2 İyul 2015 12:19
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Referendumun nəticəsindən asılı olaraq həm Yunanıstanın, həm də Avropa Birliyinin yol xəritəsi bəlli olacaq”

Yunanıstanda bazar gününə təyin olunmuş referendumda yunanlar kreditorların xərcləri azaltmaq və vergiləri artırmaq barədə təkliflərinə münasibət bildirməlidir. Münasibətlərin pozulması ölkənin avro-zonadan çıxması ilə nəticələnə bilər.

Qeyd edək ki, iyulun 7-dək Yunanıstanda heç bir bank fəaliyyət göstərməyəcək, bankomatlardan isə sutkada yalnız 60 avroya qədər pul çıxarmaq mümkün olacaq. Bu arada Yunanıstanın baş naziri Aleksis Tsipras bu ölkəyə dəstək proqramının uzadılması ilə bağlı kreditorların bütün şərtlərini kiçik istisnalarla qəbul etməyə hazır olduğunu bildirib.

Britaniyanın nüfuzlu “The Financial Times” qəzeti belə bir məlumat yayıb. Qəzet A.Tsiprasın iyunun 1-nə keçən gecə kreditorlar - Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna göndərdiyi məktubu əldə edib. Müxbir Piter Şpigel məktubun skaner variantını öz “Tvitter” səhifəsində yerləşdirib.

Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 1,6 milyard dollarlıq hissəsini iyunun 30-da ödəməli olsa da, bunu etməyib. Bu isə texniki defolt mənasına gəlir.

Bəs, bundan sonra Yunanıstanı nələr gözləyir? Bu istiqamətdə suallarımızı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırkı Baş nazirin rəhbərlik etdiyi Radikal Solçu Qüvvələr Koalisiyası - SİRİZA hakimiyyətə gələrkən artıq Yunanıstanın 320 milyard avroya yaxın xarici borcu var idi.

O qeyd edib ki, kiçik bir ölkə üçün çox böyük olan bu rəqəm hal-hazırda da artır: “Çünki ödəmələr yox səviyyəsindədir, əvəzində borclanmalar artır. Yunanıstan əhalisinin 25 faizə yaxınını təqaüdçülərin təşkil etməsi bu ölkə iqtisadiyyatında bu gün ən böyük problemdir. Təqaüdçülər büdcə üzərində böyük bir yükdür. Eyni zamanda, ölkədə 25 faiz işsizlik var. Bu iki mühüm məqam iqtisadiyyat üzərində çox böyük basqı qurur. Yunanıstan hökumətinin atdığı son addımlar, koalisiyanın seçkidə verdiyi sözü tutmağa çalışmasıdır. Çünki əhalidən səs alarkən söz vermişdi ki, Avropa Birliyi ilə proqramlara yenidən baxılacaq və ciddi islahatların, yəni vergilərin artırılması, əhaliyə verilən maaşların və pensiyaların dondurulması, hətta azaldılması və böyük özəlləşdirmə proqramı Avropa Birliyi ilə danışıqlarda gündəlikdən çıxarılacaq”.

N.Cəfərli qeyd edib ki, iyunun 30-da gecə saat 12-də Yunanıstan ödəməli olduğu 1,6 milyard avronu Beynəlxalq Valyuta Fonduna ödəyə bilmədi. Bu isə BVF-nin qaydalarına görə ölkəni avtomatik olaraq texniki defolt halına gətirir: “Buna görə də BVF iyunun 30-da Yunanıstanı texniki defolt elan etdi. Bu o deməkdir ki, artıq Yunanıstanın dövlət borc kağızları kəskin şəkildə dəyərdən düşəcək və onların beynəlxalq birjalarda heç bir əhəmiyyəti qalmayacaq. Yunanıstan bunu nəzərə alaraq iyunun 29-dan birjaları bağladı, bu ölkədə banklar da bağlıdır. Hökumət ciddi çöküşün qarşısını almaq üçün bu addımı atmağa məcbur oldu və bazar gününə referendum təyin etdi. Referendumda Avropanın şərtlərini qəbul edib-etməmək sualları çıxarılacaq. Tsiprasa bu referendum ona görə lazımdır ki, o bu referendumda dəstək qazansa, Avropa ölkələrini daha bir məsələ ilə şantaj etməyə başlayacaq. Bu da ondan ibarətdir ki, ”biz hamımız Avropa məkanında demokratiyanı bir dəyər kimi qəbul ediriksə, xalqın sözünü eşitməliyik. Bizim xalq isə bu müqavilənin əleyhinədir və yeni müqavilələr təklif etməyinizi gözləyirik. Yox, əgər yunan xalqı Avropa Birliyinin, Avropa institutlarının şərtlərini qəbul etməyə razılıq versə, o zaman biz bazar ertəsi, iyunun 6-da Tsiprasın istefasının şahidi olacağıq. Çox güman ki, Tsipras istefa verəcək və Yunanıstanda yeni seçkilər təyin olunacaq. Yeni seçkidə hansı partiyalar parlamentə düşə biləcəksə, onlar yeni hökumət quracaq. Bundan sonra Avropa Birliyi ölkələri ilə yeni danışıq sürəci başlayacaq. Amma hazırda Yunanıstan o qədər dərin böhrandadır və o qədər ciddi problemlər içindədir ki, Avropa Birliyi birdəfəlik 320 milyard borcdan əl çəkməli, bütün borcları sıfırlamalı və Yunanıstana yeni səhifədən əməkdaşlıq təklif etməlidir ki, Afina bu yükün altında əzilməsin. Ya da digər çıxış yolu Yunanıstanı Avropa Birliyində saxlayaraq, lakin Avrozonadan çıxarmaqla Yunanıstanın Avropa banklarına, avroya vura biləcəyi ziyanı önləməkdən ibarətdir. Yəni, çıxış yolları çox da geniş deyil. Ona görə çox güman hamı bazar günü keçiriləcək referendumu gözləyəcək. Bazar günü referendumun nəticəsindən asılı olaraq həm Yunanıstanın, həm də Avropa Birliyinin yol xəritəsi bəlli olacaq".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər