necə qiymətləndirirsiniz?
- Mənim bu məsələyə münasibətim birmənalıdır. Qərb, xüsusilə ABŞ dünyanı qarışdırır. Bu iki qardaş xalqı bir-birinə düşmən ediblər. Tarix boyu ukraynalılarla ruslar bir yerdə olublar. İndi hamı deyir ki, Rusiya belə etdi, Putin bu addımı atdı. Heç soruşan yoxdur ki, ay Amerika və Avropa sənin burada nə işin var, niyə iki qardaş xalqın arasını qatıb-qarışdırırsan? Bir dəstə adamı silahlandırıb aranı qatırlar. Əlbəttə, mən Rusiyanın Ukraynaya müdaxiləsini də bəyənmirəm, bunu doğru hesab etmirəm. Ancaq birtərəfli Rusiyanı da qınamaq olmur. Elə Amerika gəlib Rusiyanın qulağının dibində oturmalıdır? Mən ədalət naminə hesab edirəm ki, həm ABŞ, həm də Rusiya bu ölkədən çəkilməli, Ukrayna xalqı özü məsələsini həll etməlidir. Hazırda dünyada ciddi qütbləşmə gedir. Bir tərəfdə Rusiya, bir tərəfdə isə Amerika dayanıb. Ukrayna xalqı da zülm çəkir, millət bir-birini qırır. Ukrayna ordusu öz ərazilərini bombardman edir, separatçı dediyiniz qüvvələr də onlara müqavimət göstərir. Əslində, bu dünyanın bölüşdürülməsi prosesidir. XX əsrin əvvəllərində də belə olub, indi də bu proses başlanıb. Hesab edirəm ki, xalqları bir-birinə düşmən etmək çox pis haldır. Ərəb ölkələrində baş verən proseslərə baxın, görün xalqların başına nə oyunlar açırlar. Bu da iqtisadi, geosiyasi maraqlar naminə edilir. Suriyada neçə vaxtdır aqressiv proses gedir. Ukraynada baş verənlərdə bunun bir qoludur.

- Suriya, İraqda, Ukraynada gedən proseslər bir mərkəzdən idarə olunur?
- Bunların hamısı bir mərkəzdən idarə edilir. Bunlara ayrı-ayrı proses kimi qiymətləndirmək olmaz. Bu işin də başında Amerika durur.

- Amerikanın dünyanı bir-birinə qatmaqda marağı nədir?
- Amerika istəyir hər yerdə hökmran olsun, dövlətlərdən istədikləri kimi istifadə etsin. Dünyanın əsas enerji daşıyıcılarının mənbəyi ərəb ölkələrindədir. Əsas məqsədlərdən biri bu yataqlara sahiblik etməkdir. Üstəlik müsəlman-xristian məsələsi hər zaman olub, davam edib və indi də davam etməkdədir. Müsəlman ölkələri bir balaca dirçələn kimi oranı dağıdırlar. İndi Ukraynada Avropanın marağı var, istəyirlər Rusiyanı zəiflətsinlər və beləcə Ukraynanı Avropa İttifaqına daxil etsinlər. Ukrayna böyük dövlətdir, ərazisi və əhalisi genişdir. Müharibədə bunun üstündə gedir.

- Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticə verə bilərmi?
- Tarixdən az-çox xəbəri olanlar bilir ki, rus xalqı olduqca dözümlü xalqdır və bu sanksiyalara da dözəcəklər. Bu sanksiyalar heç bir nəticə verməyəcək. Nəzərə almaq lazımdır ki, rus xalqı maddi sərvət toplamağa həvəsli deyil. Dolanışıq onları qane edir. Həm də Rusiyanın böyük əraziləri, geniş təbii resursları var. Hesab edirəm ki, iqtisadi sanksiyaların heç bir nəticəsi olmayacaq.

- İraq ərazisində insanları vəhşicəsinə qətlə yetirən, az yaşlı qızları qul kimi satan “İslam İraq Şam Dövləti” haradan ortaya çıxıb, ona nəzarəti kim edir və məqsəd nədir?
- Bu proseslərin hamısı bir mərkəzdən idarə olunur. “İŞİD” birdən-birə yaranmayıb. Onlar silahları, böyük vəsaiti haradan alıblar? Sizcə, belə ordu yaratmaq və bundan heç kimin xəbər tutmamasına nail olmaq mümkündürmü? Bunlar bir mərkəzdən idarə olunan prosesdir və məqsəd də ayrı-ayrı dini təriqətlər arasında düşmənçilik toxumu səpməkdir. Milləti bir-birinə qırmaqla millətin inkişafını dayandırmaq, təbii sərvətləri ələ keçirmək istəyirlər.

- Sizin hökumətlə və müxalifətlə münasibətləriniz necədir?
- Mənim həm hökumət, həm də müxalifətlə çox yaxşı münasibətim var. Hakimiyyətdə olanlarla daima yaxşı münasibətim olub. Hökumətlə mənim heç vaxt problemim olmayıb. Həmişə dövlətə, milli maraqlara xidmət etmişəm və bundan sonra da belə olacaq. Lakin bir-iki nəfər mənə düşmənçilik edir, haqqımı tapdalayır. Müxalifətlə də insani münasibətlərim var. Heç kimlə əməkdaşlıq etməmişəm və etmək niyyətində də deyiləm. Müxalifət müxalifətdir. Mən alim, ziyalı adamam. Dövlətçiliyə xidmət edən halları müdafiə edirəm.

- Müsavat Partiyasının qurultayı haqda nə düşünürsünüz?
- Müsavatda baş verənlərlə mətbuatdan tanış oluram. Hələlik namizədlərin kimlər olacağı bəlli deyil. Bəlli olduqdan sonra biz də fikrimizi açıqlaya bilərik. Ancaq bu partiyanın daxili işidir. Özləri toplaşıb kimi istəsələr seçəcəklər. Qubad İbadoğlu və Arif Hacılı ilə bağlı bir söz deyə bilmərəm. Ancaq təbii ki, partiyalar dəyişməli, yeni qüvvələr gəlməli, yeni nəfəs olmalıdır. Yeniləşmə prosesi getməlidir.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər