5 Sentyabr 2014 17:42
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: “NATO üzvlərinin cəsarətsiz addımları nəticəsində Şərqi Avropada ciddi problem yaranıb”

Suallarımıza Milli Məclisin beynəlxalq əlaqələr komissiyasının və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə cavab verib.

Müsahibimiz, əsasən, NATO-nun Uelsin Nyuport şəhərində keçirilən sammiti, bu iclasda müzakirə edilən məsələlər, verilən qərarlar haqqında danışıb. Bundan başqa, Asim Mollazadə prezident İlham Əliyevlə Serj Sarkisiyanın sammit çərçivəsində keçirdiyi görüş, bunun mümkün nəticələri, Rusiya-Ukrayna münasibətləri, beynəlxalq sanksiyalar, düşmən Ermənistana münasibətdə beynəlxalq qurumların qeyri-adekvat yanaşmaları və digər məsələlər barədə fikirlərini açıqlayıb.

- Asim bəy, NATO-nun Uelsin Nyuport şəhərində keçirilən sammitinin yekunlarını necə qiymətləndirirsiniz?
- Sammit zamanı dünyada təhlükəsizlik, stabilliyə olan təhlükə və maneələrlə bağlı məsələlər müzakirə olundu. Müzakirələr ilk növbədə, təbii ki, Ukraynada baş verən hadisələr və Avropada təhlükəsizliyin müdafiəsi, Avroatlantik məkanın daha da gücləndirilməsi haqqında oldu. Buna ciddi ehtiyac var idi. Çox müsbət bir hal kimi qəbul edirəm ki, bu müzakirələr zamanı Azərbaycan-Ermənistan münaqişəsinə dair müvafiq görüş keçirildi və Amerika bu münaqişənin həllində istəkli olduğunu ifadə etdi, həmçinin problemin həllinin hər hansı bir ölkənin monopoliyasına verilməməsi haqda mesajlar da səsləndirildi. Lakin bununla yanaşı xüsusi bir məqamı qeyd etməliyik. Məhz NATO üzvlərinin cəsarətsiz addımları sayəsində Şərqi Avropada ciddi problem yaranıb. İstərdik ki, çox mühüm və strateji layihələri həyata keçirən Azərbaycan dünya miqyaslı layihələrin təhlükəsizliyi üçün NATO-dan ciddi dəstək və qarantiya alsın. Təəssüflə deməliyəm ki, beynəlxalq təşkilatlar Ukraynanın üzləşdiyi problemlərlə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyanı Ermənistana tətbiq etmir. Ancaq bəllidir ki, Ukraynadan, Gürcüstandan və Moldovadan əvvəl bu münaqişə məhz Azərbaycan ərazilərinin işğalı ilə bağlı olub, bu zaman işğalçıya sanksiyalar tətbiq edilməyib. Dünya ictimaiyyətinin beynəlxalq hüququ müdafiə etməməsinə görə, artıq bu münaqişələr Ukrayna variantına gətirib çıxardı. Çünki ilk münaqişə Dağlıq Qarabağda başlamışdı. Amma bu zaman təcavüzkar layiqli cəza almadığı səbəbindən indi daha ciddi problemlərlə qarşılaşmalı olublar. Ona görə də çox istərdik ki, NATO ilə əməkdaşlıq edən ölkələrin təhlükəsizliyi NATO tərəfindən müdafiə olunsun. Azərbaycan İraqda, Əfqanıstanda, Kosovada NATO ilə əməkdaşlıq edən ölkə kimi alyansla müttəfiqlik edir. NATO-da Azərbaycanla bağlı öz məsuliyyətini artırmalı, açıq mesajlar verməli, Ermənistan da NATO ölkələrinin ciddi təzyiqləri ilə üzləşməlidir.

- Sammitdə Rusiyaya qarşı sanksiyalara dair qərar qəbul olunub, həmçinin NATO-nun Şərqi Avropada çevik hərbi qüvvələr yaratması razılığa gəlinib. Bunu necə qiymətləndirmək olar?
- NATO hərbi birləşmələrinin Şərqi Avropada yerləşdirilməsi Avropanın təhlükəsizliyinin təmin edilməsi ilə bilavasitə bağlıdır. Həmçinin bu qərarın verilməsinin əsas səbəbi Ukraynada baş verən hadisələrdir. Belə çıxır ki, Rusiya Krımı özünə ilhaq etməklə, Ukrayna ərazilərində hansısa formada iştirak etməklə NATO-nun belə bir qərar verməyə məcbur etdi.

- Bu gələcəkdə daha ciddi qarşıdurmalarla müşahidə oluna bilərmi?
- Ukraynada baş verən hadisələrə son qoyulmasa, Rusiyanın izoliyasiyası istiqamətində ciddi addımlar atılacaq. İlk olaraq bu iqtisadi sanksiyalardan ibarət olacaq. Ola bilsin ki, bu, Rusiyanı çox ağır vəziyyətə salacaq. Mənə elə gəlir ki, yenidən hansısa bir soyuq müharibə sisteminə sürüklənməmək üçün Rusiya ciddi addımlar atmalıdır. Düzdür, mən NATO ilə Rusiya qarşısında hər hansı bir qarşıdurma gözləmirəm. Ancaq soyuq müharibə vəziyyətində durum bərpa oluna, Rusiyanın izoliyasiyası baş verə və iqtisadiyyatına ciddi zərbələr dəyə bilər. Hər halda bu mümkün haldır.

- 1997-cı il NATO-Rusiya müqaviləsinə əsasən hərbi ittifaq Şərqi Avropada xeyli sayda hərbi qüvvələr yerləşdirməməyə razı olmuşdu. İndi bu müqavilənin pozulduğunu deyə bilərikmi?
- Ən azı biz NATO ölkələrindən ABŞ və Böyük Britaniyanın Budapeşt sazişini xatırlaya bilərik. Çünki bu iki dövlət zamanında Ukraynanın nüvə silahından imtinasının qarşılığında bu ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə qarantiya vermişdi. Lakin indi Ukraynanın ərazi bütövlüyünə ciddi təhlükələr var. Dünyanın əksər siyasətçiləri ABŞ və Böyük Britaniyaya Budapeşt müqaviləsini xatırladır. İndi vəziyyətin belə istiqamətdə dəyişməsinə səbəb Krımın işğalı, Ukraynanın şərq hissəsində baş verən faciədir. Qarşıdurmanın inkişaf etməməsi üçün bu qarşıdurmalar dərhal dayanmalıdır. Bununla yanaşı NATO-ya üzv olan ölkələr Cənubi Qafqazda sabitliyi qoruyub saxlamaq üçün ciddi addımlar atmalıdır. Söhbət ilk növbədə Azərbaycandan və Gürcüstandan gedir. Bu iki ölkə öz ərazi bütövlüyü məsələsində ciddi siyasi dəstək və qarantiya almalıdır.

- NATO saamitində Azərbaycan ən yüksək səviyyədə təmsil olunub, Azərbaycan prezidenti bir sıra Avropa dövlət başçıları ilə görüşüb. Eləcə də, Ermənistan prezidenti ilə müzakirələr aparıb. Siz bu müzakirələri necə şərh edirsiniz?
- Əslində, bu təşəbbüslər müsbət olmaqla yanaşı, bir qədər də gecikmiş təşəbbüslərdir. Biz belə görüşlərin keçirilməsini daha erkən gözləyirdik. Amerika ATƏT-in Minsk qrupunun üzvüdür və biz ondan daha erkən bir vaxtda hərəkət və diqqət gözləyirdik. Gec də olsa, nəhayət, bu, Uelsin Nyuport şəhərində baş verdi. Bu da təcavüzkara və onun siyasətinə olan münasibətlə bağlı idi. Çünki bu gün Rusiyaya tətbiq edilən sanksiyalar ondan əvvəl Ermənistana tətbiq edilməli idi. Yalnız bunun nəticəsində biz irəliləyiş görə bilərik. Əks halda növbəti bir piar aksiyası olacaq.

- Son bir ayda prezidentlər iki dəfə görüşüblər. Bunu irəliyə doğru addım hesab etmək olarmı?
- Bilirsiniz ki, hər bir mərhələdə Ermənistan gərginliyi artırmağa çalışanda beynəlxalq təşkilatlar oyanır və hərəkət etməyə başlayır. Amma biz bu münaqişənin həlli ilə bağlı konkret addımlar, ciddi nəticə gözləyirik. Bu addımlar isə təcavüzkara qarşı BMT və digər beynəlxalq təşkilatların qətnamələrinin icrasından ibarət olmalıdır. Sülh istiqamətində ən təxirəsalınmaz addım Azərbaycanın işğal olunan ərazilərinin azad edilməsindən ibarət olmalıdır. Yalnız bu sülhə ümidləri artıra, bölgədə olan gərginliyi aradan qaldıra bilər.

- İndi dünyada və regionda maraqlı proseslər gedir. Rusiya, Avropa və Amerika maraqlı siyasət yürüdür. Belə bir şəraitdə Azərbaycanın xarici siyasət kursunu nə dərəcədə düzgün hesab edirsiniz?
- Əslində, Azərbaycan xarici siyasəti doğru aparılır. Azərbaycan öz strateji maraqlarını müdafiə edir. Çünki Azərbaycanın həyata keçirdiyi proseslər mühüm əhəmiyyət kəsb edir. Bu həm enerji daşıyıcılarına, həm də nəqliyyat dəhlizlərinə aiddir. Ancaq əminəm ki, bundan daha artıq Azərbaycanın oynadığı rolu mədəniyyətlər və sivilizasiyalar arası əməkdaşlıqla bağlı siyasətdir. Dünyanın gələcək inkişafı ilə bağlı perspektiv məhz bu proseslə bağlıdır. Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi var və Azərbaycan bu istiqamətdə ciddi bir nümunə və dünya mərkəzinə çevrilə bilər. Vaxt gəlib və dünya ölkələri bu amili nəzərə alaraq Azərbaycanın bu rolundan istifadə etməli və həm də dəstək verməlidir. Təbii olaraq beynəlxalq hüquq da bərpa olunmalıdır. Çünki bizim regionda ən ciddi problem hüquqi nihilizmlə bağlıdır. Beynəlxalq təşkilatların qərarları lazımsız kağızlara çevrilib. Bunları qərar halına gətirmək üçün biz ciddi addımların atılmasını gözləyirik.

- Ancaq lazım olanda BMT-nin verdiyi qətnamələr əsasında Suriya, İraq, Liviya, Əfqanıstan bir günün içində bombalanır…
- Bəli, tamamilə haqlısınız. Mən də onu qeyd etmək istəyirəm ki, dünyada hüquq deyil, hər şeyi güc həll edir. Güc müstəvisində olan siyasət isə ancaq faciələrlə nəticələnə bilər. Biz hazırda bunu müşahidə edirik. Bu, həm Orta Şərqdə, həm də Ukraynada baş verir.

- Ukraynada, İraqda, Suriyada baş verən proseslərin qarşısını almaq mümkün deyil, yoxsa bilərəkdən almırlar?
- Məhz bu səbəbdən də, mən Azərbaycanın rolunu xüsusilə qeyd etdim. Bir çox məqamlarda bu problemlərin həlli silahlı qarşıdurmalar müstəvisində deyil, məhz ciddi siyasi və mədəni dialoq səviyyəsində mümkün ola bilər. Ona görə, mən Azərbaycanın tolerantlıq nümunəsinin dünyada istifadə edilməsi üçün mədəniyyətlərarası əməkdaşlıq amilini irəli sürürəm. Çünki bu gün qərblə şərqin arasında yerləşən Azərbaycanın bu təcrübəsini ciddi şəkildə istifadə etməklə, Azərbaycanı bu proseslərin bir nümunəsi kimi ortaya qoymaq olar. Əks təqdirdə münaqişələr daha da dərinləşir və onların sülh yolu ilə həlli müşkülə çevrilir, əvəzində silahlar danışır.

- ABŞ-ın ölkəmizə yeni təyin ediləcək namizədi bəllidir, yeni səfir təsdiq olunacaqmı və Bakıya nə zaman gələcəyi gözlənilir?
- Artıq namizəd müəyyən edilib. Lakin müzakirələr bir azdan başlayacaq. Fikrimcə, sentyabrın sonu, oktyabrın əvvəllərində yeni səfirin təyinatını və Senatdan keçməsini müşahidə edəcəyik. Hesab edirəm ki, yeni səfir ABŞ-ın ən peşəkar diplomatlarından biridir.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər