21 Avqust 2015 13:16
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onlar hər zaman olduğu kimi, indi də səhvə yol verirlər. Onların səhvi ucbatından Qarabağ gedib. Onların bu hərəkətləri davam etsə, Azərbaycanın yarısı gedər. Onlar elə 25 ildir siyasətdədirlər, çoxdan getməli idilər. Özləri də apardıqları siyasətin düzgün olmadığının fərqindədirlər. Onların kursu səhvdir. Gəminin də kursu səhv olanda ya dağa çırpılar, ya da burulğana düşər. İndi bunların yolu ya dağa çırpılmaqdı, ya da burulğana düşməkdir. Bunlar harasa bağlıdırlar, kimlərdənsə maliyyə alırlar, müstəqil deyillər”.

Bunu qəzetimizə müsahibəsində sabiq deputat, Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül bildirib. Müsahibəni təqdim edirik:

- Bir müddət əvvəl Vətən Naminə Xalq Birliyi Hərəkatı yaratdığınızı elan etmişdiniz. Qarşıdan parlament seçkiləri gəlir. Seçkilər haqqında nə düşünürsünüz?
- Biz hərəkat olaraq seçkilərə qoşulmaq niyyətindəyik.

- Hərəkatda təşkilatlanma prosesi necədir, toplaşırsınızmı, ofisiniz varmı?
- Demək olar ki, toplaşırıq və hərəkatımız fəaliyyətdədir.

- Rayonlarda yerli təşkilatlarınız varmı?
-Rayon şöbələrimiz yoxdur. Biz əsasən Bakı və Bakı ətrafı kəndlərdə fəaliyyətimizi aparırıq. Əslində, hərəkatı yaradan zaman, əsasən, Bakı və ətraf kəndlərdə fəaliyyət göstərməyi nəzərdə tutmuşduq. Başqa sözlə, rayonlarda yerli qurumlarımızın olmaması haradasa normaldır.

- Hərəkatda sizdən başqa tanınmış şəxslər varmı?
- Hərəkatda o qədər də məşhur insanlar yoxdur. Amma yoldaşlarımız var.

- Siz seçkilərdə iştirak edəcəksiniz?
- Bəli, seçkilərdə iştirak etmək niyyətim var. Qərara gəlmişəm ki, namizədliyimi Yasamal rayonundan irəli sürüm. Hələlik dairə ilə bağlı qərarımı dəqiqləşdirməmişəm.

- Hərəkatın ümumilikdə neçə namizədi olacaq?
- Dörd namizədimizin olacağını düşünürəm.

- Hansısa qurumlarla əməkdaşlıq edəcəksinizmi?
- Çox güman ki, fəaliyyətimizlə uyğun gələn qurumlarla əməkdaşlıq edəcəyik. Bu da normaldır. Yox, əgər fəaliyyətimiz və düşüncələrimizlə uyğun gələn təşkilat olmasa, əməkdaşlıq da olmayacaq.

- Əməkdaşlıqla bağlı danışıqlar apardığınız təşkilatlar varmı?
- Xeyr. Hələlik belə bir şey yoxdur.

- Ancaq siz bir zamanlar Nəsir Ağayev və digər şəxslərlə əməkdaşlıq edirdiniz...
- Onların hamısı öz yerindədir, fəaliyyət göstərirlər. Yəni, biz elə bir yerdəyik.

- Siz hansı ideologiyaya söykənirsiniz?
- Biz nə soluq, nə sağıq, nə də kommunistik. Bunların heç birindən deyilik. Biz mərkəzçiyik.

- Azərbaycan iqtidarına və müxalifətinə münasibətiniz necədir?
- Azərbaycanda demək olar ki, müxalifət yoxdur. İqtidar da gördüyünüz kimi var və fəaliyyətini göstərir.

- Deyirsiniz ki, müxalifət yoxdur. Amma müxalifət partiyaları iddia edirlər ki, onlar var və hələ də güclüdürlər...
- Onların dedikləri boş söhbətdir. Onların dedikləri ciddi deyil. Bir müxalifət var, o da bizik.

- Niyə müxalifət yoxdur?
- Mən 1985-ci ildən bu yana siyasi proseslərlə maraqlanmışam. Bələd olduğum üçün deyirəm ki, əsl və təmiz müxalifət yoxdur. Bu, dəqiqdir. Təəssüflər olsun ki, yoxdur. Əslində, əvvəldən də müxalifət olmayıb. Mütəllibovu yıxanlar müxalifət idi. Normalda müxalifət hökumətin qüsurlarını deməli, yol göstərməlidir. Hakimiyyəti yıxmaq müxalifətçilik deyil.

- Sizin Araz Əlizadə, İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, Eldar Namazovla münasibətiniz necədir?
- Mənim onlara münasibətim demək olar ki, kökündən mənfidir. Mən bu adamlarla heç vaxt dostluq etməmişəm, etmək fikrim də olmayıb, bundan sonra da olmayacaq.

- Niyə?
- Çünki onların adları müxalifət olsa da, özləri müxalifət deyil. Müxalifət ölkənin, hakimiyyətin düşməni deyil, güzgüsüdür. Bunlar isə bilmirsən dostdur, yoxsa düşmən.

- Ancaq bir zamanlar Araz Əlizadə ilə dost idiniz...
- Araz Əlizadə ilə heç vaxt dostluğumuz olmayıb.

- Ancaq ikiniz də Mütəllibovu müdafiə edirdiniz...
- Mən Mütəllibou deyil, haqqı müdafiə etmişəm. Mütəllibovun yerinə Andrey olsaydı, onu da müdafiə edərdim.

- Niyə Araz Əlizadə Sizinlə bağlı heç zaman müsbət fikirlər səsləndirmir...
- Bu, aydındır.

- Yaxın Şərqdə baş verən prosesləri izləyirsinizni?
- Yaxın Şərqdə din adına baş verən proseslərdə heç bir dini fəaliyyət yoxdur. Baş verənlər dinin əleyhinədir, İslamı dünyada gözdən salmaq, nüfuzunu ləkələməkdir. Yaxın Şərqdəki qrupların heç biri islami hərəkat deyil və İslamla da yaxınlığı yoxdur. Məqsəd İslama zərbə vurmaq, nüfuzdan salmaqdır. İŞİD adlanan qurumu Amerika-Avropa yaradıb. İŞİD-in başbilənlərinin simasındakı maskaları götürsək, altından ingilis, yəhudi və ya başqası çıxacaq. Orada İslam dinindən olanlar 3-5 faizdir və onların adından istifadə edirlər. İŞİD-in əvvəl-axır sonu yetişəcək. Onların qələbəsi gözlənilmir. Son nəticə onların məhvidir. Amerika, İsrail, Avropa ölkələri onlara himayədarlıq edir. Məncə, onlar üçün qələbə yoxdur.

- Yaxın Şərqdə vəhhabi qrupları yoxdur?
- Vəhhabi və İŞİD fərqli məsələlərdir. Bunlar ayrı-ayrı məqsədlərə xidmət edirlər. Vəhhabilik İslamın içində təriqət kimi yaradılıb və əsas məqsəd dini içdən dağıtmaq, parçalamaqdır. Lakin İŞİD İslam adına bağlı olan hər bir mədəniyyət obyektini kökündən məhv edir. Yəni, İŞİD adlı qurum faktiki olaraq İslam tarixi ilə bağlı qədim və tarixi abidələri məhv edir, dağıdır. İslam abidələrini məhz islam adına ortaya çıxan İŞİD məhv edir. Mən də ona görə deyirəm ki, bunların başında duran, onlara istiqamət verən müsəlman deyil. Bu, dəqiq belədir. Çünki müsəlman olan, lakin mömin olmayan insan belə, tarixi abidələri məhv etməz. Ancaq İŞİD bunu edir. Amma əvvəl-axır İŞİD məğlub ediləcək, onun qarşısı kəsiləcək. Bu qurumun qazandığı qələbələr müvəqqətidir. Bu yolun sonunda onları məğlubiyyət gözləyir. Buna heç bir şübhəm yoxdur.

- Qardaş Türkiyədə hər gün partlayış, terror hadisələri yaşanır. Sizcə, Türkiyədə nə baş verir, niyə bu ölkədə qəfildən sabitliyi pozmaq üçün hərəkətə keçildi?
- Türkiyədə baş verən olayları diqqətlə izləyirəm. Hesab edirəm ki, Amerika Türkiyəni oyuna salıb. Başqa sözlə, Amerika Türkiyəni qaynatmaq istəyir. İndi baş verənlər bunu deməyə əsas yaradır. Vəziyyət bundan ibarətdir. Türkiyəni bu formada qaynatmağın məqsədi qardaş ölkəni zəiflətməkdir. Türkiyə güclü dövlət idi, elə indi də güclüdür. Sadəcə olaraq Türkiyəni daxildən intriqalara çəkməklə onu zəiflətmək, gücünü azaltmaq istəyirlər.

- İŞİD haqqında fikirləriniz aydındır. Bəs, PKK haqqında nə deyə bilərsiniz?
- Terrorçuluqla məşğul olan istənilən şəxsin milləti və Vətəni yoxdur. Ona münasibət birmənalıdır. İstər PKK, istərsə də İŞİD olsun. Terror, işgəncə, adam qətl edildiyi yerdə ədalət yoxdur. Burada biz bəşəriyyətin düşməni haqqında danışa bilərik. Ümid edirik ki, Türkiyə nə parçalanar, nə də dağılar. Türkiyə özünü cəmləyib bu hadisələrdən çıxa və nəticə ortaya qoyar. Türkiyə bizim qardaşımız, güclü dövlətdir. Bizim bu ölkəyə münasibətimiz birmənalıdır. Türkiyə güclü olaraq da qalsın.

- Son zamanlar İranla-Amerika arasında razılıq əldə edilib, tərəflər anlaşıblar. Bu haqda nə düşünürsünüz?
- 1979-cu ildən sonra bu iki dövlət arasında münasibətlər çox gərgin olub. Hesab edirəm ki, son aylar bu iki ölkə arasında ciddi proses baş verməyib. Sadəcə olaraq ABŞ gördü ki, sanksiyalar tətbiq etməklə İranla mübarizə aparmaq, onu məğlub etmək mümkün deyil. İran dəyanətli dövlətdir, iqtisadiyyatına fikir verir, özünü qoruyan ölkədir, üstəlik 4 min illik dövlətçilik ənənəsi var. Əlbəttə, gördülər ki, sanksiya ilə İrana təsir edə bilmirlər, odur ki, danışıqlara gedildi, razılıq əldə olundu. Amma bu münasibətlər uzunömürlü olmayacaq. Bu, bir müddətlik anlaşmadır. Amerika istədiyini əldə edə bilməyəndən sonra yenə əvvəlki mövqeyinə dönəcək. İran ABŞ-ın istədiyini heç zaman ona verməyəcək. Ona görə deyirəm ki, indiki razılaşmanın ömrü uzun olmayacaq.

- ABŞ İrandan nə istəyir ki?
- Amerika istəyir ki, İran hərbi silahlar istehsal etməsin, nüvə silahı yaratmasın, atom ölkəsinə çevrilməsin. Başqa sözlə, İran güclü ölkələr siyahısına düşməsin. Əlbəttə, burada neft faktoru da var. Dünyada neftin qiyməti düşür. İnanmıram ki, Amerika İran nefti məsələsində istədiyini əldə etsin. İran heç zaman neftini Amerikaya verməz.

- İndi regionda yaranan durumu necə şərh edərsiniz?
- Məşhur bir misal var: uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Hesab edirəm ki, Azərbaycan öz ərazisini sahmana salması, dövləti gücləndirmək üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır. İran və Türkiyə ilə münasibətlər öz axarı ilə getməlidir. Lakin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq hər zaman vacibdir. Hələ Rusiya bundan da böyük olacaq. Biz də çalışıb bu dövlətlə yüksək səviyyəli münasibətlər qurmalıyıq.

- Ancaq AXCP və Müsavat, eləcə də, digər kiçik partiyalar dediynizin əksini iddia edirlər...
- Onlar hər zaman olduğu kimi, indi də səhvə yol verirlər. Onların səhvi ucbatından Qarabağ gedib. Onların bu hərəkətləri davam etsə, Azərbaycanın yarısı gedər. Onlar elə 25 ildir siyasətdədirlər, çoxdan getməli idilər. Özləri də apardıqları siyasətin düzgün olmadığının fərqindədirlər. Onların kursu səhvdir. Gəminin də kursu səhv olanda ya dağa çırpılar, ya da burulğana düşər. İndi bunların yolu ya dağa çırpılmaqdı, ya da burulğana düşməkdir. Bunlar harasa bağlıdırlar, kimlərdənsə maliyyə alırlar, müstəqil deyillər.

Nemət


Müəllif:

Oxşar xəbərlər