29 Aprel 2015 12:59
3 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ötən ilin oktyabrından “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb. Azərbaycanda bu sahə üzrə ilk olan qurumun fəaliyyəti haqqında akademiyanın rəhbəri Günel İbrahimdən məlumat aldıq. Birinci Avropa Oyunları ərəfəsində işlərində xüsusi canlanma olduğunu vurğulayan Günel İbrahim bu əlamətdar mərasim üçün işçilər hazırladıqlarını dedi.

“Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzində yaradılmış şəraitlə bizi tanış edən Günel İbrahim buranın peşəkar davranış qaydalarını öyrədən vahid baza rolu oynadığını bildirdi: “Akademiya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) İnkişaf Mərkəzidir. Burada gənclər və iş dünyasında uğur qazanmaq istəyənlər üçün xüsusi tədris mexanizmi təklif olunur. “Etika Akademiyası” peşəkar davranış qaydalarının öyrənilməsinin vahid bazasıdır, mərkəzin əsas məqsədi etik prinsipləri biznesə tətbiq etmək və yüksək standartlara uyğun kadrları formalaşdırmaqdır.

Təşkilatın və qurumların uğur əmsalını formalaşdıran insan resurslarını stressə davamlı, beynəlxalq standartlara, etika və estetikanın tələblərinə uyğunlaşdırmaqdır”.

Uğurun yarısı...

Müsahibimiz deyir ki, fəaliyyətlərinin əsas istiqamətlərindən biri də Avropa institutlarının Azərbaycana cəlb olunması, Azərbaycan həqiqətlərinin və dəyərlərinin isə Avropada təbliğidir: “Dörd il əvvəl AGAT-ın internet televiziyada “Biznes etikası” adlı verilişi vardı. 10 dəqiqə efir vaxtı ərzində tamaşaçılara CV-lərin yazılma qaydaları, karyeranın uğur sirləri, danışıqların aparılma üsulları, işə düzəlmək üçün müsahibələri uğurla keçmək kriteriyaları barədə treninqlər təqdim olunurdu. O zaman bunun çox böyük maraqla qarşılandığını gördük. Qərara gəldik ki, bu işi mərkəzləşdirilmiş şəkildə həyata keçirək.

AGAT olaraq “Etika Akademiyası”nın yaradılması təşəbbüsünü irəli sürdük. Akademiyada xidmət sektorunda çalışan insanlara Avropa standartlarına əsaslanan treninqlər keçirilir. Yerli və beynəlxalq təlimçilər tərəfindən burada bankçılıq, otelçilik, turizm sahələrində, şirkətlərdə fərdi inkişaf, karyera yüksəlişi üçün lazım olan biliklər, vacib etik prinsiplər dolğun şəkildə tədris olunur.

Qeyd edim ki, “Etika Akademiyası” ABŞ və Almaniyada da mövcuddur, üçüncüsü isə Azərbaycanda yaradılıb. Məqsədimiz bu sahədə beynəlxalq təcrübəni Azərbaycana gətirməkdir.

Mərkəz korporativ və fərdi təhsil almaq istəyən hər kəsə açıqdır. Hazırda iş dünyasının etik normalarını tədris edirik. Biznes etikasının incəliklərini bilmək bizim üçün çox vacibdir.

Bildiyiniz kimi, hazırda ölkəmizdə yeni böyük biznes-ticarət mərkəzləri, turizm obyektləri, dünya şöhrətli otel şəbəkələri açılır. Həmin obyektlərdə çalışan mütəxəssislərin etik və davranış qaydaları mükəmməl olmalıdır. Bir nüansı xüsusilə vurğulamaq lazımdır ki, brend şirkətlərin uğurlarından biri də marketinq və biznes etikasının ətraflı öyrənilməsidir. Etika böyük təsir qüvvəsinə malikdir. Özünü doğru ifadə edə bilmək qabiliyyəti böyük etiket qaydasıdır və bu da özlüyündə uğurun yarısı deməkdir”.

Əl tutmaq mədəniyyəti

Günel İbrahim deyir ki, ailədə böyük dəyərlərə malik olsaq da, ailə institutunda öyrəndiklərimizi cəmiyyətə tətbiq etməkdə əziyyət çəkirik: “Xaricdə isə əksinə, bütün üstünlüklər cəmiyyətin uğuruna yönəlib. Elə xırdalıqlar var ki, çox vaxt ona diqqət yetirmirik, əslində isə həmin hərəkətimizlə özümüzü təqdim edirik. Məsələn, iş pozisiyasında kreslodan istifadə etikası. Yəni çoxları bilmir ki, rəhbər şəxs heç də həmişə kreslosunda oturmalı deyil. Amma biz görüşlərdə, tədbirlərdə tez-tez belə anormallığın şahidi oluruq.

Rəhbər şəxsin bütün görüşlərdə kreslosunda oturması özünə inamsızlıqdan xəbər verir. Protokol qaydalarına görə, vəzifələr və ona uyğun oturuş qaydaları mövcuddur. Müdirin işçilərlə keçirdiyi iclaslarda öz kreslosunda oturması vacib sayıldığı halda, qonaq qarşılayan zaman eyni pozisiyada olması düzgün deyil. Rəhbər şəxs qonaqla bərabər pozisiyada olduğunu göstərmək üçün onunla üz-üzə oturur”.

Ekspert deyir ki, çox vaxt ailə dəyərləri, düzgün tərbiyəni etik davranışla səhv salırlar: “Əslində insan düzgün tərbiyə almış biri ola bilər, amma o cəmiyyətdə özünü təqdim etməyi bacarmırsa, hökmən etika qaydalarını da öyrənməlidir. Adi nəzakət qaydaları var ki, biz illərdir onu müzakirə etməyimizə rəğmən çoxları bilmir ki, görüşdükdə ilk olaraq qadın əl uzatmalıdır, yoxsa kişi. Görüşdükdə ilk əl uzadan həmişə qadın olmalı deyil. İş dünyasında qadın vəzifəcə yüksəkdirsə, ilk əl uzadan o olmalıdır. Çünki bu məsələdə rəhbər şəxsin cinsi önəmli sayılmır”.

Milli etika ensiklopediyası hazırlanacaq

Günel İbrahim reallaşdırılacaq layihələr barədə də məlumat verdi. Növbəti layihənin media ilə bağlı olduğunu deyən müsahibimizin sözlərinə görə, gənc jurnalistlərə etik davranış qaydaları öyrədiləcək: “Biliyini, bacarığını satmaq, təqdim etmək qabiliyyəti olan jurnalistlər hazırlayacağıq. İstədiyimiz odur ki, jurnalistlər lazımı təlimatları öyrənməklə qazanclarını artırsınlar. Əmin edirik ki, bu jurnalistlər işinin peşəkarı olacaq və öz fəaliyyətlərini satmağı bacaracaqlar”.

Mərkəzdə uşaqlar üçün də faydalı proqramlar nəzərdə tutulub: “Növbəti layihələrdən biri də uşaqlara etiket qaydalarının öyrədilməsidir. Salamlaşma mədəniyyətindən tutmuş süfrə arxasındakı davranışa qədər bir çox etiket qaydaları təlim paketlərinə daxildir.

Bundan başqa, “Sivil toplumda kübar qadının davranışı” adlı paket var və yaxın gələcəkdə bu proqrama uyğun təlimlərə başlamağı nəzərdə tutmuşuq.
Yaxın gələcəkdə görəcəyimiz işlər içərisində daha bir layihəmiz barədə məlumat vermək istərdim. Milli etika ensiklopediyasının yazılmasına start vermişik. Bizdə bu barədə məhdud çərçivədə məlumatlıyıq, halbuki hər bir ölkənin etik davranış külliyyatı var.

Bizdə alimlər elmi araşdırma səviyyəsində bunu yazıblar, amma çox istərdik ki, sadə dildə, hamını anlaya biləcəyi bir üslubda belə bir ensiklopediya hazırlayaq. Bu işə kuturoloqları, alimləri qoşub onların təcrübəsindən yararlanacağıq”.

Beynəlxalq statuslu ekspertlər

Akademiyada bilik və bacarıqları kimlərin öyrətməsi də maraqlıdır. Müsahibimiz deyir ki, təlimçilər beynəlxalq statuslu və uğur göstəriciləri olan ekspertlərdir: “Biznes etikası və effektiv danışıqlar mövzusu üzrə təlimi mən aparıram. Müştəri xidmətləri üzrə ATA Bankın xüsusi risklər üzrə şöbə müdiri, tanınmış mütəxəssis Elman Sadıxov, bundan başqa BBC-nin treynerləri və “PR” üzrə mükəmməl bilikləri olan pedaqoqlarla çalışırıq. Həmçinin İBS Group-la bağlanan memorandum əsasında Böyük Britaniyanın universitet və institutlarının ixtisas sənədləri , diplomları və sertifikatlarını təqdim edirik.

Mərkəzdə iş dünyasında hazırlıq proqramları, etik davranışlar, iş yerində sınaq müddətinin uğurla başa vurulması, təsnifatların artırılması üzrə Böyük Britaniyanın Kommersiya Menecmentlik İnstitutunun bir neçə biznes proqramları tədris olunur. Akademiyaya istənilən yaşda hər bir şəxs müraciət edə bilər”.

Olimpiya oyunları üçün iki yüz nəfər işlə təmin olunub

Akademiya rəhbəri uğurlarından da danışdı: “Fəaliyyətimizin 6 aylıq uğuru iki yüz nəfər gəncin akademiyada təhsil alması və işlə təmin olunmasıdır. Həmin şəxslərin hamısını şirkətlərə təhvil verdik. Birinci Avropa Oyunlarının bizim üçün faydalı tərəflərindən biri də məhz seçilmiş insanları işə cəlb etmək, onların peşəkarlığını artırmaqdır. Bizim akademiyada həmin şəxslərə treninqlər keçildi və yüksək məvacibli işlə təmin olundular. İşçi qüvvəsinə yenə ehtiyac var. Hazırladığımız iki yüz nəfəri olimpiya oyunları zamanı çalışacaq xidmət sektotuna yönəltdik.

Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, əslində bizdə işsizlik problemi yoxdur, əksinə kadr çatışmazlığı və kadrların biliklərini inkişaf etdirməməsi var. Çoxlarına elə gəlir ki, bir neçə dil bilməklə istədiyi yerdə çalışa bilər. Amma dünyada hər yarım saatdan bir yeni ixtira ortaya çıxdığını nəzərə alsaq, dil bilməyin heç də çox şeyə yaramadığını görmək çətin deyil. Enerjini, bilik və bacarığı gəlirli yerə yönəltmək etikasını da öyrənmək lazımdır”.

Günel İbrahim dövlətin onların fəaliyyətinə böyük dəstək verdiyini qeyd etdi. Onun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə təsdiqlənən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda nəzərdə tutulanlar “Etika Akademiyası”nını konsepsiya ilə üst-üstə düşür ki, bu da həm mərkəz üçün, həm də dövlət maraqları baxımından faydalıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər