9 Aprel 2015 12:38
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir neçə il əvvəl Azərbaycan Prezidenti Amerikaya səfər etmişdi. Həmin səfərdə mətbuat konfransı zamanı Prezident elan etdi ki, heç vaxt istəməz ki, qonşuluqda olan dövlətdə müharibə baş versin, Azərbaycan hərbi plastarma çevrilsin. Həmin dövrdə İran məsələsi gündəmdə idi, amma Azərbaycan dövləti doğru siyasi xətt yeritdi. Bizim İranda çoxlu sayda soydaşımız var və münasibətlər də normaldır. İndi Azərbaycanın qarşısında duran əsas məsələ NABUKKO layihəsinin gündəmə gətirilməsidir. Bu layihə vasitəsilə İran, Türkmənistan, Qazaxıstan qaz ehtiyatları dünya bazarına çıxarıla bilər”.

Bunu Teleqraf.com-a müsahibəsində AMİP sədri Yusif Bağırzadə bildirib. Müsahibəni təqdim edirik:

- Yusif bəy, seçki ilində partiyalardakı passivliyə səbəb nədir?
- Son parlament seçkiləri ilə müqayisədə indiki durum qeyri-qənaətbəxşdir, siyasi partiyaların seçki aktivliyi yüksək deyil. Hələ də partiyalar seçkilərə dair formatlar müəyyən etməyib. Yalnız “Azadlıq-2015” Seçki Bloku təsis edilib. Bəzi partiyalar seçki hazırlığını bir kənara qoyaraq, mitinq və piket keçirmək haqqında düşünür. Biz AMİP olaraq seçkilərə tək getmək niyyətindəyik. Siyasi partiyaların aktivləşməsi üçün proporsional seçki sistemi də tətbiq edilə bilər. Bizim məqsədimiz budur ki, seçkilərdə aktiv iştirak edək. Aprelin 13-də AMİP Mərkəzi Şurasının toplantısı keçiriləcək, orada partiyanın seçkilərə hansı formatda qatılması müzakirə ediləcək. Seçki öncəsi də Mərkəzi Şuranın toplantısı keçiriləcək. Çalışacağıq ki, Mərkəzi Şuradan mandat alaq, seçkilərlə bağlı siyasətimizi çevik və nəticəli qura bilək. Biz ötən gün “Azadlıq-2015” Seçki Blokunun toplantısında iştirak etdik və fikrimizi də ifadə etdik. Bu gün üçün reallıq budur ki, siyasi passivlik var. Biz AMİP olaraq iqtidar-müxalifət dialoqunun üçüncü raundunun keçirilməsinə önəm veririk. İndiyə qədər iki raundda görüş keçirilib. Düzdür, bu müzakirələrlə bağlı mətbuata geniş informasiya vermədik, lakin bildirim ki, kifayət qədər pozitiv müzakirələr aparıldı.

- AMİP-in seçkilərdə iştirakla bağlı müəyyən edilən planı varmı?
- Bizim daimi fəaliyyət göstərən seçki qərargahımız var. AMİP qarşıdan gələn parlament seçkilərində var gücü ilə iştirak edəcək, çalışacaq ki, siyasi partiyalarla əməkdaşlıq platformasından maksimum istifadə etsin. Eləcə də, dairələr üzrə ən güclü və nüfuzlu namizədlərimizin irəli sürülməsini təmin edəcəyik. Bizim əsas prioritetimiz seçkilərdə xanımları və gəncləri önə sürməkdir. Partiya olaraq əsas fəaliyyətimiz üç istiqamətdədir: seçki hazırlığı, siyasi partiyalarla əməkdaşlıq, beynəlxalq əlaqələrin gücləndirilməsi. Qeyd edim ki, 2015-ci ildə AMİP-in Avropa Xalq Partiyasına üzvlük məsələsinin həll edilməsi gözləniləndir. Bu istiqamətdə də kifayət qədər aktiv iş aparırıq.

- Siyasi partiyalar arasında qarşıdurma, ittihamlar davam edir. Bu, normal situasiyadır, yoxsa aradan qaldırılmalıdır?
- Əgər söhbət müxalifət düşərgəsindən gedirsə, birliyə ehtiyac var. Belə pərakəndə formada olan müxalifət hazırda ölkədə gedən proseslərə təsir etmək gücündə deyil. Bu, reallıqdır. Əgər, bu qarşıdurma və qarşılıqlı ittihamlar davam edəcəksə, mən müxalifətin parlament seçkilərində uğur qazanması və ya fraksiya yarada biləcək səviyyədə Milli Məclisdə təmsil olunmasını gözləmirəm.

- Sizin aprelin 13-də keçirəcəyiniz tədbir nə ilə bağlıdır?
- Partiyadaxili tədbirdir və seçkilərlə bağlı qərar vermək məqsədilə Mərkəzi Şura müzakirələr aparacaq.

- Regionda və dünyada maraqlı qlobal proseslər yaşanır. Pakistan prezidenti Bakıya gəlir, Azərbaycan dövlət başçısı Səudiyyə Ərəbistanına səfər edir, İran-Amerika arasında razılaşma əldə olunur. Bu situasiyanı necə qiymətləndirirsiniz?
- Geopolitik məkanda vəziyyət sürətlə dəyişir. Qloballaşma prosesinin sürətlə getdiyi bir zamanda yeni qüvvələr meydana çıxır. Ərəb coğrafiyasında baş verənlər göz önündədir. Dünya qloballaşdığı üçün ətrafımızda baş verən proseslərin ölkəmizə də təsirləri olur. Pakıstan prezidenti Bakıya səfər etdi, Azərbaycan prezidenti Ər-Riyadda səfərdə oldu. Bu addımlar göstərir ki, sanki dünyada müsəlman NATO-su kimi bir təşkilat yaranacaq. Mən hələlik bunun ilkin təzahürlərini görürəm. Əlbəttə, bu baş verəcəksə, belə bir təşkilatda nüvə arsenalına malik Pakistan, eləcə də, Səudiyyə Ərəbistanı kimi ciddi maliyyə imkanları olan dövlət təmsil olunacaq. Mənə elə gəlir ki, indilikdə bu proseslərdə Azərbaycan da müəyyən addımlar atır, aktiv və çevik siyasət qurur. Ancaq bildiyiniz kimi Azərbaycan bloklara qoşulmamaq haqqında qərar verib. Demək istəyirəm ki, dünyada, eləcə də, bizə yaxın regionda mürəkkəb proseslər baş verir və biz bu prosesləri diqqətlə izləməliyik. Ərəb dünyasında qeyri-müəyyənlik var. Ərəb baharından sonra bu regionda başıpozuq dövlətlər yaranıb və stabillik pozulub. Radikal-islamçı qüvvələr həm ərəb dövlətləri arasında olan münasibətləri korlayıb. Lozannada isə İranla “altılıq” ölkələri arasında Tehranın nüvə silahından imtinasına dair danışıqlar aparılıb, siyasi razılaşma əldə edilib. Yəqin ki, iyun ayında bununla bağlı tərəflər arasında hüquqi razılaşma əldə ediləcək. İran artıq neçə illərdir ki, altında qaldığı sanksiyalardan qurtulacaq. Digər tərəfdən Yəməndə ciddi proseslər gedir, məzhəb davası yaşanır. Bu ölkədə faktiki olaraq Səudiyyə Ərəbistanı ilə İranın maraqları toqquşur. Yəmən hadisələri az qala dövlətlərarası müharibəyə səbəb olacaqdı. Türkiyə tərəfi də bu məsələ də öz mövqeyini ifadə etdi. Azərbaycanda isə Qafqazın şeyxi bəyanatla çıxış etdi. Hesab edirəm ki, ABŞ bu hadisələrin qarşısını almaq üçün layihə hazırlayır. ABŞ-dan Azərbaycana yüksək səviyyəli heyətin, Pakistan prezidentinin səfəri, dövlət başçımızın Səudiyyəyə səfəri deməyə əsas verir ki, müsəlman dövlətlərinin ittifaqı yaranır. Bura Türkiyə və Azərbaycanı daxil etmək olar.

- Ölkəmiz bu prosesdə hansı səviyyədə iştirak edir?
- Azərbaycan da, şübhəsiz ki, diplomatik aktivlik həyata keçirir. Şəxsi qənaətimə görə, yaxın zamanlarda Azərbaycan qoşulmama hərəkatına üzvlükdən geri çəkilə bilər. Biz MDB-də təmsil olunuruq, amma Kollektiv Təhlükəsizlik Şurasının üzvü deyilik. Biz Gömrük İttifaqının, Avrasiya Birliyinin üzvü deyilik. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq edirik. Digər MDB ölkələrindən fərqli olaraq assosiativ üzvlüklə bağlı da müraciətimiz olmayıb. Ancaq Moldova, Ukrayna, Gürcüstan bu addımı atıb. Azərbaycan Avropaya karbohidrogen ehtiyatlarını nəql edir və bizim Avropa, Amerika ilə münasibətlərimiz yaxşıdır. Ərəb coğrafiyası ilə də müsbət əlaqələrimiz var, bəzi ərəb ölkələri Ermənistanla diplomatik əlaqələr qurmayıb, bu ölkənin müstəqilliyini tanımayıb. Odur ki, ərəb platforması bizim üçün əhəmiyyətlidir. Xarici investisiya baxımından da ərəb ölkələri xüsusi maraq kəsb edir. Çünki bizim böyük proyektlərimiz var. Mən aprelin ikinci on günlüyündə Brüsselə səfər etmişdim, səfər çərçivəsində Avropa Komissiyasında da görüşümüz oldu. Bu görüşlər zamanı TAP, TANAP və NABUKKO layihəsinə siyasi və iqtisadi dəstək verilməsi istiqamətində danışıqlar apardıq. Düzdür, biz müxalifət partiyasıyıq və hökuməti də müəyyən məsələlərlə bağlı tənqid edirik. Ancaq bu layihələrin həyata keçirilməsi vacibdir və biz də imkanlarımız daxilində onun dəstəklənməsi üçün iş aparırıq. İrana qarşı tətbiq edilən sanksiyalar aradan qalxır, biz də bundan istifadə edərək Avropaya yaxınlaşmalıyıq. Bu gün İranın öz neft və qazını Avropaya ixrac etmək üçün iki kəməri var və bunlar da Türkiyədən keçir. Biz çalışmalıyıq ki, İran da bizim bu layihələrə maraq göstərsin. Mənim müşahidəm belədir ki, ərəb dünyasında baş verən proseslərdən Azərbaycan faydalana biləcək. İndilikdə bununla bağlı rəsmi Bakı doğru siyasət yürüdür.

- İranla “altılıq” ölkələri arasında yaxınlaşma Azərbaycana olan marağı azalda bilərmi?
- Xeyr. Birincisi, bu yaxınlaşma daha çox Fələstin-İsrail münasibətlərinin yumşalmasına səbəb olacaq. Xristian-müsəlman dünyasının qarşıdurması, terror hadisələri əsasən Fələstin-İsrail münasibətlərindən doğur. Fikrimcə, indi münasibətlərin istiləşməsi Fələstin düyününün açılmasına, bu ölkənin müstəqilliyinin tanınmasına yol aça bilər. Bizim İsraillə də yaxşı münasibətlərimiz var və bu, inkişaf etdirilməlidir. İranla da isti münasibətlər mövcuddur. Bir neçə il əvvəl Azərbaycan Prezidenti Amerikaya səfər etmişdi. Həmin səfərdə mətbuat konfransı zamanı Prezident elan etdi ki, heç vaxt istəməz ki, qonşuluqda olan dövlətdə müharibə baş versin, Azərbaycan hərbi plastarma çevrilsin. Həmin dövrdə İran məsələsi gündəmdə idi, amma Azərbaycan dövləti doğru siyasi xətt yeritdi. Bizim İranda çoxlu sayda soydaşımız var və münasibətlər də normaldır. İndi Azərbaycanın qarşısında duran əsas məsələ NABUKKO layihəsinin gündəmə gətirilməsidir. Bu layihə vasitəsilə İran, Türkmənistan, Qazaxıstan qaz ehtiyatları dünya bazarına çıxarıla bilər. Biz çevik hərəkət etməliyik ki, bu layihəmiz axsamasın. Bizim şansımız var ki, qaz ixrac edən dövlətdən həm də tranzit dövlətə çevrilək.

Nemət


Müəllif:

Oxşar xəbərlər