“Onların məqsədi budur ki, Azərbaycan öz siyasətini onların dediyi formada tənzimləyərək aparsın. Yəni Azərbaycan onlara tabeçilik göstərsin. Azərbaycan 70 ildən çox Sovet İttifaqı deyilən dövlətdə müstəmləkə taleyini yaşayıb. Biz 1991-ci ildən bu müstəmləkədən qurtarmışıq, artıq müstəqil və suveren dövlətik. Bu gün Qərb və Avropa Azərbaycanı tabe etdirməyi istəyirsə, ölkəmizin onların dediyi ilə hərəkət edəcəyini hesab edirsə, səhv düşünür. Azərbaycan bu kimi şeyləri rədd edir, özünün müstəqil siyasətini qanunvericiliyi ilə tənzimləyir. Buna görə də, belə kampaniyalar, təzyiqlər və təhdidlər baş verir. Ancaq Azərbaycan bütün bunları bilir və uzun illərdir ki, bu kimi fəaliyyətin qarşısında mətanətlə dayanır”.
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili Elman Məmmədov bildirib. Müsahibəni təqdim edirik.
- Elman müəllim, Milli Şuranın keçirdiyi son mitinqi necə qiymətləndirirsiniz?
- İqtidar partiyası olaraq hər zaman demişik ki, Azərbaycan hakimiyyəti ölkədə konstruktiv müxalifətin olmasını istəyir. Çünki bütün cəmiyyətlərdə sağlam müxalifətin olması inkişafın səbəblərindən biridir. Yeni Azərbaycan Partiyası da bu fikri hər zaman dəstəkləyib, reallığa çevirmək üçün lazım olan addımları atıb. Məsələn, bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə görüşü olub, müzakirələr aparılıb. Bu təşəbbüs hakim partiyadan gəlib. Milli Şura isə bir neçə partiyanın birləşməsindən doğan siyasi qurumdur. Siyasi qurum olaraq iqtidara qarşı müxalif mövqedə durmaq təbiidir. Ancaq hər hansı siyasi təşkilat və ya Milli Şura özünün apardığı işlərdə dövlətə və dövlətçiliyə, eləcə də, milli təhlükəsizliyə, xalqın milli mənafelərinə qarşı addımlar atırsa, bu, qəbuledilməzdir. Milli Şuranın toplantıları zamanı səslənən bəzi fikirlər olur. Bu fikirlər bəzən xaricdə olan və Azərbaycanı sevməyən mərkəzlər tərəfindən səsləndirilən ifadələrlə üst-üstə düşür. Məsələn, Azərbaycanda olan uğurları birmənalı olaraq görməmək, onların üzərinə kölgə salmaq, ölkədə aparılan siyasi kampaniyaların hamısını “qeyri-legitim” elan etmək və yaxud ilk Avropa Yay Olimpiya Oyunlarının baş tutmayacağını, baş tutsa belə, problemli olacağı, Azərbaycanın guya bunu bacarmayacağı haqda fikirlər yaymaq kimi ziyanlı fikirlər xoşagəlməz hallardır. Bu hərəkətləri edəndə, təbii ki, iqtidar partiyası olaraq tərəfimizdən tənqid edilirlər. Azərbaycanı sevməyən qüvvələrin dediyi ilə müxalifətin müəyyən hissəsinin dedikləri üst-üstə düşəndə bizdə ciddi şübhələr yaranır. Düşünürük ki, nəyə görə, Azərbaycanı sevməyən xarici qüvvələrlə bizim müxalifətin düşüncələri uyğun gəlir? Mən bunu təəssüf hissi ilə qeyd edirəm. Biz özümüz-özümüzə niyə zərbə vurmalıyıq? Zənnimcə, müxalifət bu haqda düşünməlidir. Müxalifətdə olmaq o demək deyil ki, dövlətinin milli təhlükəsizliyinə xələl gətirən fikirlər söyləməlisən, ölkədə mövcud olan inkişafı görməməzliyə vuraraq onun tərsini iddia etməlisən. Bu hallar şəxsən məndə təəssüf hissi doğurur. Mən belə şeyləri qəbul etmirəm və onların olmasını da qətiyyən istəmirəm. İstəyirəm ki, müxalifət olsun, fəaliyyət göstərsin, proseslərə ədalətli yanaşsın, cəmiyyətdə olan nöqsanları açıqlasın ki, hakimiyyət də doğru deyilənləri nəzərə alsın, səhvlər düzəldilsin, cəmiyyət inkişaf etsin. Ancaq qəsdən şər-böhtan kampaniyası aparmaq, Azərbaycanın milli mənafeyinə xələl gətirən fikirlər söyləmək rədd olunmalıdır. Biz bu kimi fəaliyyəti qərəzli hesab edirik. Düşünürük ki, buna nə qədər cəhd edilsə də, nəticəsi olmayacaq. Elə son mitinqləri də bunu göstərdi.
- Bakıda keçiriləcək birinci Avropa Yay Olimpiya Oyunlarının boykot edilməsinə dair xaricdən bəzi hüquq müdafiə təşkilatlarının çağırışlarını necə qiymətləndirmək olar?
- Bizlər buna təbii yanaşmalıyıq. Bu, təəccüb doğurmamalıdır. Hələ Avropa Yay Olimpiya Oyunlarına qədər belə halları müşahidə etmişik. Son 10-15 il ərzində Azərbaycanda müxtəlif istiqamətlərdə beynəlxalq tədbirlər olub. “Əsrin Müqaviləsi”ndən tutmuş beynəlxalq tədbirlərə qədər. Bu tədbirlər keçirilən ərəfədə Azərbaycanı sevməyən, bizə düşmən kəsilən bu mərkəzlər bəhs etdiyimiz kampaniyaya rəvac veriblər. Xarici mərkəzlər bu kampaniyaya başlayan kimi onların maliyyələşdirdiyi və istiqamət verdiyi ölkə daxilindəki qüvvələr də buradan hərəkətə keçib. Azərbaycanın ünvanına ağıllarına gələn ifadələri söyləyiblər. Bəs bunun nəticəsi necə olub? Nəticədə Azərbaycan keçirməkdə qərarlı olduğu beynəlxalq tədbirləri reallaşdırır, onu yüksək səviyyədə keçirir. Qarayaxmaların da nəticəsi olmur. Yeri gəlmişkən, bundan öncə bizdə “Eurovision” mahnı müsabiqəsi keçirildi, Avropadan çoxlu sayda qonaqlar və müğənnilər ölkəmizə gəldi. Bu ərəfədə də bizə qarşı qarayaxmalara, şər-böhtanlara rəvac verildi. Ancaq bunun da əhəmiyyəti olmadı. Xalqımız iqtidarla bir olduğunu göstərdi, bu mahnı müsabiqəsi çox yüksək səviyyədə baş tutdu və ölkəmizə gələnlər də buradan xoş təəssüratla ayrıldı. Çox təəssüf edirəm ki, ölkə daxilində bəlli qruplar bu prosesdə iştirak edir. Ancaq onlar istəklərinə çatmayacaqlar. Azərbaycan dövləti kifayət qədər güclüdür və xalqın iradəsini ifadə edir. Bir neçə ay sonra Bakıda baş tutacaq birinci Avropa Yay Olimpiya Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Bu tədbir çox yüksək səviyyədə keçiriləcək. Bu Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, özünü ifadə etməsi baxımından da əhəmiyyətli olacaq. Həmçinin ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan bura gələn qonaqlara Dağlıq Qarabağ münaqişəsi və onun gerçək səbəbləri haqqında da məlumat verəcək. Bununla maraqlanan xarici qonaqlar obyektiv informasiya alacaqlar. Azərbaycan təkcə bu oyunları yüksək səviyyədə keçirməyəcək, həm də bu idman yarışında ən çox uğur qazanan ölkələrdən biri olacaq. Bir daha sübut olunacaq ki, Azərbaycanda idman çox sürətlə inkişaf edir. Azərbaycan dəfələrlə digər beynəlxalq tədbirlər zamanı bunu sübuta yetirib.
- Azərbaycanla bağlı daima belə kampaniya aparan qüvvələrin məqsədi nədir?
- Bu xarici qüvvələrin məqsədi bizə bəllidir. Burada bir həqiqət var və onu da çılpaqlığı ilə demək lazımdır. Bu gün əsasən Avropa və Amerikada fəaliyyət göstərən həmin qüvvələr şərqdə Azərbaycan adlanan və inkişaf etmiş, stabilliyə malik olan güclü dövləti görmək istəmirlər. Və ya bu reallığı qəbul edib həzm edə bilmirlər. Çünki bu qüvvələrin istədiyi bir şey var. Təbii ki, mən daha çox bu təşkilatları yaradan dövlətlər barəsində, onların Azərbaycan siyasəti haqqında danışıram. İstəyirlər ki, Azərbaycan onların diktəsi ilə hərəkət etsin. Onların məqsədi budur ki, Azərbaycan öz siyasətini onların dediyi formada tənzimləyərək aparsın. Yəni Azərbaycan onlara tabeçilik göstərsin. Azərbaycan 70 ildən çox Sovet İttifaqı deyilən dövlətdə müstəmləkə taleyini yaşayıb. Biz 1991-ci ildən bu müstəmləkədən qurtarmışıq, artıq müstəqil və suveren dövlətik. Bu gün Qərb və Avropa Azərbaycanı tabe etdirməyi istəyirsə, ölkəmizin onların dediyi ilə hərəkət edəcəyini hesab edirsə, səhv düşünür. Azərbaycan bu kimi şeyləri rədd edir, özünün müstəqil siyasətini qanunvericiliyi ilə tənzimləyir. Buna görə də, belə kampaniyalar, təzyiqlər və təhdidlər baş verir. Ancaq Azərbaycan bütün bunları bilir və uzun illərdir ki, bu kimi fəaliyyətin qarşısında mətanətlə dayanır. Bundan sonra da belə olacaq. Azərbaycan müstəqil dövlətdir və siyasətini özü müəyyən edir.
- Artıq TANAP layihəsinin ilk təməlqoyma mərasimi keçirilib. Bu proyekt nə dərəcədə əhəmiyyətlidir?
- TANAP-da, TAP-da, Bakı-Tbilisi-Qars dəmiryol xətti də Azərbaycanın beynəlxalq aləmə verdiyi töhfələrdir. Bu və digər layihələr Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə yanaşı bu prosesdə iştirak edən dövlətlərin mənafeyini yüksək şəkildə təmin edir. Azərbaycan bəyan edir ki, sülhsevər dövlət olaraq dünyanın enerjini təhlükəsizliyinə öz töhfəsini verir. Ancaq bunun qarşılığında gözləyirik ki, dünya da bizim təhlükəsizliyimizə, ərazi bütövlüyümüzün təmin olunmasına öz töhfəsinə versin. Ancaq Azərbaycan hələ ki bunun qarşılığını görmür. Baxın, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində, dünyada terrorizmə qarşı proseslərdə fəal iştirak edir. Ermənistan isə bu proseslərdə yoxdur və əslində terrorçu dövlət kimi tanınmalıdır. Bu gün dünyada mövcud olan və rəsmən məlum olan terror təşkilatları arasında Ermənistanın 17 terror təşkilatının adı keçir. Azərbaycanda bu yoxdur. Biz dünyaya neft, qaz, ipək yolu, terrorizmə qarşı ciddi mübarizə təqdim edirik. Ermənistan dünyaya nə verir? Bu terror ölkəsi şimaldan silah alıb cənuba satır, cənubdan narkotik alıb hər tərəfə satır. Ancaq biz nəticədə görürük ki, sanki dünya terrorçuluğu, cinayətkarlığı xoşlayır. Sanki dünya hərbi caniləri və işğalçıları dəstəkləyir. Mən bilmirəm, bəlkə dünyada ağalıq etmək iddiasında olan dövlətlərin və mərkəzlərin siyasətində işğalçılıq olduğundan özlərinə oxşayan terrorçu dövləti dəstəkləyir? Və bunun müqabilində Azərbaycana dəstək vermək istəmirlər. Biz dünyaya dostluq əlimizi uzadırıq. Təbii ki, bu Azərbaycanın yürütdüyü düzgün siyasətdir. Hesab edirəm ki, sonda bizim haqlı olduğumuzu hər kəs qəbul edəcək.
Nemət